VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Onkoloji xəstəliklərin risk faktorları (böyüklərdə)

Ümumi məlumat

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən onkoloji xəstəliklər bütün dünyada xəstələnmələrin və ölüm hallarının əsas səbəblərindəndir. Belə ki, 2012-ci ildə xərçənglə bağlı 14 milyon yeni xəstələnmə və 8,2 milyon ölüm halı baş vermişdir. Ölüm hallarına əsasən onkoloji xəstəliklər ürək-damar xəstəliklərindən sonra ikinci yerdə durur. 2012-ci ildə kişilərdə daha çox ağciyərlərin, prostat vəzisinin, düz bağırsağın, mədə və qaraciyər xərçəngi təyin edilmişdir. Qadınlarda isə daha çox süd vəzilərinin, düz bağırsağın, ağciyərlərin, uşaqlıq boynunun və mədə xərçəngi diaqnozu qoyulmuşdur.

Xərçəng yalnız bir hüceyrədən inkişaf edir. Sağlam hüceyrənin şişə çevrilməsi çoxmərhələli prosesdir.. Bu dəyişikliklər insanın genetik faktorları və üç kateqoriya xarici amillərin qarşılıqlı təsiri nəticəsində yaranır. Bu kateqoriyalara aşağıdakılar daxil edilmişdir:

  • fiziki kanserogenlər, ultrabənövşəyi və ionlaşdırıcı şüalanma
  • kimyəvi kanserogenlər, asbest, tütün tüstüsünün komponentləri, aflatoksinlər (qida məhsulları çirkləndiriciləri) və arsen (içməli su çirkləndiriciləri)
  • bioloji kanserogenlər, bəzi viruslarla, bakteriyalar yaxud parazitlərlə  törədilən infeksiyalar.

ÜST-nın  xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentliyi (XÖBA) vasitəsilə kanserogen amillərin təsnifatı aparılır (classification of cancer causing agents).

Qocalma xərçəngin inkişafına təsir edən əsas amillərindən biri hesab olunur. Yaşa dolduqca xərçənglə xəstələnmə  halları kəskin surətdə artır, buna da ola bilsin ki, yaşlandıqca bəzi xərçəng xəstəliklərinin inkişafına təsir edən risk amillərinin toplanması səbəb olur. İnsanın qocalması zamanı hüceyrələrin bərpa mexanizmlərinin effektivliyinin aşağı düşməsi ilə risk amillərinin ümumi toplanması artır.

Bütün dünyada tütünçəkmə, alkoqoldan istifadə, qeyri sağlam qidalanma və fiziki aktivliyin olmaması xərçəngin inkişafının əsas risk amilləridir. Bəzi xroniki infeksiyalar xərçəngin inkişafının risk amilləri hesab olunur. Hepatit B virusu (HBV), Hepatit C virusu (HCV) və insanın papiloma virusunun bəzi növləri (İPV) müvafiq olaraq qaraciyər, anal və uşaqlıq boynu xərçənglərinin inkişaf riskini artırır. İİV-infeksiyası bir sıra müxtəlif xərçəng növlərinin inkişaf riskini kəskin surətdə artırır.

Xərçəngdən ölüm hallarının 30%-dən çoxunun qarşısının alınması əsas risk amillərinin aradan qaldırılması və ya davranışın modifikasiyası yolu ilə mümkündür. Aşağıdakı risk faktorlarının profilaktikası və ya aradan qaldırılması nəzərdən keçirilməlidir:

  • tütündən istifadə
  • artıq çəki və piylənmə
  • sağlam olmayan qidalanma, meyvə və tərəvəzlərdən lazımınca istifadə edilməməsi
  • fiziki aktivliyin olmaması
  • alkoqoldan istifadə
  • HBV, HCV, İİV, İPV infeksiyası
  • ionlaşdırıcı və ionlaşdırılmayan şüalanma
  • şəhərlərdə havanın çirklənməsi
  • evlərdə qatı yanacaq növlərinin istifadəsi nəticəsində otaqların tüstü ilə dolması.

 

Aşağıda xərçəngin bir sıra əhəmiyyətli risk faktorlarına dair daha ətraflı məlumat verilir.

Tütün

Tütündən istifadə xərçəngin inkişafının ən əsas risk amillərindəndir. Tütünçəkmə xərçəng xəstəliyindən bütün ölüm hallarının 20%-nə və ağciyər xərçəngindən ölüm hallarının təxminən 70%-nə səbəb olur. Tütünçəkmə  xərçəngin digər növlərinin inkişafına, o cümlədən, ağciyərlərin, qida borusu, udlağın, ağız boşluğu, boğaz, böyrəklərin, sidik kisəsinin, mədəaltı vəzinin, mədənin və uşaqlıq boynunun xərçənginə  gətirib çıxarır.

Fiziki aktivliyin olmaması, qidalanma ilə bağlı amillər, piylənmə və artıq çəki

Xərçənglə mübarizədə qidalanmanın dəyişdirilməsi ən vacib yanaşmalardan hesab edilir. Artıq çəki və piylənmə ilə xərçəngin bir çox növləri arasında, o cümlədən, qida borusu, çənbər və düz bağırsağın, süd vəzlərinin, uşaqlığın selikli qişasının və böyrəklərin xərçənginə  səbəb olan əlaqə mövcuddur. Xərçəngin inkişafından qorunma məqsədilə ilk növbədə  öz qidanızdan potensial kanserogen (yəni xərçəngə səbəb olan) tərkibli  yemək və ərzaqları çıxartmaq vacibdir: qızardılmış yeməklər (əsasən balıq və qırmızı ət), hisdə qurudulmuş ət və balıq məhsulları, konservləşdirilmiş məhsullar, yağlı məhsullar, duz (gün ərzində 12 q.çox istifadə zamanı), “fast-food” yeməklər, saflaşdırılmış şəkər.

Passiv və ya az hərəkətli həyat tərzi də bədxassəli şişlərin yaranmasına səbəb olur. Bütün dünyada ən geniş yayılmış həzm sisteminin bədxassəli şişləri – düz və yoğun bağırsağın xərçəngidir. Bu xəstəliklərin yaranmasında az hərəkətli həyat tərzi mühüm rol oynayır.

 

Alkoqoldan istifadə

Ən təhlükəli müasir kanserogen alkoqol hesab edilir. Alkoqoldan istifadə bir çox xərçəng növlərinin, ağız boşluğunun, udlağın, boğazın, qaraciyərin, qida borusunun, çənbər və düz bağırsağın və süd vəziləri daxil olmaqla, xərçəngin yaranması üçün risk amilidir. Xərşəngin inkişaf riski qəbul edilən alkoqolun  miqdarından birbaşa asılıdır. İnsanlarda xərçəngin bəzi növlərinin inkişaf riski (məsələn,  ağız boşluğunun, udlağın, boğazın, qaraciyərin, qida borusunun xərçəngi) alkoqoldan böyük həcmdə istifadə etməklə yanaşı, onların həris tütün istifadəçiləri olduğu təqdirdə əhəmiyyətli dərəcədə artır.

İnfeksiyalar

Hepatit B virusu (HBV), Hepatit C virusu (HCV) və insanın papiloma virusunun bəzi növləri (İPV)  müvafiq olaraq qaraciyər, anal bölgə və uşaqlıq boynu xərçənglərinin inkişaf riskini artırır. İİV-infeksiyası  (insanın immunçatışmazlığı virusu) xərçəngin inkişaf riskini kəskin surətdə artırır, Helicobacter pylori bakteriyası mədə xərçəngi riskinin yaranmasına səbəb olur.

Ətraf mühitin çirklənməsi

Havanın, suyun və torpağın  kimyəvi kanserogen maddələrlə çirklənməsi 1-4%-dək bütün xərçəng xəstəliklərinin yaranmasına gətirib çıxarır (XÖBA/ÜST, 2003-cü il). Ətraf mühitdə kimyəvi kanserogen maddələr  içməli su, otaqlar içərisində çirklənmiş hava və yaxud atmosfer hava vasitəsilə təsir göstərə bilir.

Peşə fəaliyyəti ilə bağlı kanserogenlər

40-dan çox maddə, qarışıqlar və iş yerlərindəki şəraitin təsiri insanlara münasibətdə kanserogen sayılır və peşə fəaliyyəti ilə bağlı kanserogenlər kateqoriyasına daxil edilir. Məsələn, mezotelioma (plevranın yaxud döş boşluğunun xərçəngi) peşə fəaliyyəti ilə bağlı asbestin təsirindən əhəmiyyətli dərəcədə asılıdır. Ümumiyyətlə, azbestin təsiri ağciyər xərçəngi, bronxların, plevranın, mədənin, qida borusunun, yoğun bağırsağın, düz bağırsağın, yumurtalıqların və digər orqanların mezoteliomasının inkişafına səbəb olur.

Şüalanma

İonlaşdırıcı şüalanma insanlara kanserogen təsir göstərir. İonlaşdırıcı şüalanma gənc yaşlı insanları daha yüksək riskə məruz qoyaraq leykemiyanın və bir sıra bərk şişlərin yaranmasına gətirib çıxara bilir.

Ultrabənövşəyi  (UB) şüalanma və, o cümlədən günəş şüalanması insan üçün kanserogen sayılır, dəri xərçənginin bütün əsas növlərinə, bazal-hüceyrəvi  karsinoması (BHK), düzhüceyrəvi karsinoma (DHK) və melanomaya səbəb olur.

Hal-hazırda suni qaralma məqsədilə ultrabənövşəyi (UB) şüalanma (məs., Ultrabənövşəyi-A şüalarından istifadə edən solyarilər) insanlarda dərinin xərçəng xəstəlikləri və gözlərin melanomasının inkişafına səbəb olur və kanserogen təsirə malikdir.

Ultrabənövşəyi şüaların daha qısadalğalı (200-280 nm) zonası («ultrabənövşəyi C») dəri tərəfindən fəal sovrulur. UB şüaların sonrakı zonası dalğasının uzunluğu 280-320 nm olan UB-B şüalarıdır. UB-B şüalar kanserogen təsir göstərir. UB-B zonasının əsas hissəsi də ozon ekranı tərəfindən udulur. Yer səthinə UB şüaların yalnız təxminən 300 nm-dən yuxarı uzunluqlu dalğaları çatır. 

Stresslər və depressiyalar

Sübut olunmuşdur ki, stres və depressiyalar immuniteti aşağı salır və xronik xəstəlikləri kəskinləşdirir, bu da xərçəngin həm yaranmasına, həm də irəliləməsinə təkan yaradır.