UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Oturaq həyat tərzinin məktəb yaşlı uşaqlara zərəri

2014-cü ildən ölkəmizdə aparılmağa başlanan uşaqların icbari dispanserizasiyasının monitorinqi və qiymətləndirilməsinin nəticələrinə görə 9-14 yaşda məktəb şagirdləri arasında ən çox yayılan və erkən yaşlarda qazanılan əsas xəstəliklər görmə qabiliyyətinin zəifləməsi və onurğa sütununun əyilməsi ilə əlaqədardır.

Görmə qabiliyyətinin zəifləməsi

 Səbəblər:

Uzun müddət dərslə məşğul olduqda uşaqlarda boyun əzələləri yorulur, baş önə doğru əyilməyə başlayır və nəticədə göz əzələləri yaxın məsafədə olan dərs vəsaitinə diqqətini yönəldir. Bu halda göz əzələləri gərginləşir, yaxından görməyə alışır və getdikcə uzaq görmə problemi yaranır. Göz üçün təhlükəli şüa yaradan texniki vasitələrdən (kompüter, telefon, planşet) həddən artıq istifadə görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxaran əsas problemlərdən biridir.

Göz üçün idman hərəkətləri:

  1. Gözləri sıx bağlayıb (3-5 saniyə) açmaq və uzaq məsafəyə baxmaq (5-7 saniyə). 4-5 dəfə təkrarlamaq.
  2. 2.Gözləri tez-tez qırpıb bağlamaq və sakit vəziyyətdə dayanmaq (5-7 saniyə). 4-5 dəfə təkrarlamaq.
  3. Göz almacıqları ilə həm sol, həm də sağ tərəfə doğru 4-5 dairəvi hərəkət etmək, daha sonra uzaq məsafəyə baxmaq (6 saniyə ərzində). 1-2 dəfə təkrarlamaq.

QEYD: Hər bir dərsin ortasında, eləcə də tənəffüs vaxtında bu cür yüngül göz məşqlərinin yerinə yetirilməsi məsləhətdir. Bir məşqin müddəti 3-5 dəqiqə olmalıdır.

Valideynlər üçün: Övladınız yazı yazarkən başını dəftərə doğru çox əyirsə, yaxud sağ və ya sol gözünü sıxaraq daha diqqətlə baxmağa çalışırsa, bu artıq XƏBƏRDARLIQ əlamətidir.

Profilaktik tədbirlər:

  • Uşağın görmə qabiliyyətini nəzarətdə saxlamağın əsas yolu mütəmadi tibbi müayinələrdir (9-14 yaş uşaqlar ildə ən azı1dəfə).
  • Uşağın yemək rasionuna qaragilə, itburnu, kök, çaytikanı, çiyələk, başınağacı, mərcanı, quşarmudu, kartof, kələm, yerkökü, pomidor, turp kimi meyvə və tərəvəzlərin, həmçinin A, B1, B2, B6, B12, C vitaminlərinin daxil edilməsi profilkatik təsir göstərir.
  • Fasiləsiz dərslə məşğul olma müddəti 1 saatdan artıq olmamalı, kompüterlə oynayarkən gözlə monitor ekranı arasında olan məsafə ən azı 40 santimetr, ən çoxu 1 metr (diaqonal və monitor modelindən asılı olaraq) olmalıdır.
  • Valideyinlər! Şəhərdə gəzərkən uşaqlarınıza mütləq şəkildə uzaq məsafələrdə olan yazıları və ya obyektlərin adlarını oxunmağı təklif edin. Gözün əsas funksiyası uzağı görməkdir və əgər uşaqda belə bir problem varsa həkim-oftalmoloqa müraciət edin.

Onurğa sütununun əyilməsi

Səbəblər: Məktəb yaşlı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa sütunu bir çox hallarda deformasiyalara məruz qalır. Tədrisə ayrılan vaxtın artması ilə əlaqədar ev tapşırıqlarının yerinə yetirilməsi üçün masa arxasında keçirilən vaxtın çoxalması qamətin əyilməsi ilə nəticələnir. Uşaqların dərslə məşğul olduğu məkanın (sinif, mənzil və s.) düzgün işıqlandırılmaması onurğada deformasiyalara səbəb olur. Ağır kürək çantası daşıma və ya məktəb çantasını eyni tərəfdən asaraq daşıma məktəbli uşaqların inkişaf etməkdə olan oynaq və əzələ strukturlarının inkişafında problemlərə gətirib çıxarır və nəticədə skolioz xəstəliyinin yaranmasına səbəb olur (onurğa sütunu “S” şəklini alır).

Profilkatik tədbirlər: Ev tapşırıqlarını hazırlayarkən hər 15 dəqiqədən bir  oturma tərzini dəyişdirmək lazımdır (eyni tərzdə uzun müdət oturmaq düzgün deyil). Hər gün gəzinti və açıq havada oyunlar üçün vaxt ayırmaq lazımdır. Uşaqlarda səhər idmanı və ümumiyətlə fiziki aktivlik kimi vərdişlər formalaşdırılmalıdır (gün ərzində idmana ayrılmış vaxt və təlimlər düzgün seçilərsə onurğa və əzələlər güclənər, qamət düz olar).

Beyin qan təchizatının pozulması. Oturaq həyat tərzi nəticəsində qan dövranı yavaşıyır, orqan və toxumalara qan vasitəsilə daşınan oksigen və qida maddələri azalır. Qidalanmanın pisləşməsi orqanların normal inkişafının pozulmasına və patologiyaların yaranmasına səbəb olur.

İlk növbədə görüləcək tədbirlər:

Gün rejimini düzgün qurmaq, açıq hava gəzintilərinə vaxt ayırmaq lazımdır. Belə ki, açıq havada hərəkətli oyunlar, orqanizmin möhkəmləndirilməsilə yanaşı, həmçinin ultrabənövşəyi şüa çatışmazlığı və hipodinamiyanın profilaktikasında da təsirli vasitədir. Məktəblilər ev tapşırıqlarından əvvəl və sonra, eləcə də gecə yuxusundan əvvəl açıq havada olmalıdırlar. 1,5-2 saat açıq havada olduqdan sonra iş qabiliyyəti yüksəlir. Aşağı sinif şagirdləri üçün açıq havada olmanın ümumi müddəti 3-3,5 saat, orta sinif şagirdləri üçün 2,5-3 saat, yuxarı sinif şagirdləri üçün isə 2-2,5 saat təşkil etməlidir. Müasir şəraitdə məktəblilərin dərslərlə həddən artıq yüklənməsi gün rejiminin məhz bu komponentinin pozulmasına səbəb olur, açıq havada olma müddəti qısalır, uşaqların hərəki fəallığı azalır.