UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Vərəm və tütünçəkmə (faktlar və təhlükələr)

Vərəm epidemiyası

Vərəm çox təhlükəli və geniş yayılmış xəstəlikdir.  Daha çox ağ ciyəri zədələyir və xəstə insandan sağlam insana hava-damcı yolu ilə keçir. Son zamanlar dünyada vərəmlə bağlı vəziyyət daha da ağırlaşıb.

  • 2,5 milyard insan vərəm çöpü ilə yoluxub.
  • 2007-ci ildə 9 milyondan çox vərəmlə xəstələnmə halları qeydə alınıb.
  • 2007-ci ildə 2 milyona yaxın insan vərəmdən ölüb. 

Tütün epidemiyası

Tütünçəkmə dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biridir və yeganə leqal istehlak malıdır ki, onun təsirinə məruz qalan hər kəsə zərər gətirə və ondan istifadə edənlərin təxminən yarısını öldürə bilər.

  • 1 milyarddan çox insan tütün çəkir.
  • Tütün istehlakı səbəbindən hər il 5 milyon insan dünyasını dəyişir.
  • Əgər lazımi tədbirlər görülməsə 2030-cu ilədək tütün epidemiyası hər il 8 milyon insanın həyatına son qoyacaq.

 Vərəmlə tütünçəkmə arasında güclü əlaqə mövcuddur!

Vərəmin inkişafı üçün şərait yaradan vacib amillərdən biri tütünçəkmədir. Həm aktiv, həm də passiv tütünçəkmə nəinki vərəmin inkişafına şərait yaradır, o həm də vərəmli xəstələrin müalicəsini çətinləşdirir, vərəmin təkrar əmələ gəlməsi riskini artırır, eləcə də vərəm xəstəliyinin gedişatını ağırlaşdırır.

DİQQƏT:

  • Sosial-iqtisadi faktorlardan asılı olmayaraq tütünçəkmə vərəmin inkişafı və vərəmdən ölüm riskini xeyli yüksəldir.
  • Ümumi vərəmlə xəstələnmə hallarının 20%-dən çoxu tütünçəkmə ilə əlaqəli ola bilər.
  • Tütünçəkmə ağ ciyərləri zədələyir və tütünçəkənləri vərəm infeksiyasına daha da həssas edir.
  • Tütünçəkmə insanın immun sistemini zəiflədir, buna görə də tütün çəkənlərin orqanizmi vərəm infeksiyası ilə mübarizə apara bilmir.
  • Tütünçəkmə vərəm əleyhinə müalicənin effektivliyini azaldır, bununla da vərəmin uzun müddət davam etməsinə və daha ağır formalarının yaranmasına səbəb olur.

  Tütünçəkmə vərəmə yoluxma riskini artırırmı?

 Tütün çəkənlərdə vərəmin gizli formasının yaranma ehtimalı tütün çəkməyənlərə nisbətən 3 dəfə çoxdur. Yoluxma riski həm də tütünçəkmənin müddətindən və miqdarından asılıdır.

 Tütünçəkmə vərəmin aktiv formasının inkişafı riskini yüksəldirmi

Tütünçəkmə vərəmin gizli formasının aktiv formaya keçməsini tütün çəkməyənlərlə müqayisədə 2-3 dəfə artırır. Həm də vərəmli xəstələr arasında ölüm riskini 6 dəfəyədək artırır. Hətta vərəm xəstəliyindən sağalan insanlarda, vərəmin aktiv formasının təkrar yaranma riski tütün çəkənlərdə 3 dəfə yüksəkdir.

Vərəmin gizli forması ilə xəstə olan insan tütün çəkirsə, nə etməli

 Tütünçəkmədən imtina etmək vərəmin aktiv formasının yaranmasından qorunmaq üçün ən yaxşı üsullardan biridir. Tütünçəkməni tərgitmək nəinki vərəm xəstəliyinin yaranma riskini azaldacaq, həm də vərəmin gizli formasının müalicəsində kömək edəcək.

 Əgər insanda vərəm xəstəliyi varsa və o, siqaret çəkirsə, nə etməli

Tütünçəkmə ciddi xəstəliklərlə və bu səbəbdən ölüm hallarının artması ilə əlaqəlidir. Əgər insana vərəm diaqnozu qoyulubsa, tütünçəkməni tərgitmək ən yaxşı addımdır.  Tütünçəkmədən imtina etməklə vərəm səbəbindən baş verən hər 5 ölüm halından birinin qarşısı alına bilər. Tütünçəkmədən imtina etdikdən sonra immun sistemində yaranan problemlərin əksəriyyəti tamamilə yox olur.

 Ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə məruz qalma vərəmə yoluxma riskini yüksəldirmi

 Ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə məruz qalma uşaqlar və böyüklər arasında vərəmə yoluxma riskini və aktiv vərəm formasının inkişafı riskini yüksəldir. Mənzildə siqaret çəkən vərəmli insanlar öz sağlamlıqlarını təhlükə altına qoymaqdan əlavə, ailələrini də vərəmə yoluxma riskinə məruz qoyurlar. Ona görə də mənzilin tütün tüstüsündən azad olması vacibdir. 

 Vərəmlə xəstələnmə riskini azaltmaq üçün tütünçəkmədən imtina etmək zəruridir.

Tütünçəkmədən imtina etmək vərəmin profilaktikasının ən vacib şərtidir.

Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Bukletdə dərc olunanlar ÜST-nin məlumatlarına əsaslanır.