UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Qalxanabənzər vəz - insan orqanizmində hormonlar ifraz edən vəzlərdən ən böyüyüdür.
Qalxanabənzər vəz orqanizmin, demək olar ki, bütün funksiyalarının idarə olunmasında iştirak edir.
Qalxanabənzər vəz 3 hormon ifraz edir: triyodtironin, tiroksin və kalsitonin. Bu hormonlar nəfəsalma, yuxu, qida qəbulu, hərəkət və s. proseslərə təkan verir, uşaqlarda boy artımına və psixi inkişafa bilavasitə təsir göstərir. Buna görə də qalxanabənzər vəzin hormonlarının çatışmazlığı boy artımının ləngiməsinə və psixikada ağır pozuntulara səbəb olur.
Triyodtironin və tiroksin hormonları tərkibində yod molekullarının olması ilə fərqlənir. İnsan orqanizmində olan 20-30 mq yodun təxminən 1/3 hissəsi qalxanabənzər vəzin toxumalarının öhdəsinə düşür.
Normada orqanizm sutka ərzində 150-200 mkq, uşaqlarda isə 90-200 mkq yod qəbul etməlidir. Orqanizmə yodun lazımi miqdarda daxil olmaması qalxanabənzər vəzin böyüməsinə, yəni ur xəstəliyinə gətirib çıxarır. Ur xəstəliyi yod defisitli regionlarda daha çox aşkarlanır. Azərbaycan isə bütövlükdə yod defisitli region hesab olunur.
Qalxanabənzər vəzin xəstəlikləri onun hormonlarının çatışmazlığı və ya həddən artıq hasili ilə müşahidə olunur. Bu xəstəliklərə aiddir:
1. Diffuz toksiki ur (hipertireoz)
2. Hipotireoz
3. Düyünlü (çoxdüyünlü) ur
Diffuz toksiki ur və onun əsas əlamətləri
Diffuz toksiki ur tireoid hormonlarının artıq miqdarda hasili ilə müşahidə olunur, bu da nəticədə bütün orqanlarda pozulmalara gətirib çıxarır. Xəstəliyə onu ilk dəfə təsvir etmiş alimin adı ilə Bazedov xəstəliyi də deyirlər. Bu xəstəliyə əsasən insanın məhsuldar dövründə rast gəlinir.
Diffuz toksiki uru törədən səbəb:
• immun sisteminin funksiyasının pozulması
Diffuz toksiki urun əsas əlamətləri:
• ümumi zəiflik, əzginlik, əsəbilik
• göz almalarının qabarması (gözlərin “bərəlməsi”)
• tərləmə
• tremor (əsmə)
• çəkinin azalması
• kövrəklik (ağlağanlıq) və daim narahatlıq hissi
• diqqətin dağınıqlığı
• ürəkdöyünmə (nəbz dəqiqədə 90-150)
• təngnəfəslik