UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Sümüklərin sağlamlığı üçün uşaq və yeniyetmə dövründə diqqət ediləcək məqamlar

Uşaq və yeniyetmələrin sümük sağlamlığı getdikcə daha mühüm tibbi problemə çevrilir.

Sümük orqanizmdə mühüm struktur rol oynayır:

  • Bədən üçün dayaq olaraq onun hərəkətliliyini, qorunmasını təmin edir.
  • Əsas mineral deposu kimi fəaliyyət göstərir.
  • Böyüklərdə hətta sümük öz inkişafını dayandırmır, əksər böyüklərin skeleti hər 10 ildən bir bərpa olunur.
  • Həyat boyu sovrulma (rezorbsiya) və əvəz edilmə (formalaşma) prosesindən keçir.

Kalsium və fosfat duzlarının çökməsi nəticəsində minerallaşan sümük öz struktur möhkəmliyini əldə edir. Döldə sümüyün 2/3 hissəsinin minerallaşması hamiləliyin üçüncü üç aylıq dövründə bətndaxili baş verir. Doğumdan başlayaraq yetkinliyədək (orta hesabla, qızlar üçün 12.5 yaşa, oğlanlar üçün isə 14 yaşadək) sümüyün mineral tərkibi 40 dəfə artır, 18 yaşında isə sümük kütləsi təxminən 90%-ə çatır.

Osteoporoz

Sümüklərin sağlamlığı səhhətin ümumi vəziyyəti üçün çox vacibdir: bu, osteoporozun (sürətlə davam edən ən geniş yayılmış sümük xəstəliyi) inkişaf etməsinin qarşısının alınmasını təmin edir. Osteoporoz yalnız böyüklərdə deyil, uşaq və yeniyetmələrdə də baş verə bilər. Osteoporoz bir çox illər ərzində simptomu olmadan tədricən inkişaf edən xəstəlikdir. Onun profilaktikası üzərində çalışmaq vacibdir! Osteoporozdan qorunmaq uşaqlıq çağından başlayır və həyat boyu davam edir. Bunun üçün:

  • mütəmadi fiziki təlimlər
  • balanslaşdırılmış pəhriz
  • zərərli vərdişlərdən imtina
  • yıxılma və xəsarət almadan qorunma əsasdır.

 

Osteoporoz vaxtında təyin olunarsa, müalicə olunan xəstəlikdir. Bunun üçün vaxtında həkimə müraciət etmək lazımdır. Müayinə zamanı ilk olaraq sümük densitometriyası üsulu (sümüklərin sınıqlara meylliliyinin müayinəsi) ilə sümüyün mineral sıxlığı təyin olunmalıdır. Sümük densitometriyası sümükdə kalsiumu dəqiq təyin edən standart metoddur.

Raxit

D vitamini hormon olaraq günəş şüasının dəriyə təsiri nəticəsində alınır. D vitamini bədəndə kalsium istifadəsinə nəzarət edir və sümüyün formalaşmasında böyük rol oynayır. D vitamininin çatışmazlığı uşaqlıq dövrünün ciddi sümük problemini yaradır və raxitlə nəticələnir.

Raxit azyaşlı uşaqların xəstəliyidir. Raxit mütləq olaraq müalicə tələb edən xəstəliklərdəndir! Bir çox valideynlərin “uşaq böyudükcə keçib gedər” kimi fikirləri yanlış hesab olunur.

Raxit vaxtında və düzgün müalicə olunmadığı halda uşaq orqanizmi üçün ağır fəsadlar verə bilər. Raxit xəstəliyi vaxtında müalicə olunmazsa, uşaqlarda onurğa sütununun, döş qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi və digər patoloji hallar qeyd oluna bilər.

Raxitin qarşısını almaq üçün günəşli vaxtlarda gəzintiyə çıxmaq, qəlyanaltıda tərkibində süd ilə soya və ya düyü kimi gücləndirici qidanın qəbulu gərəkdir. Hər gün təxminən 15 dəqiqə günəş şüaları altında olduqda D vitamininin normal istehsalı uşağın ehtiyacını ödəyir.

  

Şəkil 1, 2. Raxit nəticəsində ayaqların deformasiyası 

Şəkil 3 (a, b): a – diz oynağının deformasiyası; b – diz oynağının yana çəkilməsi deformasiyası

Kalsium sümüklərin formalaşması üçün tələb olunan mineralların ən əhəmiyyətlisidir. Kifayət qədər kalsium və D vitamini qəbul edilmədiyi halda, yaxud orqanizm qəbul etdiyi qidalardan kifayət qədər kalsium əldə edə bilmirsə, onda ilk növbədə hamilə qadınlar, döşlə əmizdirən qadınlar, vaxtından əvvəl doğulan körpələrdə sümüklər kövrəlir və sınmağa daha çox meylli olur.

Sümüklərin bərkiməsi prosesi uşağın doğulduğu gündən yeniyetməlik dövrünə qədər davam edir. Sümüklərin çox hissəsi bərkimədiyindən onlar daha kövrək və sınmağa meylli olur. Ona görə də bu dövrdə uşaq sümükləri qəfil hərəkətlərə və zərbələrə çox həssasdır: kövrək olduğundan sümüklər asanlıqla deformasiyaya uğraya bilər.

Təsdiq edilib ki, az sümük kütləsi və sınıqlar uşaqlıq dövründə bəzi genetik və qazanılan xroniki xəstəlikləri kəskinləşdirə bilər.

Təkrarlanan sınıqlar, sümük ağrıları, sümük deformasiyaları, gecikmiş cinsi yetkinlik, az bədən çəkisi və ya osteopeniya ilə olan uşaqlar üçün skeletin qiymətləndirilməsi tövsiyə edilir.

Sümüklərin sağlam olmasını istəyirsinizsə:

1. Fiziki aktiv olun.

Yaşından asılı olmayaraq, insanın fiziki fəal olması, kalsium və D vitamininin qəbulu onun sağlamlığı üçün əsas xəzinədir. Sümük xəstəliyinin profilaktikası cavan yaşlarından başlanıb, ömrün sonunadək davam etdirilməlidir. Bu məqsədlə aşağıdakılar vacibdir:

  • hərəkətli olmaq və hər gün məşq etmək
  • hər gün meyvə və tərəvəzlə zəngin olan qidalar qəbul etmək
  • günəş vasitəsi və ya dərman əlavələri ilə D vitamini əldə etmək
  • bitki mənşəli məhsullardan və gücləndirici qidalardan kalsium mineralının alınmasını təmin etmək

 

Fiziki fəallıq uşaq və yeniyetmələrin sümük sağlamlığını təmin edir. Son illərdə aparılan müşahidələr göstərir ki, oturaq həyat keçirən yeniyetmələrdə sümük mineral sıxlığının səviyyəsi müntəzəm fiziki fəaliyyət ilə məşğul olanlardan çox aşağıdır.

2. Yeməyinizə fikir verin.

Bir çox tədqiqatçılar sümük sağlamlığını artırmaq üçün meyvə və tərəvəzlə zəngin olan pəhrizi məsləhət görürlər. Belə ki, C və K vitaminləri, kalium və maqnezium ilə zəngin olan meyvə, tərəvəz və digər bitki məhsulları sümüklərin sağlamlığı üçün vacibdir.

Sümük toxuması formalaşdığı zaman sitrus meyvələrində, pomidor, bibər və digər meyvə və tərəvəzdə olan C vitamini kollagenin qəbul edilməsində, mineralların birləşdirici toxumaya yapışmasında mühüm rol oynayır.

K vitamini sümük formalaşmasını stimullaşdırır. O, ən çox kahı və ispanaq kimi tünd yaşıl yarpaqlı göyərtidə, eyni zamanda lobya, soya məhsullarında və bəzi meyvə və tərəvəzin tərkibində olur.

Kalium bədəndən kalsium itkisini azaldır və sümük formalaşmasının sürətini artırır. Portağal, banan, kartof və bir çox digər meyvə, tərəvəz və lobya kaliumun zəngin mənbəyidir.

Maqnezium da kalsium kimi mühüm sümük mineralıdır. Araşdırmalar maqnezium qəbulundan sonra sümüklərin möhkəmliyinin əldə olunmasını göstərir. "Lobya və göyərti" – paxlalılar və yaşıl yarpaqlı tərəvəzlər əla maqnezium mənbələridir.

Uşaq və böyüklərin bədənindən hər gün kalsium itirilir, ona görə də onu artırmaq lazımdır. "Lobya və göyərti"dən olan brokoli, yem və Brüssel kələmi, turp, xardalın yaşıl yarpaqları və s. sağlam kalsium mənbələridir. Süd məhsulları ilə müqayisədə bu qidaların tərkibində az miqdarda kalsium olsa da, onlarda kalori başına daha çox kalsium var.

Sümük kütləsinin artıq dərəcədə itməsinin qarşısını almaq üçün bu addımları atmaq lazımdır:

  • duzlu qidaları məhdudlaşdırmaq
  • heyvan mənbəli proteinin qəbulundan imtina etmək
  • uşaqları tütünçəkmədən qorumaq
  • kofein qəbulunu dayandırmaq

Sümüklərin sağlam formalaşmasına nail olmaq üçün turşuluq əmələ gətirən və duzlu qidalardan imtina etmək lazımdır. Kalium, Maqnezium və C, K, D vitaminləri ilə zəngin olan qidalara üstünlük verilməlidir.

Valideynlərin nəzərinə! Bir neçə sadə məsləhət uşağınızı düzgün istiqamətləndirər: fiziki aktivliklə bərabər taxıl, paxlalılar, meyvə və tərəvəzlə zəngin olan qida rasionu tərtib etmək, artıq dərəcədə ət, yumurta və pendirdən alınan zülallardan, duzlu və ağır qidalardan, tütünçəkmədən imtina etmək gərəkdir.

Sümük sağlamlığına gəldikdə "çox kalsium almaq" və sümük itkisini azaltmaq gərəkdir. Uşağın sümüklərinin möhkəmliyi üçün bitkilərlə müqayisədə süd məhsullarında duz, heyvani zülal, kalori və yağ yüksək olduğundan kalsiumla zənginləşdirilmiş qidaya və bitki mənbələrindən alınan kalsium və D vitamininə üstünlük verilməlidir.

(Yerləşdirildi: sentyabr 2023)