UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Onkoloji xəstəliklərə qarşı vaksinasiya. Hepatit B virusuna qarşı vaksinlər

Hepatit B xəstəliyinə qarşı peyvənd (HBV vaksini)

Hepatit B qaraciyərin həm kəskin, həm də xronik xəstəliklərinin inkişafına səbəb olan virus infeksiyasıdır. Bu virusa yoluxma xəstə insanın qanı və ya digər mayesi ilə (ağız suyu, sperma, vaginal sekresiya) təmasda olma nəticəsində baş verir. ÜST-ün məlumatlarına görə 240 milyon insan hepatit B virusu ilə yoluxmuş olduğu bildirilir. Hər il dünyada Hepatit B infeksiyasından təxminən 780.000 insan vəfat edir ki, bunların 650.000 xronik Hepatit B mənşəli sirroz və qaraciyər xərçəngindən, 130.000 kəskin hepatit B infeksiyası səbəbindən baş verir.
Hepatit B səhiyyə işçiləri üçün peşə riskinin ciddi amilidir. Lakin bu xəstəliyin qarşısı hal-hazırda təhlükəsiz və effektiv olan peyvənd (vaksin) vasitəsi ilə alına bilir.

Hepatit B-nin profilaktikası üçün əsas vasitə bu virusa qarşı olan peyvənddir

Hepatit B-yə qarşı peyvənd artıq 1982-ci ildən mövcuddur. Hepatit B nəticəsində yaranan qaraciyər infeksiyasının və xroniki qaraciyər xəstəliyinin, o cümlədən qaraciyər xərçənginin inkişafının qarşısını almaq üçün bu peyvəndin effektivliyi 95% təşkil edir. ÜST-ün  tövsiyəsinə görə  bütün yenidoğulmuşlar doğulduqdan sonra ilk 24 saat ərzində mümkün qədər tez hepatit B-yə qarşı peyvənd almalıdırlar. Peyvənd seriyasını başa çatdırmaq üçün ilk vurulan doza iki və ya üç ardıcıl doza ilə müşayiət olunmalıdır. Azərbaycan Respublikasında milli peyvənd təqviminə əsasən Hepatit B-yə  qarşı peyvəndin ilk dozası yenidoğulmuşlara doğulduqdan sonra ilk 12 saat ərzində və növbəti üç doza ardıcıllıqla körpənin 2,3 və 4 aylarında vurulur. Tam vaksinasiyadan sonra 95% körpələrdə, və digər yaş qruplarından olan uşaqlarda və gənclərdə qoruyucu anticisimlər (antitellər) yaranır. İmmunitet (müdafiə qüvvəsi ) ən azı 20 il davam edir və ehtimal olunur ki, ömürlük  saxlanılır (düzdür bunun mexanizmi hələ ki tam aydın deyil). Buna görə də, ÜST tam kurs vaksinasiya almış insanların yenidən (təkrar) revaksinasiya olmasını tövsiyə etmir. Lakin qeyd edilməlidir ki, əksər inkişaf etmiş ölkələrdə hepatit B virusuna yoluxma riski yüksək olan şəxslərdə vaksinasiya orta yaşlarda bir dəfə də aparılır.Hər hansı səbəbə görə peyvənd almamış uşaqlar və 18 yaşa çatmamış yeniyetmələr hepatit B-yə qarşı vaksinasiya edilməlidirlər.

Xüsusilə də, aşağıdakı yüksək risk qruplarına aid şəxslərin vaksinasiyası vacibdir:

  •  tez-tez qan və qan məhsullarına ehtiyacı olan insanlar, hemodializ xəstələri, orqan transplantasiyası əməliyyatı keçirmiş xəstələr
  •  həbsxanadakı məhkumlar
  •  inyeksiya vasitəsilə narkotik preparatların istifadəçiləri
  •  xronik B hepatitli insanların cinsi partnyorları və ailə üzvləri
  •  çox sayda cinsi partnyorları olan insanlar
  •  insan qanı və qan məhsulları ilə təmasda olan səhiyyə işçiləri və başqa şəxslər
  •  əvvəllər aparılmış vaksinasiya kursunu başa çatdırmamış və Hepatit B geniş yayıldığı endemik ocaqlara səyahət edən şəxslər. 

Vaksin yüksək dərəcədə təhlükəsizliyi və effektivliyi ilə tanınır. Dünyada 1982-ci ildən bu günədək Hepatit B əleyhinə peyvəndin bir milyarddan artıq dozası istifadə olunub. Bir çox ölkələrdə əvvəllər xronik HBV ilə yoluxmuş uşaqların sayı adətən 8-15% arasında olardı. Lakin vaksinasiyadan sonra bu uşaqlar arasında xronik hepatit B infeksiyasının yayılması dərəcəsi 1%-ə qədər azalmışdır. Bundan əlavə, qan məhsullarının, o cümlədən köçürülmə üçün istifadə olunan bütün donor qanı və qan komponentlərinin keyfiyyətinin skrininqini və təhlükəsizliyini təmin etmək üçün strategiyaların həyata keçirilməsi vasitəsilə hepatit B virusunun ötürülməsinin qarşısı alına bilər. Hazırda ölkədə fəaliyyət göstərən qan bankları tərəfindən qan məhsullarının müxtəlif infeksiyalara, o cümlədən, hepatit B virusuna yoxlanması təmin edilir. Bundan əlavə, təhlükəsiz cinsi əlaqə, cinsi partnyorların minimuma endirilməsi və baryer tipli qoruyucu vasitələrin (prezervativlərin) istifadəsi hepatit B infeksiyasının ötürülməsini azaldır.