UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Breketlər

Bəzi uşaqlar breket taxmağı səbirsizliklə gözləyirlər. Digərləri bunun necə olacağı və ya breketlərdə necə görünəcəyi ilə bağlı bir az rahatsız olurlar. Dişlərinizi düzəldən və təbəssümünüzü gözəlləşdirən breketlər haqqında daha çox məlumat əldə etmək faydalıdır.

Uşaqlara breketlər niyə lazım olur?

Uşaqların bir çoxunda dişlər heç də mükəmməl deyil. Ona görə də, dişlərinizin görünüşündən tam razı deyilsinizsə, buna üzülməyin. Sinif yoldaşlarınızın çoxunda oxşar problemlər var. Onların da çoxunda dişlər düz deyil. Ümumiyyətlə, bəzən dişlər bərabər böyümür.

Dişləriniz əyri ola bilər və ya üst və alt çənələriniz eyni ölçüdə olmaya bilər. Əgər yuxarı çənəniz alt çənənizdən böyükdürsə və ya tərsinə, alt çənəniz yuxarı çənənizdən böyükdürsə, bunlar yalnış dişləm növləridir (dişlərin bir-birinin üstünə düşməməsi).

Hər ikisi həmçinin malokklyuziya da adlanır ki, latın dilindən bu “pis dişləmə" mənasını verir. Malokklyuziya əslində ağzınızın formasını təsvir etmək üçün diş həkimlərinin istifadə etdikləri bir termindir.

Diş həkiminiz adi müayinələr zamanı bu problemlərdən birini görə və ortodontistə müraciət etməyinizi tövsiyə edə bilər. Ortodontistlər sizin breketlərə ehtiyacınızın olub olmadığını müəyyən edə bilər.

Breketlər necə olur?

Əksər breketlər, digər uşaqlarda gördüyünüz kimi, metaldan olur. Ancaq bəzi breketlər şəffaf və ya dişlərinizlə eyni rəngdədir. Hətta dişlərinizin arxasına keçən breketlər də var ki, taxıldıqda onları heç kim görə bilmir.

Günümüzdə istifadə edilən breketlər daha yaxşı və daha kiçik naqillərdən düzəlir. Onlar dişlərinizi daha sürətli və asan düzləşdirən materialdan hazırlanır. Breketlərlə yanaşı istifadə edilən rezin bantlar müxtəlif rənglərdə olur. Beləliklə, Yeni İl üçün ağ və qırmızı rəngli rezinlər, Novruz bayramı üçün çəhrayi və ya bənövşəyi rənglərdə olan rezin bantlar taxa bilərsiniz!

Breketlər necə işləyir?

Breketlər dişlərə sabit təzyiq göstərərək və müəyyən bir müddət yerində qalaraq onları düzəldir. Əksər uşaqlarda dişlərə təzyiq göstərmək üçün metal naqilli breketlər və rezin bantların müntəzəm taxılması yetərlidir. Breketlərdə olan naqillər dişlərinizi hərəkət etdirməyə kömək edir və rezin bantlar dişlərinizin düzgün düzülməsini təmin edir.

Müxtəlif uşaqlarda breketlərdən istifadə müddəti fərqli olur, lakin əksər hallarda onlar təxminən 2 il taxılır. Breketlər çıxarıldıqdan sonra dişlərinizə xüsusi qulluq tələb olunur. Metal naqilli, kiçik, sərt plastikdən hazırlanmış ağız qoruyucusu (reteyner) lazım ola bilər. Ağız qoruyucuları (reteyner, kappalar) dişlərinizin əvvəlki problemli vəziyyətə qayıtmamasının qarşısını almaq üçündür. Bu növ ağız qoruyucusu məhz sizin düzəlmiş dişlərinizə uyğun olaraq xüsusilə hazırlanır.

Ağız qoruyucusu (reteyner, kappa) hazırlandıqda, ortodontist sizə onu hansı vaxtlarda və hansı müddət taxacağınızı deyəcəkdir. Bəzi hallarda ağız qoruyucusu 2 il ərzində bütün günü və gecə taxılır; bəzən isə ilk 6 ay ərzində yalnız gecələr taxılır; və ya bir gündən bir yalnız gecələr taxıla bilər. Ağız qoruyucusunun (reteyner, kappa) taxılma müddəti sizin dişlərinizdən asılıdır.

Breketlərə sahib olmaq necədir?

Breketlər qida parçaları üçün maqnit rolunu oynayır, ona görə də breketdən istifadə etdiyiniz müddətdə dişlərinizi xüsusilə təmiz saxlamalısınız. Yeməkdən sonra dişlərinizi fırçalamalı və breketlərinizdə ilişib qalan qida hissəciklərini daim xaric etməyə çalışmalısınız.

Ortodontistiniz həmçinin breketləri və onların ətrafını təmizləmək üçün xüsusi diş ipindən istifadə etməyinizi tövsiyə edə bilər.

Breketlər olan zaman hər hansı xüsusi pəhrizə ehtiyac yoxdur. Lakin breketlər üçün problem yaradan qidalardan uzaq durmaq məsləhətdir.  Popkorn, bərk və yapışqan konfetlər, xüsusən də saqqızda uzaq durmaq tövsiyə olunur. Şirinləşdirilmiş qazlı içəcəklər və şirələr də problem yarada bilər, çünki şəkər dişlərinizdə qalır və diş çürüməsinə (kariyesə) səbəb ola bilər. Bu növ içəcəkləri içirsinizsə, daha sonra dişlərinizi fırçalamağı unutmayın.

Breketlər dişlərinizə təzyiq göstərdiyinə ağrıya səbəb ola bilər. Xüsusilə də, həkim-ortodont tərəfindən müvafiq tənzimləmələr aparıldıqdan sonra ağrılar yarana bilər. Bu zaman validenlərinizdən sizə ağrıkəsici dərman vermələrini xahiş edirn. Yumşaq, sərin qidalar yemək də ağrının azaldılmasına kömək edə bilər.

Əgər breketin naqili və ya başqa bir hissəsi qoparsa və ya dodağınıza, dilinizə və ya damağınıza iti bir parça batırsa, onu düzəltmək üçün dərhal həkim-ortodonta müraciət etmək lazımdır. Əgər ortodont problem tapa bilmirsə, onlar sizə bir az yumşaq mum verə bilər ki, sizi narahat edən breketin hissəsinə yapışdıra biləsiniz. Bundan sonra adətən breketin həmin hissəsi daha narahatçılıq yaratmayacaqdır.

Beləliklə, breketlər bəzən diskomfort və ya rahatsızlıq yarada bilər, lakin bir çox uşaq onlardan istifadə edir və əksər hallarda onlardan istifadə çəkilən əziyyətə dəyir. Breketləriniz çıxarıldığı gün yeni və daha gözəl təbəssümünüzü gördükdə, buna bir daha əmin olacaqsınız!

(Yerləşdirildi: noyabr 2023)