UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Zorakılıqdan uzaq yeniyetməlik

Zorakılıq o zaman baş verir ki, kimsə digərinə yara vurmaq (fiziki və ya mənəvi), qorxutmaq, ağrı və əzab vermək üçün ona qarşı konkret hərəkətlər edəcəyini qəsdən deyir, həmin hərəkəti edir və hədələyir. Zorakılığın bir neçə növü var: fiziki, mənəvi, cinsi. Əfsuslar olsun ki, dünyada bir çox uşaqlar və böyüklər zorakılıqdan əziyyət çəkirlər.

Fiziki zorakılıq

Fiziki zorakılıq – uşağı döydükdə, silkələdikdə, saçından və ya qulağından dartdıqda, itələdikdə, onu fiziki gücündən və imkanlarından ağır olan işə məcbur etdikdə meydana çıxır. Daha başqa yollarla fiziki əzabların verilməsi də həmçinin fiziki zorakılıqdır. Bəzən valideynlər və ya digər böyüklər onlara qulaq asmadığımız, onlarla kobud danışdığımız və ya özümüzü pis apardığımız üçün bizi döyürlər. Daha yaxşı olmaq üçün fiziki cəzalar bizə kömək edirmi? Fiziki cəzalar yaxşı tərbiyə üsulu deyil. Döyüldüyümüz zaman biz öz hərəkətimiz haqqında deyil, növbəti dəfə cəzadan necə qurtarmaq haqqında düşünürük. Hər bir münaqişəni fiziki zorakılıq tətbiq etmədən həll etmək olar!

Mənəvi zorakılıq

Mənəvi zorakılıq uşağa pis və acı sözlər dedikdə, onu alçaltdıqda, təhqir etdikdə, uşağa hədə-qorxu gəldikdə, ona əhəmiyyət vermədikdə və tələblərinə məhəl qoymadıqda meydana çıxır.

Yaşıdlar arasında zorakılıq

Uşaqların çoxu (xüsusən də yeniyetmələr) yumruqlarının köməyilə konfliktləri həll etməyə çalışırlar. Digərləri öz yaşıdlarına sataşır və onları təhqiredici ləqəblərlə söyürlər. Çox vaxt yeniyetmələr öz liderləri olan qruplarda birləşirlər. Onlar öz qurbanını seçirlər və bu onların hücumları üçün hədəfə çevrilir.

Cinsi zorakılıq

Səhv fikir! Mənə elə gəlir ki, böyüklərə etibar etməmək nankorluqdur. Valideynlərim mənə böyüklərə hər zaman hörmət etməyi və onların dedilərini yerinə yetirməyi öyrədiblər.

Doğru fikir! Bu düzgündür, lakin əgər böyük yaşlı adam qorxu və nifrət doğuran bir hərəkət edirsə və müəyyən işlər barədə heç kimə danışmamağı səndən xahiş edirsə, ehtimal ki, söhbət cinsi zorakılıqdan gedir.

Əgər xoşagəlməz vəziyyətə düşmüsənsə sənin bunu sirr olaraq saxlamağın lazım deyil. Hətta kimsə səndən bunu gizli saxlamağı tələb edirsə belə. Yadda saxla ki, nə baş versə də sən tək deyilsən və etibar etdiyin insanlara müraciət edə bilərsən.

Düşün: öz problemlərinin haqqında kiminlə danışa bilərsən? Kim sənə kömək edə bilər? Ana, ata, bacı/qardaş, nənə/baba, xala/bibi, müəllim, ailənin dostları, dayı/əmi və ya digərləri. Öz problemlərin barədə danışa biləcəyin insanlarla bölüş. Bu şəxslər sənə yaxın, doğma və etibarlı insanlardır. Onlar səni dinləyər, anlayar və probleminin həllini tapmaqda sənə kömək edərlər.

Köməyi necə istəməli?

Səhv fikir! Öz problemlərim barədə böyüklərlə danışmağa çox vaxt cəsarətim çatmır. Məni anlayacaqlarına əmin deyiləm. Yaşıdlarımdan birinə müraciət etməyim daha yaxşıdır.

Doğru fikir! Səni anlayıram. Lakin bəzən çətin hallarda böyük yaşda insanın kömək göstərmək üçün imkanı daha çox olur. Həmin şəxs məhz etibar etdiyin, doğman, yaxının, qohumun olmalıdır.

Kömək məqsədilə böyüklərə müxtəlif cür müraciət etmək olar:  görüşərək və ya telefonla danışaraq, məktub yazaraq və ya kömək üçün böyüklərdən birinin yanına getdikdə dostundan səninlə birgə getməyi xahiş edərək. Kömək istəmək heç vaxt gec deyil. Sənə vacib olan köməyi göstərəcək insanı tapana qədər bir neçə nəfərə müraciət edə bilərsən.

Təhlükəsizliyin 5 qaydası

1. Təhlükə halında mən qışqırıram, hündür səslə köməyə çağırıram və yaxınlıqdakı təhlükəsiz yerə qaçıram. Belə hallarda qışqırmaq və  qaçmaq müdafiə tədbirləridir və bundan utanmaq lazım deyil!

2. Mənə qarşı kimsə zorakılıq tətbiq etdikdə qətiyyətlə və layiqincə məni təhqir etməyə, söyməyə və döyməyə yol verməyəcəyimi söyləyirəm.

3. Qayğıma qalan valideynlərimin və ya böyüklərin icazəsi olmadan heç bir hədiyyə, təklif və ya dəvət qəbul etmirəm. Nə vaxt, hara və kiminlə getdiyim barədə hər dəfə onlara məlumat verirəm.

4. Əgər təhlükədəyəmsə və ya digər uşağıpn təhlükədə olduğunuj görürəmsə, kömək üçün etibar etdiyim böyüyə müraciət edirəm.

5. Mən zorakılıq tətbiq etmirəm, başqalarını döyən və incidənləri dəstəkləmirəm.

Zorakılığın azalması üçün nə etmək olar?

Böyüklər və uşaqlar bütünlüklə daha dostcasına olmağa və konfliktləri sülh yolu ilə həll etməyə çalışsalar, evdə və məktəbdə, küçələrdə zorakılıq azalar.

Əgər uşaqlar bir-birlərinə və böyüklərə hörmətlə yanaşsalar, böyüklər isə öz növbəsində uşaqlarla etimadlı münasibət qurmağı və onları zorakılıq tətbiq etmədən tərbiyə etməyi öyrənsələr, uşaqlar zorakılıqdan daha çox müdafiə olunmuş olarlar.

Əgər zorakılığı və diskriminasiyanı qadağan edən dəqiq qaydalar qoyulsa, məktəblərdə zorakılıq azalar. Bu qaydalara həm şagirlər, həm də müəlimlər riayət etməlidirlər.