UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Ağciyər xərçəngi dünyada ən çox yayılmış bədxassəli şişlərə aiddir. Hər il dünyada təxminən 1.600.000 ağciyər xərçəngi diaqnozu qeydə alınır. 2008-ci ildə ağciyər xərçəngi 1.380.000 ölüm halına səbəb olmuşdur. Ağciyər xərçəngi, adətən, bronxların selikli qişasında inkişaf edir. Kişilər qadınlara nisbətən 7-10 dəfə çox ağciyər xərçəngindən əziyyət çəkirlər və ağciyər xərçəngi kişilərdə onkoloji xəstəliklərin yayılma tezliyinə görə birinci yerdə dayanır. Araşdırmalara görə, son illərdə ağciyər xərçəngi hallarının sayı xeyli dərəcədə artmışdır. Son zamanlarda qadınlar arasında tütünçəkmə halları artdığından onlarda ağciyər xərçəngi hallarının sayı da artmaqdadır.
Risk faktorları
Tütünçəkmə, o cümlədən, siqaretçəkmə, ətraf mühitin çirklənməsi (xüsusən də iri şəhərlərdə və sənaye mərkəzlərində), xroniki ağciyər xəstəlikləri ağciyər xərçənginin inkişafına təsir edən əsas risk amilləridir. Tütün tüstüsündə böyük miqdarda olan kanserogen (bədxassəli şiş hüceyrələri əmələ gətirən və ya normal hüceyrələri xərçəng hüceyrələrinə çevirən) maddələr xərçəng xəstəliyinin yaranmasında xüsusi rola malikdir. Həmin kanserogen maddələr həm aktiv (şəxs özü siqaret çəkəndə), həm də passiv (digər şəxslərin siqaret çəkməsi zamanı yaranan tüstü ilə nəfəs aldıqda) tütünçəkmə zamanı tütün tüstüsü ilə insan orqanizminə, o cümlədən, ağciyərlərinə daxil olur. Ağciyər xərçənginin yaranması şəxsin tütündən istifadə müddətindən və ya tütün tüstüsünün təsirinə məruz qalması (aktiv və ya passiv) müddətindən asılıdır. Ağciyər xərçənginin inkişaf riski gün ərzində çəkilən siqaretlərin sayı və tütünçəkmənin ümumi müddəti ilə düz mütənasiblik təşkil edir.
Diaqnostika və erkən aşkarlama
Ağciyər xərçənginin erkən diaqnostikası və bunun nəticəsində daha effektiv müalicəsi üçün risk altında olan şəxslərin müntəzəm həkim müayinəsindən, o cümlədən, döş qəfəsinin flüoroqrafiyasından (rentgen) keçməsi tövsiyə oluna bilər. Bəzi ölkələrdə yüksək risk altında olan xəstələrin müayinəsi üçün ildə bir dəfə döş qəfəsinin aşağı dozalı kompüter tomoqrafiyası aparılır. Ağciyərlərin rentgen filmlərində düyünlər aşkar edildikdə onkoloqa müraciət etmək tövsiyə olunur. Həmin düyünlərin əksəriyyəti ilkin müayinələrdə xoşxassəli görünsə də, bir çox hallarda onların sonradan ağciyərin bədxassəli törəməsi olduğu müəyyən edilir. Ağciyərlərin KT və ya rentgen filmlərində qeyri-normal tapıntılar müəyyən edildikdə, həkimlər biopsiya (ağciyərin qeyri-normal görünən yerindən toxuma nümunəsi) və ya bronxoskopiya (ağciyərlərin videokamera təchiz edilmiş qatlanan şlanq ilə müayinəsi) təyin edə bilər. Bu və digər əlavə araşdırmaların onkoloqun nəzarəti altında aparılması xüsusilə önəmlidir.
Müalicə
Ağciyər xərçənginin inkişaf mərhələsindən, o cümlədən, xərçəngin limfa düyünlərinə və digər orqanlara yayılmasından (metastaz) asılı olaraq, xəstələrin müalicəsi cərrahi, şüa terapiyası, xərçəng əleyhinə preparatlarla kimya terapiyası və ya bütün bu üsulların birgə tətbiqi ilə aparıla bilər. Yadda saxlamaq lazımdır ki, daha erkən mərhələdə aşkar edilən ağciyər xərçənginin müalicəsinin uzunmüddətli proqnozu çox yaxşıdır və hətta əksər hallarda xəstənin tam sağalması ilə nəticələnir.
Profilaktika
Ağciyər xərçənginin profilaktikası tütünçəkmənin və spirtli içkilərdən istifadənin dayandırılması, habelə ağciyərlərin xronik obstruktiv xəstəliklərinin (xronik bronxit, emfizema və s.) vaxtında aşkar edilərək müalicəsindən və peşə xəstəliklərinin qarşısının alınmasından ibarət olmalıdır.