UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Ürək-damar xəstəlikləri (ÜDX) bütün dünyada erkən yaşda ölümlərin əsas səbəbi olan xronik xəstəliklərdir. ÜDX əhali arasında əlilliyin və əmək qabiliyyətinin itirilməsinin aparıcı səbəbidir.
Ürək – damar xəstəliklərinin dəyişdirmək mümkün olmayan risk faktorları vardır, bunlar yaş, cins, irsiyyətdir (ailənin hər hansı bir üzvündə 50 – 55 yaşından öncə ürək – damar xəstəliklərinin rast gəlinməsi). Dəyişdirmək mümkün olan risk faktorları isə qanda yağların səviyyəsinin yüksəlməsi (məsələn, xolesterolun artması), yüksək qan təzyiqi (hipertoniya), tütünçəkmə, qeyri-sağlam qidalanma, artıq çəki və piylənmə, həddindən artıq az fiziki aktivlik, mütəmadi alkoqol qəbulu və stresdir.
Tütünçəkmə
Tütünçəkmə - dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biridir. Böyüklər arasında o, hər on nəfərdən birinin ölümünün səbəbidir. Tütün məhsullarının yanması nəticəsində ətraf mühitə yayılan tüstü ikincili tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu passiv siqaretçəkmə adlandırılır. Tütünçəkmə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur və sonda ölümə gətirib çıxara bilir. Tütünçəkənlərin davranışlarının dəyişdirilməsi ÜDX xəstələrinin sağlamlıqlarının yaxşılaşdırılması üçün əsas amillərdəndir.
Hesablamalara əsasən dünyada 700 milyon uşaq (dünyada bütün uşaqların demək olar ki, yarısı) havada olan ikincili tütün tüstüsü ilə nəfəs alır. Bu da uşaqlarda bir çox ciddi xəstəliklərin yaranmasına və artıq mövcud olan xəstəliklərin (məsələn, astmanın) ağırlaşmasına gətirib çıxarır. Tütünçəkmənin güclü vərdiş və hətta asılılığın formalarından biri olmasına baxmayaraq milyonlarla insan bu təhlükədən qurtula bilir.
Qidalanma
Qidalanma xüsusiyyətləri ürək-damar xəstəliklərinin riskinə xolesterin (XS), arterial təzyiq (AT), bədən çəkisi və şəkərli diabet (ŞD) kimi digər risk amilləri vasitəsi ilə və müstəqil şəkildə təsir edir. Bu səbəbdən sağlam qidalanma ÜDX profilaktikasının əsasında durur.
ÜDX-nin profilaktikası kimi istifadə olunan sağlam qidalanmanın qarşısında duran əsas problem qidalanma rasionunun (həm kəmiyyət, həm də keyfiyyət baxımından) uzunmüddətli dəyişdirilməsi üzrə insanların davranışının davamlı şəkildə dəyişməsinə və bədən çəkisinin normal səviyyədə saxlanılmasına nail olunmasından ibarətdir.
Sağlam qidalanmanın səciyyəvi xüsusiyyətləri
- Doymuş yağ turşuları gündəlik kalorinin 10%-dən az hissəsini təşkil etməli və polidoymamış yağ turşuları ilə əvəz olunmalıdır
- Transdoymamış yağ turşularından istifadə olunması mümkün qədər məhdudlaşdırılmalı, qidanın hazırlanması prosesində istifadə olunmamasına üstünlük verilməli, qida ilə qəbul olunan ümumi kalorinin 1%-dən az olmalıdır.
- Gün ərzində istifadə edilən duzun miqdarı 5 qramdan az olmalıdır.
- Gün ərzində dənli bitkilərdən, meyvə və tərəvəzdən alınan liflərin miqdarı 30-45 qram olmalıdır.
- Gün ərzində istifadə edilən meyvənin miqdarı ən azı 200 qram (2-3 porsiya) olmalıdır.
- Gün ərzində istifadə edilən tərəvəzin miqdarı ən azı 200 qram (2-3 porsiya) olmalıdır.
- Həftədə ən azı 2 dəfə balıq istifadə edilməli, bunlardan biri yağlı balıq olmalıdır.
- Qidalanmanın kalori tərkibi məhdudlaşdırılmalı və bədən çəkisinin normal qalması (və ya buna nail olunması) üçün yetərli olmalıdır, Bədən Kütlə İndeksi 25 kq/m2-dan az olmalıdır.
Yuxarıda qeyd edilən sağlam qidalanma qaydalarına riayət edildikdə əlavə xüsusi pəhriz və ya xüsusi qida əlavələrindən istifadə tələb olunmur.
Ürək-damar xəstəlikləri (ÜDX) bütün dünyada erkən yaşda ölümlərin əsas səbəbi olan xronik xəstəliklərdir. ÜDX əhali arasında əlilliyin və əmək qabiliyyətinin itirilməsinin aparıcı səbəbidir.
Ürək – damar xəstəliklərinin dəyişdirmək mümkün olmayan risk faktorları vardır, bunlar yaş, cins, irsiyyətdir (ailənin hər hansı bir üzvündə 50 – 55 yaşından öncə ürək – damar xəstəliklərinin rast gəlinməsi). Dəyişdirmək mümkün olan risk faktorları isə qanda yağların səviyyəsinin yüksəlməsi (məsələn, xolesterolun artması), yüksək qan təzyiqi (hipertoniya), tütünçəkmə, qeyri-sağlam qidalanma, artıq çəki və piylənmə, həddindən artıq az fiziki aktivlik, mütəmadi alkoqol qəbulu və stresdir.
Bədən çəkisi
Artıq bədən çəkisi və piylənmə ÜDX olduğu hallarda ölüm riskini artırır. ölüm hallarının ən aşağı səviyyəsi BKİ-si 20-25 kq/m2 olanlardadır. Hesab olunur ki, bədən çəkisinin bundan artıq azaldılması ÜDX-nin əmələ gəlməsi riskinin azaldılmasına yardım etmir. Bədən çəkisinin azaldılması artıq bədən çəkisi və piylənməsi olan pasiyentlərə tövsiyə olunur. Bədən çəkisinin azaldılması AT səviyyəsinə və qanda lipidlərin səviyyəsinə müsbət təsir göstərməklə, ÜDX-nin inkişaf etməsi riskini azalda bilər.
Artıq bədən çəkisinin ürək damar sisteminə mümkün olan təsirləri aşağıdakılardır:
- insulinə qarşı rezistentliyinin artması (qlükozaya tolerantlığın pozulması, II tip ŞD)
- AT-nin artması
- sistemli iltihabın güclənməsi və protrombotik vəziyyətin inkişaf etməsi
- sidikdə zülalın (albuminin) olması
- dislipidemiya (ümumi xolesterin, Aşağı Sıxlıqlı Lipiproteinlər (pis xolesterin), triqliseridlərin, apolipoprotein B-nin artması və Yüksək Sıxlıqlı Lipiproteinlər (YSLP) (yaxşı xolesterin) və apolipoprotein AI-nın azalması)
- ürək-damar və beyin-damar pozuntuları