UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

İnsan İmmunçatışmazlığı virusu (İİV) və Hepatit B, C

İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və hepatit iyirminci əsrdə milyonlarla insanın həyatına son qoymuşdur. Bu problem bu gün də aktual olaraq qalır. Hər gün minlərlə insan İİV-ə və hepatitə yoluxma təhlükəsi ilə üzləşir. Ən təhlükəlisi odur ki, hər iki xəstəliyə eyni vaxtda tutulmaq ehtimalı çox yüksəkdir. Bilirsənmi niyə? Ona görə ki, həm İİV-in, həm də hepatit B,C-nin yoluxma və yayılma yolları demək olar ki, eynidir! Məhz bu səbəbdən İİV-ə yoluxma təhlükəsi ilə üzləşən insan çox vaxt hepatitə də yoluxa bilər. Eləcə də hepatitə yoluxma riski ilə qarşılaşan insan İİV-ə yoluxma təhlükəsi də üzləşir.

İİV-dən özünü qoru! Bil ki, bununla sən hepatit B və C-dən də qorunarsan.

İİV və hepatit  B və C-yə yoluxma yolları eynidir:

  • qan vasitəsilə
  • qanköçürmə zamanı
  • dezinfeksiya olunmamış qeyri-steril iynə və şprislərdən təkrar istifadə zamanı
  • manikür, tatuaj, pirsinq edərkən qeyri-steril ləvazimatlardan istifadə zamanı
  • istifadə olunmuş və üzərində qan qalıqları olan bərbər alətlərinin (üzqırxan, qayçı) və diş fırçalarının təkrarən istifadəsi zamanı cinsi yolla
  • qorunmamış (prezervativsiz) cinsi əlaqə zamanı
  • oral-genital kontaktlar zamanı yoluxmaq mümkündür, xüsusilə ağız boşluğunda açıq yara olduqda
  • İİV və hepatit B,C-yə yoluxmuş anadan uşağa
  • hamiləlik, doğuş və döşlə əmizdirmə zamanı

İİV və hepatit B, C ilə çox vaxt risk qruplarına aid olan insanlar yoluxurlar:

  • inyeksiyon narkotik istifadəçiləri
  • prezervativsiz cinsi əlaqə olan, həmçinin cinsi partnyorunu tez-tez dəyişən şəxslər
  • kişilərlə cinsi əlaqədə olan kişilər
  • İİV və ya hepatit B,C virusu daşıyanın cinsi partnyoru
  • pirsinq və tatuaj edənlər
  • tibb işçiləri
  • tibbi müdaxilə (hemodializ, qanköçürmə, transplantasiya proseduru, stomatoloji müayinə, cərrahi əməliyyat və s.) olunmuş şəxslər məhbuslar
  • cinsi yolla yoluxan infeksiyası (qonoreya, xlamidiya və s.) olanlar
  • İİV və hepatit B,C-nin geniş yayıldığı regionlara səyahət edən insanlar

İİV və hepatit B,C-dən necə qorunmaq olar?

Bunun üçün adi qaydalara əməl edilməlidir:

  • inyeksiya zamanı steril şpris və iynələrdən istifadə etməli
  • cinsi əlaqə zamanı prezervativdən istifadə etməli
  • şəxsi gigiyena vasitələrindən (diş fırçası, üzqırxan və manikür alətləri) fərdi qaydada istifadə etməli
  • tatuaj və pirsinq edən zaman birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərlə işləyən ustanın xidmətlərindən istifadə etməli
  • cinsi partnyorlar vaxtaşırı diaqnostik müayinədən keçməli
  • hepatit B-yə qarşı peyvənd olunmalı

Düşünülməmiş addım atmaqla çox vaxt gənclər cinsi həyata tez başlayır və infeksiyalara yoluxma təhlükəsi ilə üzləşirlər.

Yoluxmanın ilkin əlamətləri hansılardır? Xəstəliyin ilkin əlamətləri həm İİV, həm də hepatit B, C üçün eynidir: Ümumi zəiflik, halsızlıq, baş ağrıları, ürəkbulanma. Bu əlamətlər qrip və ya soyuqdəymə zamanı olan əlamətləri xatırladır. Bundan əlavə, qusma, öskürək, zökəm, temperaturun qalxması kimi əlamətlər də ola bilər.

Viruslara yoluxmaqla bağlı şübhələr narahat edirsə, nə etməli? İİV-dən və hepatitdən qorunma qaydalarına əməl etmədiyin üçün həyəcan keçirirsənsə, onda vaxt itirmədən məsləhət üçün tibb müəssisəsinə müraciət et!

İİV-lə bağlı sualın yaranarsa, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qaynar xəttinə və inam telefonuna zəng et!

QAYNAR XƏTT: (012) 408-79-74

İnam telefonu: (012) 594-99-24

Anonimliyə zəmanət verilir!

Diqqət! Erkən yaşda cinsi əlaqədə olmağa tələsmə!

Cinsi əlaqə zamanı mütləq prezervativdən istifadə et!

Bir cinsi partnyora sadiq ol!