UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Zorakılıqdan uzaq böyüyək

Əvvəlki yazılarımızda zorakılığın nə demək olduğunu sizə ətraflı izah etdik. İndi, gəlin zorakılıq barəsində biliklərinizi yoxlayaq və bir daha xatırlatmalar edək.

Aşağıda göstərilən misallardan hansılar zorakılıq adlandırıla bilər?

1. Uşaq təqsirkardır və valideynləri onu kəmərlə döyürlər

a) bəli, bu zorakılıqdır, b) xeyr, bu zorakılıq deyil, c) bilmirəm

2. Yuxarı sinif şagirdləri sənin cib xərcliyini əlindən alırlar.

a) bəli, bu zorakılıqdır, b) xeyr, bu zorakılıq deyil,  c) bilmirəm

3. Şagird müəllimin sualına cavab verməkdə çətinlik çəkir. Müəllim sualını bir daha təkrar edir.

a) bəli, bu zorakılıqdır, b) xeyr, bu zorakılıq deyil,  c) bilmirəm

Zorakılıq uşaqlara və böyüklərə ağrı və əzab verir. Bəzi hərəkətlər və sözlər səni incidə bilər. Bu o zaman baş verir ki, kimsə:

  • sənin üstünə qışqırır
  • səni söyür və ya təhqir edir
  • sənin heç nəyə qadir olmadığını deyir
  • səni ələ salır və ya sənə təhqiredici jestlər göstərir
  • səni saymır və ya rədd edir

Bütün bu hərəkətlər zorakılıqdır. Bu, təəssüflər olsun ki, hər bir insanla və hər hansı bir yerdə, baş verə bilər: evdə, məktəbdə, küçədə, ictimai nəqliyyatda və hətta İnternetdə.

Zorakılığı dayandırmaq mümkündür: mən, sən, dostlar, müəllimlər, valideynlər – hamımız birlikdə elə edə bilərik ki, zorakılıq getdikcə azalsın və uşaqlar zorakılıq olmayan dünyada böyüsün. Sən burada yazılanları oxuduqca zorakılıqdan xilas olmaq üçün nə etmək mümkün olduğunu öyrənəcəksən.

Sənin bədənin. Valideynlərin, babaların, nənələrin, bacıların, qardaşların, digər bizə əziz olan insanların əlindən tutmaq, onları qucaqlamaq və öpmək hamımızın xoşuna gəlir və bundan özümüzü yaxşı hiss edirik. Bir kimsə toxunmaqla bizə ağrı yetirdikdə və ya bizə qorxu, nifrət, alçalma hiss etməyə məcbur etdikdə bu, xoşumuza gəlmir. Bəzən elə hallar olur ki, bu zaman zorakılıq yoxdur, lakin biz yenə də fiziki ağrı və qorxu hiss edirik.

Emosiyalar. Hər bir insanda, o cümlədən səndə də hisslər və emosiyalar var. Bu hiss və emosiyalar mənfi və müsbət ola bilər. Yaxşı qiymət və ya hədiyyələr alanda, dostlarınla oynayanda bu, səni sevindirir və müsbət emosiya keçirirsən. Əgər hirslənirsənsə, qorxursansa və yaxud kimsə sənə hədə-qorxu gəlirsə, bu, əksinə, xoşagəlməzdir, onda mənfi emosiyalar keçirirsən. Belə hallarda insan ağlamaq istəyir, səsi titrəyir, əllərin içi tərləyir, ürək daha güclü vurur. Hirsləndiyin və ya inciklik hiss etdiyin zaman sənə sakitləşməkdə kömək ola biləcək bir neçə üsul aşağıda təklif olunur. Sənə daha çox uyğun gələnləri qeyd et:

  • şəkil çəkirəm
  • təkliyə çəkilirəm/sevdiyim yerə gedirəm
  • gündəliyimi yazıram
  • idmanla məşğul oluram
  • musiqiyə qulaq asıram
  • sevdiyim oyunu oynayıram
  • kiminləsə danışıram
  • kömək istəyirəm

Hiss və emosiyalar keçirmək normal haldır. İstər sevin, istərsə də kədərlən, hər bir halda hisslərini ifadə etməyi öyrənmək lazımdır.

Yadda saxla: hirsləndiyin zaman və hirsini bildirmək istədikdə digər insanı təhqir etməmək və ona əziyyət verməmək vacibdir. Əgər səninlə pis hadisə baş veribsə, bunu gizlin saxlama! Hətta bu barədə danışmamağı kimsə səndən tələb etsə də!..

Sənin etibar etdiyin insanlar. Onlar səni dinləyər, anlayar və hər bir problemin həllində kömək etməyə çalışarlar. İnsanlar müxtəlifdir. Onlardan bəziləri səni incidə, sənə əzab çəkdirə bilərlər. Lakin böyüklərin və uşaqların çoxu ətrafdakılara xeyirxahlıqla yanaşırlar. Onlar sənə pislik arzu etmirlər. Onlar səni müdafiə edə və qayğına qala bilərlər.

Təhlükəsizliyin 5 qaydası

Bu qaydalar sənə zorakılığın qarşısının alınmasında kömək edər:

  1. Böyüklərdən və uşaqlardan kimsə məni döymək, təhqir etmək və mənə əzab vermək istəyirsə, mən qətiyyətlə buna YOX deyirəm. Heç kimin, hətta mən hər hansı bir səhvi etdiyim halda belə, mənimlə qəddarcasına davranmaq hüququ yoxdur!
  2. Özümü təhlükədə hiss edirəmsə, bütün qüvvəmlə bərkdən qışqırıram və yaxınlıqdakı təhlükəsiz yerə qaçıram (məktəbə, evə, mağazaya, poçta və s.). Qışqırmaq və qaçmaq təhlükə halında müdafiə tədbirləridir və bundan utanmaq lazım deyil!
  3. Əgər mənimlə pis hadisə baş veribsə, etibar etdiyim böyüklərdən birinə bu haqda danışıram və ondan kömək istəyirəm. Əgər kimsə mənə toxunmaqla məndə nifrət və ağrını hissini yaratmağa səbəb olursa, bilirəm ki, mənim günahım yoxdur.
  4. Hər dəfə hara gedirəmsə, valideynlərimə və ya qayğıma qalan böyüklərə getdiyim yer, ora necə və kiminlə gedəcəyim, həmin yerlə hansı telefon nömrəsi vasitəsilə mənimlə əlaqə saxlaya biləcəkləri və nə vaxt geri dönəcəyim barədə məlumat verirəm.
  5. Mən zorakılıq tətbiq etmirəm: başqalarını döymürəm, təhqir etmirəm və alçaltmıram.

 Mənim hər növ zorakılıqdan müdafiə olunma hüququm var.

Mənim hansı hüquqlarım var? Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da  qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.

İnkişaf hüquqları – bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Bura, məsələn, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb edilmə və iştirak etmə, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir.

Müdafiə hüquqları -  bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu hüquqlar, məsələn, qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, və s. kimi məsələləri əhatə edir.

İştirak hüquqları –  bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır. Bunlar azad fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edəcək.

Yaşamaq hüquqları – bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir; həmçinin adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da bura aiddir.

Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psixoloji və cinsi təzyiqlərə məruz qalırlar.

Kömək üçün hara və kimə müraciət etmək olar? Yaşadığın kənddə/şəhərdə valideynlərindən və yaxın qohumlarından başqa, problemlərinin həllini tapmaqda sənə kömək edə biləcək mütəxəssislər və təşkilatlar var.

Bizim zorakılıqdan azad mühitdə böyümək hüququmuz var. Bizim azad, güclü və ağıllı böyümək hüququmuz var. Biz çoxlu sayda yeni və faydalı məlumatlar aldıq. İndi biz zorakılığın qarşısını necə almaq və onu necə dayandırmağı bilirik. Əgər səndə hələ də suallar qalıbsa, etibar etdiyin böyüklərlə birgə və ya aşağıda qeyd olunan təşkilatların köməyi ilə onlara cavab tapa bilərsən.

Daxili İşlər Nazirliyi: Tel.:102

Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanası:

Tel.: (012) 595-38-78, (012) 595-38-58

Uşaq Hüquqları Klinikası: Tel.: (012) 480-22-31

Gəncə Regional Uşaq Hüquqları Klinikası:

Tel.: (012) 480-22-31, (022) 265-19-86,  (088) 265-19-86

Zorakılıq və Cinayət Qurbanı olan Uşaq və Gənclər üçün Psixo-Sosial Reabilitasiya Mərkəzi: Tel.: (012) 480-38-75, (050) 349-29-48

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti:

Tel.: (012) 480-22-80, (050) 680-22-80, (051) 880-11-80