VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Uşaqlara sosial mediadan təhlükəsiz istifadəni necə öyrətmək?

Əksər yeniyetmələr və həmçinin daha kiçik yaşlı uşaqlar hansısa formada sosial mediadan istifadə edirlər və sosial şəbəkələrdə profilə də malikdirlər. Çoxları isə hər gün hansısa sosial media saytlarını ziyarət edir. Sosial media haqqında deyilə biləcək pozitiv məqamlar az deyil. Lakin, sosial mediadan istifadə eyni zamanda bir çox risklərlə müşayiət olunur ki, uşaq və yeniyetmələr onlardan uzaq olmağa çalışmalıdır. Onlar sosial media saytlarına hər hansı məlumat (foto, mətn, digərinin yazısın paylaşımı və s.) yerləşdirəndə, heç də həmişə yaxşı seçim etmirlər və bu, ciddi problemlərə səbəb ola bilir. Sosial mediada düzgün və sağlam balansı tapmaqda onlara kömək etmək üçün, sosial mediadan ağıllı istifadə üsullarına dair onlarla mütəmadi söhbətlərin aparılması vacibdir.

Sosial Media ilə bağlı yaxşı olanlar nədir?

Sosial media uşaq və yeniyetmələrə aşağıdakı məqamlarda kömək edə bilər:

  • dostlar və ailə üzvləri ilə əlaqə qurmaq və saxlamaq,
  • müxtəlif ictimai kampaniyalarda, könüllü xeyriyyə təşkilatlarının fəaliyyətlərində iştirak etmək, könüllü olmaq,
  • ideyaları, musiqi və incəsənətlə bağlı paylaşaraq fikir və təcrübələrini bölüşməklə, yaradıcılıq qabiliyyətlərini gücləndirmək və təşviq etmək,
  • oxşar maraqları olan uşaqlarla tanış olmaq və ünsiyyət qurmaq,
  • müəllimlər və məktəb yoldaşları ilə ünsiyyət saxlamaq, 
  • sağlamlıqla bağlı məlumatlara çıxış əldə etmək, 
  • ətrafda baş verən hadisələr və ya tədbirlər barədə məlumat əldə etmək və ya bölüşmək. 

Sosial medianın pis cəhətləri nədir?

Yaxşı tərəfləri ilə yanaşı, medalın digər üzü də var. Belə ki, sosial media eyni zamanda potensial zərərli və ya şübhəli fəaliyyətlərin mərkəzi də ola bilər.

Kiber-zorakılıq və ya virtual məkanda qısnama.

Kiber-zorakılıq hallarında internet məkanda uşaqlar özlərinə qarşı kobud və alçaldıcı rəftarla üzləşə bilər, onlara lağ edilə və ya təzyiq göstərilə bilər. Əslində, kiber-zorakılıq yeniyetmələrin virtual məkanda ən çox üzləşdikləri təhdid və ya riskdir. Kiber-zorakılıq və ya virtual məkanda qısnama tez-tez uşaq və yeniyetmələrdə (həm zorakılıq edən, həm də bu hərəkətlərin qurbanlarında) depressiya, tənhalıq hissi yarada və hətta intihara cəhdlərə səbəb ola bilər.

Məxfilik və Təhlükəsizlik.

Uşaqlar da məxfilik və təhlükəsizlik haqqında məlumatlı olmalıdır. Bilməyərək, uşaqlar çox zaman virtual məkanda paylaşılması məqsədəmüvafiq olmayan məlumatları paylaşa bilər. Bir çox uşaq öz şəkillərini internetdə yerləşdirir və ya profillərində əsl adlarından istifadə edir. Onlar diqqət etmədən, həmçinin doğum tarixlərini və xobbilərini açıqlaya, ya da oxuduqları məktəbin nömrəsi və ya ünvanını açıqlaya bilər, yaşadıqları şəhəri və ünvanı da qeyd edə bilər.

Bu cür məlumatların açıqlanması onları tanıdıqları və ya tanımadıkları şəxslərin, habelə internet məkanda olan kriminal qrupların potensial hədəfinə çevirə bilər. Əslində, bütün ölkələrdə aparılmış araşdırmalara görə, uşaqların bir çoxu virtual məkanda tanımadıqları şəxslər ilə təmasa girdiklərini və onlar tərəfindən qorxudulduqlarını və ya təhdid olunduqlarını bildirib. 

Uşaqlar həmçinin yalnışlıq edərək, internetdə tanış olduqları biri ilə fiziki olaraq görüşməyə razılıq verə bilər ki, bu cür halların bir çoxu ağır fəsadlarla nəticələnə bilir. Sosial mediada canlı olaraq (onlayn) şəkillər yerləşdirən uşaqlar bilməlidir ki, hazırda mövcud olan kompüter proqramları yerləşdirilmiş şəkillər vasitəsilə onların anında harada olduqlarını müəyyən etməyə imkan verir. Beləliklə, onlara zərər vermək istəyən şəxslər həmin şəkilləri izləməklə, onların bu dəqiqə harada oldquqları təyin edə bilər.

Reputasiya üçün risklər.

İnternetdə yerləşdirilən fotoşəkillər, videolar və ya yazılan şərhlər adətən göndərildikdən və ya yerləşdirildikdən sonra ya silindir, ya da geri götürülə bilmir. Uşaqlar yazdıqlarının silindiyini düşünsə belə, onları İnternetdən tamamilə silmək mümkün olmaya bilər. Uyğun olmayan bir fotoşəkilin yerləşdirilməsi reputasiyaya xələl gətirə və illər sonra problemlərə səbəb ola bilər. Məsələn, potensial işəgötürən şirkət və ya universitet tərəfindən sosial mediada yeniyetmənin profilinə baxaraq, xoşagəlməz şəkillər və ya şərhləri görə bilər.

Psixi sağlamlığa təsirlər.

Sosial mediada çox vaxt keçirmək psixi sağlamlığa mənfi təsir göstərə bilər. Uşaqların əhval-ruhiyyəsinə həm sosial mediada nə qədər vaxt keçirməsi təsir göstərir, həm də ondan necə istifadə edildiyi. Belə ki, başqalarının nə qədər "dostunun" olduğunu və onların əyləndiklərini əks etdirən şəkilləri görmək uşaqlarda qıcqanclığa, özünə güvənin azalmasına səbəb ola və ya tənhalıq hissiyatı və ümumiyyətlə pis təəssürat yarada bilər. 

Uşaqlara uyğun olmayan məzmun.

Uşaqlar yaşlarına uyğun olmayan onlayn reklamlar və ya məzmunla qarşılaşa bilər. Bu, müəyyən sosial media saytlarına daxil olmaq üçün yaşları haqqında yalan məlumat verən uşaqlar üçün xüsusilə doğrudur.

Vaxt itkisi.

Uşaqlar bəzən sosial mediada o qədər çox vaxt keçirirlər ki, gün ərzində ev tapşırıqlarını yerinə yetirmək, oxumaq, idmanla məşğul olmaq, normal yuxu yatmaq, ailə üzvləri və dostları ilə mənalı vaxt keçirmək və ya açıq havada əylənmək üçün kifayət qədər vaxtları qalmır.

Valideynlər nə edə bilər?

Övladlarınızın internetdə nə etdiyini bilmək vacibdir. Lakin, gizlincə onların internetdəki (sosial mediada) aktivliyini izləmək, onları sizdən uzaqlaşdıra və  aranızda olan inamı sarsıda bilər. Əsas odur ki, uşaqlarınızın özəl həyatına hörmət etdiyinizi onlara nümayiş etdirin, lakin eyni zamanda onların təhlükəsiz olduğundan əmin olmaq istədiyinizi də açıqlayın.

Uşaqlarınıza aşağıdakıların vacib olduğunu bildirin:

  • Nəzakətli olmaq. Kobud və ya alçaldıcı davranışın yaxşı olmadığını və yolverilməz olduğunu izah edin. Başqalarına nəzakətlə və anlayışla yanaşmalarını və digərlərinə qarşı heç vaxt təhqiredici və ya utancverici mesajlar yazmayacaqlarını onlardan gözlədiyinizi bildirin. Eyni zamanda, onlara qarşı başqalarının yazdığı və ya göndərdiyi hər hansı təhqiredici və ya alçaldıcı, utancverici mesajlar barədə sizə məlumat vermələrini də xahiş edin.
  • “Göndər" düyməsini (ingilis dilində “Enter”) basmazdan öncə düşünmək. Uşaqlara xatırladın ki, onların göndərdikləri mesajlar hər zaman onlara qarşı istifadə edilə bilər. Məsələn, bütün dünyaya tətilə getdiyinizi bildirmək və ya ev ünvanınızı yazmaqla, kriminal qruplara “mənim evimə girin və oğurluq edin” mesajı verməyə bənzəyir. Uşaqlar həmçinin dostları və ya rəfiqələri ilə birgə görüşdükləri yerlər və “partilər”in ünvanlarına dair məlumatları internetdə paylaşmamalıdır. Həmçinin, şəxsi telefon nömrələrini də sosial mediada paylaşmaq məqsədəmüvafiq deyil.
  • “Nənəm belə yerdə nə deyər?” qaydasına riayət etmək. Uşaqlara izah edin ki, müəllimlərinin, sinif yoldaşlarının, gələcək tələbə yoldaşlarının, sizin, gələcək iş yerlərindəki müdirlərinin və nənə-babalarının görmək istəmədikləri mesajları paylaşmasınlar.
  • Məxfilik parametrlərindən istifadə etmək. Məxfilik parametrlərini düzgün müəyyən etmək vacibdir. Bunu daha yaxşı qavradıqlarına əmin olmaq üçün sosial media saytlarında məxfilik parametrlərini uşaqlarınızla birgə nəzərdən keçirin. Həmçinin, parolların onları şəxsi məlumatların oğurluğundan qorumaq üçün nəzərdə tutulduğunu ətraflı izah edin və misallar gətirin. İzah edin ki, parollarını tez-tez dəyişməli və parollarını heç vaxt heç kimlə, hətta sevdikləri biriləri ilə, rəfiqələri ilə və ya ən yaxşı dostları ilə belə paylaşmamalıdırlar.
  • Tanımadıqları adamlarla "dostluq" etməmək. "Onları tanımırsansa, dostluq etmə" qaydası ən yaxşı yanaşmadır, həm sadə, həm də təhlükəsiz bir qaydadır. Onlara bildirin ki, tanıdıkları doğru dostlarını sosial mediada izləyən uşaqlar, tanımadıqları yad adamları izləyənlərdən daha çox xoşbəxtdirlər.

Razılaşma əldə edin.

Övladlarınızla "sosial media razılaşması” əldə edin. İdeal olaraq, onların və sizin imzalaya biləcəyiniz əsl müqavilə sənədi tərtib edin və imzalatdırın. Burada onlar öz məxfiliklərini qorumağa, daim reputasiyaları və nüfuzlarını nəzərə alacaqlarına və şəxsi məlumatları heç kimlə paylaşmayacaqlarına söz vermiş olur. Onlar həmçinin söz verirlər ki, informasiya texnologiyalarından istifadə edərkən təhdid, zorakılıq və ya dedi-qodu yolu ilə başqalarına zərər verməyəcəklər.

Valideynlər həmçinin sosial mediadan istifadə müddətinə məhdudiyyətlər qoymaqla uşaqları real dünyada saxlamağa kömək edə bilər. 

Kompüterləri evdə hamının çıxışı olduğu yerlərdə yerləşdirin, yataq otaqlarında noutbuk və smartfonlardan istifadədən çəkinin və kompüter texnologiyalarından istifadə ilə bağlı bəzi qaydaları müəyyən edin və onlara riayət olunmanı təmin edin (məsələn, nahar zamanı  heç bir cihazdan istifadə etməmə).

Unutmayın: Virtual məkandakı davranışınızla yaxşı nümunə göstərmək, uşaqlarınızın sosial mediadan təhlükəsiz və məsuliyyətli tərzdə istifadə etməsinə kömək etmək üçün ən uzaqgörən addımdır.