UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Bronxial astma

Ümumi məlumat

• Astma bronxlardan ağciyərlərə havanın daxil və xaric olmasını təmin edən tənəffüs yollarının xronik xəstəliyidir.

• Astma uşaqlar arasında ən çox rast gəlinən xronik xəstəlikdir. Hal–hazırda dünyada 235 milyon insan astmadan əziyyət çəkir.                                                                                        

• Astmanın əsas risk faktoru tənəffüs yollarını qıcıqlandıran və allergik reaksiya yarada bilən havada olan hissəciklərdir.                                                                                                      

•  Astmanı dərmanlarla nəzarətdə saxlamaq mümkündür.

Uşaqlarda bronxial astma

Astma öskürək, fitverici tənəffüs, təngnəfəslik, döş qəfəsində ağrı və sıxılma hissi və tənəffüsün çətinləşməsi simptomları ilə müşayiət olunan xronik xəstəlikdir. Astmalı uşaqlarda virus infeksiyalarına (həmçinin soyuğa), fiziki aktivliyə, toza, allergiya yarada bilən qidalara və ya digər ətraf mühit amillərinə qarşı tənəffüs yollarının qıcıqlanması müşahidə olunur. Astmalı xəstələrdə simptomlar gün və ya həftə ərzində bir neçə dəfə müşahidə oluna bilər. Bəzi insanlarda tənəffüsün çətinləşməsi tutmalar şəklində fiziki aktivlik zamanı və ya gecələr baş verir. Təkrarlanan astma tutmaları yuxusuzluq, gündəlik yorğunluq, aktivliyin aşağı səviyyədə olması, həmçinin məktəbdə dərslərə davamiyyətsizlik kimi əlamətlərlə müşayiət olunur.

İnkişaf etmiş ölkələrdə astma 18 yaşa qədər uşaqların təqribən 12%-də rast gəlinən xronik xəstəlikdir və 15 yaşa qədər uşaqlar arasında oğlanlarda daha çox qeydə alınır. Astma nəticəsində ölüm halları digər xronik xəstəliklərlə müqayisədə çox aşağı səviyyədədir.

Astmanın əlamətləri

Öskürək və fitverici tənəffüs (səsli tənəffüs) – uşaqlarda astmanın əsas əlamətləridir. Əvvəl quru, daha sonra isə qatı bəlğəmli öskürək müşahidə olunur. Öskürək əsasən uşaq yatarkən və ya erkən səhər saatlarında müşahidə olunur. Öskürək fiziki hərəkətlərdən sonra və ya soyuq havanın təsirindən də yarana bilir. Fitverici tənəffüs adətən səsli olur və uşaq nəfəs verərkən kənardan eşidilir. Bəzən isə fitverici tənəffüs yalnız stetoskop (tənəffüsə qulaq asmaq üçün tibbi alət) vasitəsilə eşidilə bilər. Öskürək və fitverici tənəffüs ağciyərlərlərdə tənəffüs yollarının daralmasından asılı olaraq gün ərzində və gecə müşahidə oluna və ya kəsilə bilər.

Təngənəfəslik, döş qəfəsində sıxılma və ya təzyiq hissi və döş qəfəsində ağrı kimi əlamətlər də müşahidə oluna bilər. Öskürək və ya fitverici tənəffüsə əlavə olaraq uşaq sinəsinin və ya mədəsinin ağrıdığından şikayətlənə bilər.

Uşaqlarda astma tutmasından əvvəl astmaönü mərhələ müşahidə olunur. Bu mərhələdə uşaqda burunda tutulma, burun axma, öksürmə, dəridə qaşınan səpkilər müşahidə oluna bilər.

Körpələrdə və kiçik yaşlı uşaqlarda diaqnozun qoyulmasının çətin olmasına baxmayaraq astmanın əlamətlərinin 5 yaşdan kiçik uşaqlarda inkişaf etməsinə tez–tez rast gəlinir.

Astma ağciyərlərdə kiçik hava yollarının (bronxların) iltihablaşması və daralması nəticəsində baş verir, bu da ağciyərlərdən hava axınının xaric olmasını məhdudlaşdırır. Uşaqlarda bu daralmalar müalicə ilə bərpa oluna bilər.

412

Risk faktorları

Astmanın əsas yaranma səbəbləri tam müəyyən olunmamışdır. Bir sıra genetik, infeksion və ətraf mühit amillərinin təsiri nəticəsində astmanın yaranma ehtimalı arta bilər.

•  Ən nəzərəçarpan risk faktoru irsi (genetik) meyillilikdir. Bu, ətraf mühitdə mövcud olan, tənəffüs yollarını qıcıqlandıran və allergik reaksiya törədən hissəciklərə və maddələrə qarşı reaksiyanın irsi meyilliyinin olmasıdır. Ailə üzvlərində astma, allergiya və ya ekzema kimi tibbi problemləri olan uşaqlarda astmanın inkişaf etmə riski yüksəkdir.                                

•  Əlverişsiz ətraf mühit amilləri – soyuq hava şəraiti və ya atmosfer təzyiqinin dəyişməsi, yağış və ya külək astmanın əlamətlərinin yaranmasına səbəb ola bilər. Qatı tüstü və sərt hissəciklər də daxil olmaqla havanın çirklənməsi astmanın əlamətlərinin əmələ gəlməsinə təsir edir.                                                                                                                                        

•  Yuxarı tənəffüs yollarının infeksiyaları(“soyuqdəymə”) -  bu infeksiyalar əsasən körpələrdə və kiçik yaşlı uşaqlarda müşahidə olunur. Bu infeksiyalar rinovirus (soyuqdəymənin əsas səbəbi), respirator sinstisial virus, qrip və paraqrip virusları və digər viruslar tərəfindən törədilir.                                                                                                                 

•  Fiziki hərəkətlər – tənəffüs yollarının daralması fiziki hərəkətlərdən sonra da inkişaf edə bilər. Bu fiziki hərəkətlərdən sonra yaranan astma adlanır. Təngnəfəslik, fitverici tənəffüs və ökürək adətən fiziki aktivlikdən 5–10 dəqiqə sonra-soyuma dövründə baş verir. Bu əlamətlər 20–45 dəqiqədən sonra keçir. Üzgüçülüklə bağlı idman növləri, qaçış, konki sürmə kimi idman növləri nisbətən tənəffüs yollarını daha az qurutduğuna görə astmanın yaranmasına da daha az səbəb olur.                                                                          

•  Allergenlər və qıcıqlandırıcılar – məişət və ətraf mühit allergenləri 3 yaşa qədər uşaqlarda astmanın əsas törədicilərindəndir. Qıcıqlandırıcı və allergen amillərə aiddir: 

✓   Məişət tozu  (həmçinin gənə, tarakan, siçan ifrazatı) - ev əşyalarında - xalça, yataq ləvazimatları, mebel və oyuncaqlarda olan tozlar, evin təmizlənməsi zamanı yaranan tozlar.

✓   Heyvanlar: xüsusən it və pişik tükləri; digər xəz dərili heyvanlarla (məsələn, dovşan və s.) kontakt. Həmçinin quş tükü.

✓   Rütubətli yerlərdə olan göbələk sporları (məs., nəm yerlərdə olan penicillium göbələyi).

✓  Ağac və otların tozları. Xüsusən də bitkilərin çiçəkləməsi dövründə (aprel ayından sentyabra qədər) havada bitki tozlarının konsentrasiyasının artması nəticəsində astma tutmaları daha çox müşahidə edilir.

✓  İş yerlərində mövcud ola bilən kimyəvi qıcıqlandırıcı maddələr.

✓  Qapalı məkan çirkləndiriciləri məsələn, boya, ətir, təmizlik məhsulları, qızdırıcılar, qaz sobası, otaq havalandırıcıları.

✓  Tütün tüstüsü.

✓   Sənaye tullantıları və nəqliyyat vasitələri ilə havanın çirklənməsi.

•  Əsəb və qorxu kimi həddindən artıq emosional vəziyyətlər. 

•  Astma aspirin və digər iltihab əleyhinə preparatlar, beta–blokatorlar (hipertoniya, ürək xəstəlikləri və miqren zamanı istifadə olunur) kimi dərman vasitələrinin istifadəsi zamanı da yarana bilir.

•  Urbanizasiya (rayon və kəndlərdə yaşayan əhalinin şəhərə köçməsi, şəhərlərin genişlənməsi və s.) astmanın yaranmasına təkan verə bilər, lakin bunun təsir mexanizmi tam aydın deyil.

Yuxarıda sadalanan risk faktorları olmadan da uşaqlarda astma inkişaf edə bilər. Yəni təmiz ətraf mühitə malik ərazidə yaşayan, valideynləri tütün çəkməyən və ya ailə üzvləri arasında astma xəstəsi olmayan uşaqlarda da astmanın inkişaf etməsi istisna olunmur (buna “səbəbi məlum olmayan astma” deyirlər).

Əgər allergiya simptomları müşahidə olunursa dəri və ya qan testi ilə müayinə tövsiyə edilə bilər. Bu müayinələr allergeni təyin etməyə və onun aradan qaldırılma zəruriliyini müəyyən etməyə (məs.,allergen mənbəyini evdən uzaqlaşdırmaq, küçəyə çıxdıqda ağız və burunu örtən xüsusi maskadan istifadə) kömək ola bilər.

Simptomatikanın formaları

Xroniki astmalı uşaqlarda simptomlar müxtəlif formalarda müşahidə oluna və zaman keçdikcə dəyişə bilər:

•  Tutmalararası müddətdə heç bir simptom müşahidə olunmayan periodik astma tutmaları

•  Tutmalararası müddətdə xronik simptomların müşahidə olunması ilə təzahür edən astma tutmaları

•  Ağır və ya tez-tez baş verən tutmalar

•  Səhər güclü əlamətlərlə müşahidə olunan və gün ərzində tədricən yüngülləşən astma tutmaları

•  Yuxarı tənəffüs yollarının infeksiyaları zamanı (xüsusən soyuq havada) yaranmağa başlayan və havaların isinməsindən sonra bir neçə həftəyə qədər davam edən simptomlar.

Astma tutmaları əsasən bir neçə gün ərzində tədricən yaranır. Bəzən tutmalar qəfildən yarana bilər. Astmanın anadangəlmə xəstəlik olmamasına baxmayaraq, yenidoğulmuş uşağın ilk aylarında astma əlamətlərinə rast gəlmə halları müşahidə edilə bilər. Buna səbəb kimi hamilə qadının tütün çəkməsi, allergiya yarada bilən qidalardan çox istifadə etməsi, infeksion xəstəliklər keçirməsi və müxtəlif preparatları qəbul etməsi kimi bətndaxili dövrdə uşağa təsir edən neqativ faktorlar göstərilir. Doğuşdan sonra uşaqda bronxial astmanın əsas yaranma səbəbi məişət tozlarıdır. Əgər müalicə vaxtında təyin olunmazsa ağır boğulma tutmaları tənəffüs çatışmazlığına, müxtəlif ağciyər ağırlaşmalarına səbəb ola bilər. Ailəsində genetik xəstəlikləri olan uşaqlarda bronxial astmanın profilaktikasına həyatının ilk ilindən başlanılmalıdır. Belə uşaqların qida rasionuna allergiya yarada bilən qidaları daxil etməmək lazımdır. Uşağı respirator (tənəffüs yollarının) infeksiyalardan qorumaq və profilaktikanı massaj, sağlamlaşdırıcı və müalicəvi bədən tərbiyəsi, mütamadi sanator-kurort müalicəsi və idmanla həyata keçirmək lazımdır.

413

Uşaqda bronxial astmanın ilkin əlamətləri yaranan kimi həkimə müraciət etmək lazımdır. Belə ki, mütəxəssis uşaqda xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə və uyğun müalicəni tətbiq edə bilər. Astma tutmalarının mövcud olduğu dövrdə özbaşına müalicə məqsədilə bitki mənşəli preparatlar, antibiotiklər istifadə etmək, xardal qoymaq uşağın vəziyyətini ağırlaşdıra bilər!

Astmanın zərərli nəticələrinin azaldılması

Astmanın tamamilə müalicə olunmamasına baxmayaraq mövcud vasitələr bu xəstəliyi nəzarətdə saxlamağa və həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Simptomların yüngülləşdirilməsi üçün qısamüddətli təsirə malik preparatlar istifadə olunur. Lakin davamlı simptomlar zamanı  xəstəliyin əsasında duran iltihabı nəzarətdə saxlamaq və astmatik tutmaların qarşısını almaq üçün üzunmüddətli təsirə malik preparatlar istifadə olunur.

Astmaya qarşı mübarizənin yeganə yolu dərmanlar deyil. Astmanın yaranmasına səbəb ola bilən – tənəffüs yollarını qıcıqlandıran və iltihabına səbəb olan maddələrlə təmasdan çəkinmək lazımdır. Hər bir astma xəstəsi hansı qıcıqlandırıcı maddələrdən çəkinməli olduğunu bilməlidir.

Əgər uşaq astma xəstəsidirsə evdən xalça, yumşaq oyuncaqlar, yumşaq mebel, açıq kitab rəflərini uzaqlaşdırmaq lazımdır. Quş tükündən hazırlanmış yastıqlar, yun örtüklər sintetik hipoallergen (allergiya yaratmayan) yataq ləvazimatları ilə əvəz olunmalıdır. Allergiya yaradan məişət tozlarına qarşı mübarizənin ən effektiv yolu hava təmizləyicilərindən, su filtri olan tozsoranlardan istifadə etməkdir.

Ev heyvanları və quşları, həmçinin quru yemlərlə qidalanan balıqları evdə saxlamaq tövsiyə edilmir. Bitkilərin çiçəklənməsi dövründə ağac və ot tozlarına qarşı allergiyası olan uşaqları gəzintidən çəkindirmək və bu mümkün olmadıqda gəzinti zamanı ağız və burunu örtən tibbi maskalarla təmin etmək lazımdır. Əsasən havada tozların konsentrasiyasının (miqdarının) azaldığı dövrlərdə - yağış yağdıqdan sonra, səhər və axşam saatlarında gəzinti əlverişlidir. Ailədə astmalı uşaq varsa gigiyenik qaydalara ciddi riayət etmək lazımdır: otaqlar təmiz, geniş, havalı olmalıdır.

Astmadan ölüm hallarına çox az rast gəlinir. Lakin astma zamanı lazımi dərman vasitələri qəbul olunmazsa və tibbi göstərişlərə riayət olunmazsa ölümlə nəticələnə bilər.