UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Vərəm – vərəm mikobakteriyaları ilə törədilən, vaxtında və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə gətirib çıxaran infeksion xəstəlikdir.
Vərəm insanın müxtəlif orqan və toxumalarını – gözləri, sümükləri, oynaqları, dərini, sidik-cinsiyyət sistemini, limfa düyünlərini, bağırsaqları və s. zədələyə bilər.
Ağciyər vərəminə isə daha çox rast gəlinir.
Vərəmə yoluxma üç halda baş verə bilər:
• öskürdükdə, asqırdıqda və söhbət etdikdə, vərəm mikobakteriyaları ifraz edən xəstə ilə uzun müddət bir yerdə olduqda
• havada mikobakteriyaların yüksək konsentrasiyası olduqda
• immunitet zəiflədikdə
Yüksək təhlükəyə məruz qalan insanlar (risk qrupları):
• ağciyər vərəminin yoluxdurucu forması olan xəstə ilə daim ünsiyyətdə olanlar
• qeyri-normal qidalanma, pis həyat şəraiti və xronik xəstəliklər nəticəsində immuniteti zəifləmiş insanlar
• insanın immunçatışmazlığı virusu (İİV) infeksiyasına yoluxanlar
• tütünçəkənlər, spirtli içkilərə aludə olanlar, narkotik istifadəçiləri, vərəm əleyhinə peyvənd olunmayanlar
Vərəm özünü necə büruzə verir?
- 3 həftədən artıq davam edən bəlğəmli öskürək
- bədən temperaturunun 1 həftə ərzində səbəbsiz yüksək olması, titrəmə
- döş qəfəsində ağrılar
- qanhayxırma (öskürəklə ayrılan bəlğəmdə qan qarışığı)
- çəkinin kəskin azalması
- iştahanın azalması
- zəiflik, tez yorulma
- fiziki gərginlik zamanı təngnəfəslik
- çox tərləmə (xüsusən gecələr)
Özünüzdə və ya yaxınlarınızda oxşar simptomlar müşahidə olunduqda, mütləq sahə həkiminizə müraciət edin! Lazım gələrsə, o, sizi həkim-ftiziatrın konsultasiyasına göndərə bilər.
Vərəmdən necə qorunmaq olar?
Hava-damcı yolu ilə ötürülən infeksiyaya yoluxmaqdan qorunmaq üçün bir neçə qaydaya əməl etmək lazımdır:
- başqasının üstünüzə öskürməsinə yol verməyin
- öskürən şəxslə uzun müddət bir yerdə qalmayın
- öskürən insan olan yerin havasını imkan daxilində tez-tez dəyişin
Yadda saxlayın! Vərəm mikobakteriyaları günəş şüalarının, yüksək temperaturun və xlor tərkibli maddələrin təsirindən tez məhv olur. Buna görə də otaqların havasını mümkün qədər tez-tez dəyişmək və orada gündə 2-3 dəfə nəm təmizləmə işləri aparmaq, ədyalları, yun və pambıq əşyaları günə vermək vacibdir.
Evdə vərəmli xəstə varsa, onun paltarlarını tez-tez günəş şüaları altına sərmək, ütüləmək və evdən kənar yerdə təmizləmək lazımdır.
Vərəmli xəstənin yaxınları və qohumları öz sağlamlıqlarını unutmamalıdırlar. Onlar ildə heç olmasa bir dəfə həkim-ftiziatra baş çəkməli, xəstəliyin simptomları yarandıqda isə həkimə təcili müraciət etməlidirlər.
Bunları bilmək vacibdir:
• Vərəm xəstədən sağlam insana hava-damcı yolu ilə ötürülür.
• Vərəmi büruzə verən simptomlardan hətta biri olarsa, dərhal həkimə müraciət etmək vacibdir.
• Vərəmdən özünümüalicə yolverilməzdir.
• Vərəmdən sağalmaq mümkündür. Yalnız tibb işçisinin nəzarəti altında, vərəm əleyhinə preparatlarla müalicə aparmaqla buna nail olmaq olar.
Vərəm – hökm deyil, diaqnozdur!
“Vərəm” diaqnozundan qorxmaq və utanmaq lazım deyil.
Vaxtında tibbi yardıma müraciət və həkimin bütün göstərişlərinə əməl etsəniz, bu xəstəliyə qalib gələ bilərsiniz!