UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Yüksək qan təzyiqi və ya arterial hipertenziya nədir?

Arterial qan təzyiqi ürəkdən qovulan arterial qanın damar divarına göstərdiyi təzyiqdir. Bu təzyiq millimetr civə sütunu (mm. c.s.) ilə ölçülür və iki rəqəmlə göstərilir. Birinci rəqəm ürək yığıldığı anın göstəricisidir və sistolik təzyiq adlanır, ikinci isə ürək boşaldığı anın göstəricisidir və diastolik təzyiq adlanır. Arterial təzyiqin (AT) normal göstəriciləri: 100-140/60-90 mm. c. s..

399

Arterial qan təzyiqinin yuxarıda verilmiş normal göstəriciləri ilə müqayisədə  yüksəyə qalxması yüksək arterial təzyiq adlanır, lakin arterial hipertoniya xəstəliyi diaqnozunun qoyulması üçün kifayət deyildir. Arterial hipertoniya hallarında sistolik AT-in >140 mm c.s. və diastolik AT-in >90 mm c.s.-dan çox olur.

Arterial hipertoniya və ya hipertenziya xəstəliyi diaqnozunun qoyulması üçün arterial təzyiqin davamlı olaraq yüksək olması tələb olunur.

Evdə və ya həkim otağında AT müxtəlif vaxtlarda, sakit şəraitdə, oturaq vəziyyətdə, manjet ürək səviyyəsində olmaqla ən azı üç dəfə ölçülməlidir və orta göstəricilər nəzərə alınmalıdır.

Qan təzyiqinin yüksəlməsi böyük risk amilidir. Müalicənin əsasını həyat tərzinin dəyişdirilməsi təşkil edir. Bunlara mütəmadi fiziki aktivlik, artıq çəkinin azaldılması, sağlam qidalanma, alkoqol istifadəsinin və tütünçəkmənin dayandırılması, duz və kofein istifadəsinin məhdudlaşdırılması daxil edilir. Həyat tərzinin dəyişdirilməsi ilə əksər xəstələrdə arterial təzyiqi normallaşdırmaq və ya aşağı salmaq mümkündür.

Lakin həyat tərzinin dəyişdirilməsi ilə yüksək arterial təzyiqin normallaşdırılması və ya davamlı aşağı salınması mümkün deyilsə, o zaman arterial təzyiqi aşağı salmaq üçün həkimin məsləhəti ilə müvafiq dərman preparatlarından istifadə etmək lazımdır.

Yüksək AT ürək–damar xəstəlikləri, insult, böyrək çatışmazlığı, həmçinin, erkən ölüm və əlilliyin əsas səbəblərindən biridir. Hipertoniya xəstəliyinin (davamlı yüksək arteriyal təzyiq) əlamətləri erkən dövrlərdə çox az hallarda aşkarlanır, xəstəlik gizli inkişaf edir. Buna görə də insanlar çox vaxt xəstəlikdən xəbərsiz olur.

Diaqnozun erkən qoyulması, effektiv müalicə və hipertoniyaya uzunmüddətli nəzarət sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan verir. Arterial hipertoniya xəstəliyi ağır əlilik və ölümlə nəticələnən bir çox daha ağır ürək-damar və beyin-damar xəstəliklərinin inkişafına səbəb olur və ya onları sürətləndirir. Bu səbəbdən arterial hipertoniyanın profilaktikası (həyat tərzinin dəyişdirilməsi ilə) və müalicəsi iqtisadi cəhətdən daha əlverişlidir. Çünki hipertoniyanın ağırlaşmalarının müalicəsi (məs., aorta–koronar şuntlama) çox baha başa gəlir. Tütünçəkmə və spirtli içkilərin qəbulu yüksək AT olan xəstələrdə ürək-damar və beyin-damar xəstəliklərinin inkişaf riskini artırmış olur. Duzun qəbulunun azaldılması yüksək AT–in profilaktikası üçün xüsusi əhəmiyyət kəsb edir. Bu risk faktorlarının aradan qaldırılması arterial hipertoniya ilə yanaşı digər bir çox ürək–damar və beyin-damar xəstəliklərinin yaranmasının qarşısının alınmasına səbəb olur.

400

Ürək – damar xəstəlikləri dünyada il ərzində təqribən 17 milyon insanın ölümünə səbəb olur ki, bu da ümumi ölüm halları arasında 3–cü yeri tutur. Bunlardan 9.4 milyonu hipertoniyanın ağırlaşması nəticəsində baş verən ölüm hallarıdır.

Hipertoniya əhalinin daha yaşlı hissəsi və düzgün həyat tərzi olmayan (qeyri–sağlam qidalanma, spirtli içkilərin qəbulu, tütünçəkmə, fiziki aktivliyin az olması, artıq çəki və piylənmə, daimi stresli vəziyyət)  insanlar arasında müşahidə olunur. AT–in ağırlaşmaları tütünçəkmə, piylənmə, xolesterinin qanda yüksək səviyyəsi və şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlarda tez-tez müşahidə olunur və həmin xəstəliklərin gedişatını ağırlaşdırır.

401

Hipertoniyanın yaranmasına təsir edən risk faktorları

Həyat tərzi ilə bağlı risk faktorları:

•  Duzlu və yağlı qidaların qəbulu

•  Qida rasionunda meyvə və tərəvəzlərin az olması və ya olmaması

•  Alkoqoldan istifadə

•  Fiziki aktivliyin az olması və ya oturaq həyat tərzi

•  Həddindən çox stresli həyat tərzi

•  Tütünçəkmə

Həyat tərzi ilə bağlı qeyd olunan risk faktorlarının təsiretmə səviyyəsi insanların harada yaşaması və işləməsi ilə sıx əlaqəlidir.

Bundan əlavə ürək xəstəlikləri, insult, böyrək çatışmazlığı və hipertoniyanın digər ağırlaşmalarına səbəb olan bir sıra metabolik risk faktorları da mövcuddur. Bunlara aşağıdakılar aiddir:

•  Şəkərli diabet

•  Qanda xolesterinin yüksək səviyyəsi

•  Artıq çəki və piylənmə.

Sosial-iqtisadi risk faktorları

Sağlamlığa təsir göstərən sosial-iqtisadi risk faktorlarına insanın gəlir səviyyəsi, təhsili, ailə vəziyyəti və yaşayış şəraiti, habelə şəhər və kənd yerində yaşaması kimi faktorlar aiddir.

Bəzi hallarda əsas rolu genetik faktor oynaya bilər. Əgər hipertoniya 40 yaşdan aşağı insanlarda müşahidə olunursa, o zaman arterial təzyiqin böyrək xəstəlikləri, endokrin pozuntular və qan-damar sisteminin xəstəlikləri ilə bağlı ikincili səbəbləri istisna edilməlidir.

Preeklampsiya – qadınlarda hamiləlik zamanı rast gəlinən yüksək arterial təzyiqdir. Doğuşdan sonra çox vaxt bu hal öz-özünə keçib gedir. Lakin bəzən preeklamsiya zamanı müşahidə olunan arterial təzyiq doğuşdan sonra da qeydə alınır və müalicəsi tələb olunur. Bu səbəbdən də hamiləlik dövründə arterial təzyiqi yüksək olan (hamiləlik dövrünün arterial hipertoniyası) qadınlar doğuşdan sonra müəyyən müddət ərzində həkim nəzarətində olmalı və onların arterial təzyiqi mütəmadi olaraq yoxlanmalıdır.

Yüksək arterial təzyiqin simptomları

İnsanların çox hissəsində hipertoniya əlamətləri tamamilə müşahidə olunmur. Hipertoniya bəzi hallarda baş ağrıları, təngnəfəslik, baş hərlənməsi, döş qəfəsində ağrılar, ürək döyüntülərinin sürətlənməsi və burundan qanaxma kimi əlamətlərlə özünü büruzə verir. Bu simptomlara biganə yanaşmaq olmaz, lakin bu simptomların olması mütləq hipertoniyanın olması deyil. Hipertoniya çox təhlükəli vəziyyətdir və həyat tərzini dəyişmənin vacib olduğunu göstərir. Bu xəstəlik “səssiz” gedərək ölümə səbəb ola bilər, buna görə də hər kəs mütləq öz AT-ni müntəzəm olaraq yoxlamalı və onu kontrol etməyə çalışmalıdır.

Hipertoniya və həyat təhlükəsi

AT–in yüksəlməsinə diqqət yetirməmək, onun qarşısını almamaq və ya müalicəsini aparmamaq, bir müddət sonra həyata təhlükəli ağırlaşmaların inkişaf etmə riskini artırır. Yüksək AT ürəyin, beyin və böyrək kimi vacib orqanların, qan damarlarının ağır dərəcədə zədələnməsinə səbəb olur. Orta ağırlıqlı hipertoniya ilə yanaşı tütünçəkmə, fiziki aktivliyin az olması, düzgün qidalanmama, piylənmə, diabet, xolesterinin yüksək səviyyəsi, aşağı sosial–iqtisadi vəziyyət və ailə anamnezində hipertoniyanın olması kimi risk faktorları olan xəstələrdə həmin zədələnmələrin inkişaf riski daha yüksək olur.

 Ailə və fərdi şəxslər

İnsanların bir hissəsində hipertoniya yaşın artması ilə bağlı olur (sağlam qocalmaya aid deyil). Hər bir böyük yaşlı insan öz AT–ni bilməlidir və həmçinin, hipertoniyadan hal–hazırda və ya keçmişdə əziyyət çəkən yaxın qohumlarının olub olmamasını aydınlaşdırmalıdır. Bu onlarda irsi hipertoniya riskinin olmasını aydınlaşdırmaq baxımından vacibdir.

Tövsiyələr

Hipertoniyanın inkişaf etmə ehtimalının qarşını almaq üçün aşağıdakılara riayət etmək lazımdır:

Sağlam qidalanma

● Uşaq və gənclərin qidalanmasına diqqət yetirməklə sağlam həyat tərzini təmin etmək

● Gündəlik duz qəbulunu 5 qrama qədər azaltmaq

● Gün ərzində 5 porsiya meyvə və tərəvəz qəbul etmək

● Qida rasionunda yağların, xüsusən doymuş və transyağların miqdarını azaltmaq

Fiziki aktivlik

● Müntəzəm fiziki aktivlik, xüsusən də uşaq və gənc yaşlı insanlarda fiziki aktivliyin təmin edilməsi. Həftədə 5 gün olmaqla gün ərzində 30 dəqiqədən az olmayaraq fiziki aktiv olmaq

● Normal bədən çəkisini saxlamaq

Tütünçəkmə

● Tütünçəkmədən imtina etmək və tütün məhsullarının təsirindən qorunmaq

Stress

● Hipertoniya xəstələri mütəmadi olaraq stress amillərinin təsirini nəzarətdə saxlamalıdır.

● Bu xəstələr öz vəziyyətlərini nəzarətdə saxlamaqda aktiv iştirak etməlidirlər:

✓   yuxarıda sadalanan sağlam həyat tərzi göstəricilərinə riayət etmək

✓   əgər mümkündürsə ev şəraitində AT- i mütamadi yoxlamaqla onu nəzarətdə saxlamaq

✓   qanda şəkərin miqdarını və xolesterinin səviyyəsini, sidikdə zülalın səviyyəsini nəzarətdə saxlamaq (laborator analizlər vasitəsilə)

   ürək–damar riskini qiymətləndirməyi bacarmaq

✓   tibbi məsləhətlərə riayət etmək

✓   AT–i aşağı salmaq üçün təyin olunan dərmanları mütəmadi istifadə etmək.