UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Əgər Siz qanınızı İİV-na görə müayinə etdirmək istəyirsinizsə, aşağıdakı İİV-diaqnostika laboratoriyalarına müraciət edin:
İİV/QİÇS haqqında bilgilərlə - İİV/QİÇS-siz sağlam gələcəyə doğru!
Hər il dekabr ayının 1-də bütün dünyada olduğu kimi Azərbaycanda da “Ümumdünya QİÇS-lə Mübarizə Günü” (World AIDS Day) qeyd olunur. İlk dəfə “Ümumdünya QİÇS-lə Mübarizə Günü” 1 Dekabr 1988-ci ildə bütün ölkələrin Səhiyyə nazirlərinin görüşündən sonra qeyd olunmuşdur. Bu görüşdə İİV/QİÇS-lə bağlı sosial dözümə və məlumat mübadiləsinin genişləndirilməsinə çağırış səslənilmişdir. Hər il 1 Dekabrda qeyd edilən Ümumdünya QİÇS-lə mübarizə günü dünyanın bütün regionlarında yayılan İİV - infeksiyası/QİÇS pandemiyası ilə mübarizə üzrə mütəşəkkil səylərin gücləndirilməsinə xidmət edir.
İİV nədir ?
İİV (İnsanın immunçatışmazlığı virusu) - İİV infeksiyası xəstəliyinin törədicisidir.
İİV infeksiyası - İİV-ə yoluxma nəticəsində immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən xronik infeksion xəstəlikdir.
QİÇS nədir?
QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromu – İİV infeksiyasının son mərhələsidir. Bu zaman insanın immun sisteminin dərin zədələnməsi nəticəsində bir sıra mikroblara və bədxassəli şişlərə qarşı orqanizmin müqaviməti azalır. Nəticədə həmin şəxslərdə müxtəlif infeksion xəstəliklər (vərəm, kandidoz, herpes) və bədxassəli şişlər (sarkoma, limfoma) inkişaf edir.
Hər bir şəxs təhlükəsizliyi naminə İİV-in ötürülmə yollarından agah olmalıdır.
İİV hansı yollarla ötürülür?
Cinsi yolla
İİV-ə yoluxmuş insan öz cinsi partnyorunu hetero-seksual (kişi ilə qadın arasında) və homoseksual (eyni cinsli insanlar arasında) qorunmamış cinsi əlaqə zamanı yoluxdura bilər.
Qan vasitəsilə ilə
İİV-ə yoluxmuş qanın köçürülməsi, dezinfeksiya edilməmiş tibb və məişət alətlərinin (iynələr, şprislər, ülgüc və diş fırçası, stomatoloji, cərrahi, manikür, tatuaj və pirsinq alətləri və s.) təkrar istifadəsi ilə virus digər insana ötürülə bilər.
Hamilə anadan uşağa
Hamiləlik zamanı, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində virus yeni doğulmuş uşağa ötürülə bilər.
Bəs İİV hansı yollarla ötürülmür?
• Nəfəslə, öskürmək və asqırmaqla;
• Əl verib görüşmək, qucaqlaşmaq və öpüşməklə;
• İctimai nəqliyyatdan istifadə zamanı;
• Ümumi hovuz, hamam və ayaqyolundan istifadə zamanı;
• Kollektiv idmanla məşğul olduqda;
• Ev və ofis əşyalarından istifadə zamanı;
• Qida və su vasitəsilə;
• Həşəratların sancması ilə.
Aşağıdakı məqamlara xüsusi diqqət yetirilməlidir
Milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insan İİV-ə yoluxa bilər!
İİV/QİÇS haqqında məlumatı olmayan, yaxud məlumatı olan, lakin fərdi qorunma qaydalarına riayət etməyən hər kəs bu infeksiyaya yoluxa bilər!
Hətta bir qorunmamış cinsi əlaqə də İİV-ə yoluxmanın səbəbi ola bilər!
Qorunmamış cinsi əlaqəyə girməyin. Cinsi əlaqə zamanı qoruyucu vasitələrdən (prezervativlərdən) istifadə edin!
Qoruyucu vasitələr yalnız İİV-dən deyil, digər cinsi yolla keçən xəstəliklərdən və arzuolunmaz hamiləlikdən də qoruya bilər!
QİÇS tam müalicə olunmur.
İİV/QİÇS haqqında məlumatlan – özünü və ailəni İİV/QİÇS-dən qoru!!!
Respublika QİÇS-lə
Mübarizə Mərkəzi
Tel.: (+99 412) 510 08 69
Faks: (+99 412) 594 73 53
E-mail: office@aids.az
www.aids.az
Məlumat telefonu:
(+99 412) 594 99 24
(hər gün 9:00-dan 18:00-dək)
QAYNAR XƏTT:
(+99 412) 408 79 74
(hər gün 9:00-dan 21:00-dək)