UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Qızılca, məxmərək, parotit, difteriya, göyöskürək

Qızılca

Qızılca - kəskin yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. İnfeksiya mənbəyi xəstə insandır. Xəstəliyin əlamətləri - bədən hərarətinin yüksəlməsi, zökəm, gözün selikli qişasının iltihabı, işıqdan qorxma, mərhələli səpkilərin əmələ gəlməsi və s. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə ağırlaşmalar (pnevmoniya, meningit, ensefalit və s.) baş verir.

Məxmərək

Məxmərək-yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. Xəstəliyin əlamətləri-ümumi zəiflik, normadan bir qədər yuxarı qızdırma, başağrısı, boyunarxası limfa düyünlərinin böyüməsi, səpgilərin əmələ gəlməsi və s. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə fəsadlar (artritlər, oynaqlarda ağrılar, ensefalit, qanın laxtalanması ilə bağlı problemlər və s.) baş verir. Hamilə qadının məxmərəyə yoluxması hamiləliyin pozulması ilə nəticələnə bilər.

Yoluxucu xəstəliklərin başlıca profilaktika yolu peyvənddir!

Epidemik parotit

Epidemik parotit-yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. Xəstəliyin ən xarakterik əlaməti - qulaqdibi tüpürcək vəzilərinin şişkinliyidir. Digər əlamətlər çeynəmə və udqunma zamanı ağrı, ümumi halsızlıq, oğlanlarda xayaların, qızlarda yumurtalıqların ağrılı və həssas olmasıdır. Epidemik parotit xəstəliyi nadir, lakin ciddi ağırlaşmalara səbəb ola bilər. Kişilərdə və yeniyetmə oğlanlarda bu ağırlaşmadan bəzən sonsuzluqla nəticələnən xayaların bir və yaxud ikitərəfli iltihabını (orxit) qeyd etmək olar. Patoloji prosesə mədəaltı vəzi cəlb olunduqda, şəkərli diabetin inkişafı ilə ağırlaşma müşahidə oluna bilər.

Qızılcanın, epidemik parotitin və məxmərəyin profilaktikası

Qızılca, epidemik parotit və məxmərək əleyhinə peyvənd bu xəstəliklərin profilaktikasının ən uğurlu üsuludur. Uşaqları qızılca-parotit-məxmərək (QPM) əleyhinə vaksinlə ( 3 (üç)infeksiyaya qarşı) peyvənd təqviminə uyğun olaraq, uşaqlara 12 aylığında, 2-ci dozası isə 6 yaşında vurulur.

Peyvəndlərin məhz vaxtında və bütövlükdə aparılması uşaqların sağlamlığını qoruyur!

Difteriya

Difteriya - hava - damcı yolu ilə yayılan kəskin yoluxucu xəstəlikdir. İnfeksiya mənbəyi xəstələr və bakteriya gəzdirciləridir. Xəstəliyin əlamətləri boğaz ağrısı, boğazda qızartı, narahatlıq, hərarətin bir qədər yüksəlməsi, 2-3 gün ərzində udlaq badamcıqlarının əmələ gəlməsi, boyun limfa vəzilərinin bir qədər böyüməsi, onun nahiyəsinin şişməsi, burundan serroz-qanlı möhtəviyyatın ifraz olunması və s. Xəstəliyin ilk günlərində difteriyalı xəstədə ürək ritmini pozan və ürək çatışmazlığına səbəb olan miokardit inkişaf edə bilər. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə digər fəsadlar da baş verir. Difteriyanın ağır forması zamanı udlaqda inkişaf edən ödem (şişkinlik) tənəffüs yollarını tutur və yaranan asfiksiya (boğulma) nəticəsində ölüm baş verir.

Göyöskürək

Göyöskürək- tənəffüs yolunun yoluxucu xəstəliyidir, hava-damcı yolu ilə çox asan yayılır. Belə xəstələrdə 4-8 həftə davam edən “hürücü” öskürək müşahidə edilir. Xəstəlik ən çox 1 yaşa qədər uşaqlar üçün təhlükəlidir. İlk olaraq, uşaqda adi soyuqdəymə əlamətləri müşahidə olunur, tədricən isə davamlı (əsasən gecə saatlarında müşahidə olunan) öskürək tutmaları başlayır . Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə fəsadlar qeydə alınır. Onlardan ən yaylmış və ölümlə nəticələnən fəsad - bakterial pnevmoniyadır. Bundan əlavə, qıcolmalar və qısamüddətli bayılma da baş verə bilər.