UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Ekologiya / MƏQALƏLƏR

Ekologiya nədir?

Ekologiya (yunan sözündən “oykos” – ev, yaşayış məskəni və “loqos” - elm) canlı orqanizmlərin həyat şəraitini və
onların yaşadığı mühitlə qarşılıqlı əlaqələrini tədqiq edən bir elmdir. Əvvəllər ekologiya, başqa təbiət elmləri – kimya, fizika, geologiya, coğrafiya, torpaqşünaslıq, riyaziyyatla sıx əlaqədə olan biologiyanın əsas hissəsi kimi inkişaf etmişdir. Ekologiyanın predmeti orqanizmlər ilə mühit arasındakı əlaqələrin strukturu, yaxud məcmuudur. Ekologiyanın əsas tədqiqçolunan obyekti ekosistemdir, başqa sözlə, canlı orqanizmlərin onların yaşam mühiti ilə əlaqələrindən təşkil olunmuş vahid təbiət komplekslərinin öyrənilməsidir. Bundan əlavə, ekologiya müxtəlif növ orqanizmlərin (orqanizm səviyyəsi) və onların populyasiyalarını tədqiq edir, başqa sözlə, hər hansı bir növün
fərdlərinin məcmuunu (populyasiya – növ səviyyəsi) və ümumilikdə biosferi (biosfer səviyyəsi) tədqiq edir. Biologiya elminin əsas hissəsi olan ümumi ekologiya – canlı orqanizmlərin onları əhatə edən mühitlə qarşılıqlı əlaqələrinin qanunauyğunluqlarını öyrənir (bioloji varlıq kimi insan da daxil
olmaqla).

Ümumi ekologiya aşağıdakı əsas bölmələrə ayrılır:
– autekologiya – canlı orqanizmlərin (növlərin, fərdlərin) onları əhatə edən mühitlə əlaqələrini öyrənir.
– populyasiyalar ekologiyası (demoekologiya) ayrı-ayrı növlərin populyasiyalarının strukturunu və dinamikasını öyrənir.
Populyasiya ekologiyasına autekologiyanın xüsusi bölməsi kimi baxılır.
– sinekologiya (biosenologiya) – populyasiyaların, birliklərin və ekosistemlərin mühit ilə qarşılıqlı əlaqələrini öyrənir.
Bütün bu göstərilən istiqamətlərdə əsas məqsəd canlı orqanizmlərin onları əhatə edən ətraf mühitdə yaşam mücadiləsinin öyrənilməsidir. Əsas məsələ isə bioloji xüsusiyyətlərə – orqanizmlərin və onların birliklərinin ətraf mühitə adaptasiyasının qanunauyğunluqlarını, özünütənzimləmə, ekosistemin və biosferin dayanıqlığının öyrənilməsinə üstünlük verilməsidir. Yuxarıda göstərilənləri nəzərə alsaq ümumi ekologiyanı bioloji üstünlüklər nəzərə alındıqda bioekologiya da adlandırırlar. Zaman faktoru nəzərə alındıqda ekologiyanın tarixi və təkamül prosesləri də nəzərə alınır. Bundan əlavə, ekologiya konkret obyektlərə və mühitə görə təsnif olunur, məsələn, heyvanların, bitkilərin və mikroorqanizmlərin ekologiyasını bir-birindən ayırırlar. Son zamanlar ekoloji obyekt kimi biosfer daha geniş tədqiq olunur. Xüsusilə müasir ekologiyada insanın təbii ətraf mühit ilə qarşılıqlı əlaqəsinə böyük əhəmiyyət verilir. Ekologiya elmində bu bölmələrə geniş yer verilməsinin səbəbi, elmi-texniki tərəqqinin neqativ nəticələri ilə əlaqədar olaraq iqtisadiyyatın, sosial və mənəvi aspektlərin rolunun artması ilə insan və mühitin qarşılıqlı neqativ təsirlərinin kəskin yüksəlməsi ilə əlaqədardır. Beləliklə, müasir ekologiya heyvanat aləmini və bitkiləri öyrənən biologiya fənni ilə məhdudlaşmayaraq, insan ilə onu əhatə edən təbii mühitin qarşılıqlı mürəkkəb əlaqələrini öyrənən fənlərarası böyük bir elmə çevrilmişdir. Planetimizdə ekoloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq aktual olmuş bu problem müxtəlif təbiət, texniki və humanitar elmlərin də “ekologiyalaşmasına” səbəb olmuşdur. Məsələ, ekologiyanın başqa elm sahələri ilə əlaqəsindən yeni elmlər – mühəndis ekologiyası, geoekologiya, riyazi ekologiya, kənd təsərrüfatı ekologiyası, kosmik ekologiya və s. yaranmışdır. “Ekologiya” termini daha geniş məna daşıyır, lakin insan cəmiyyəti ilə təbiət arasındakı qarşılıqlı təsir öyrənildikdə ekoloji
yanaşmaya böyük üstünlük verilir. Bir planet kimi Yerin ekoloji problemləri ilə daha intensiv inkişaf edən qlobal ekologiya məşğul olur. Bu zaman əsas tədqiqat obyekti olaraq qlobal ekosistem kimi biosfer götürülür. Halhazırda yeni ixtisas fənnləri yaranmışdır. Bunlardan “insan cəmiyyəti – təbiət” sistemində qarşılıqlı əlaqələrini öyrənən insan ekologiyasını (antropoekologiya) göstərmək olar. Müasir ekologiya çox sıx siyasət, iqtisadiyyat, hüquq (beynəlxalq hüquq da daxil olmaqla), psixologiya, pedaqogika ilə əlaqədardır, belə ki, yalnız bunların birlikdə ittifaqı ilə XX əsrə xas olan dəyişən texnokratik düşüncədən azad olmaq mümkündür və insanlarda təbiətə münasibətdə yeni tip ekoloji yanaşmanı aşılamaq lazımdır. Elmi-praktik nöqteyi-nəzərdən ekologiyanı nəzəri və tətbiqi ekologiyalara ayırırlar. Nəzəri ekologiya həyatın təşkilinin ümumi qanunauyğunluqlarını öyrənir:
-tətbiqi ekologiya isə biosferin insan tərəfindən dağılmasının mexanizmini, bu prosesin qarşısının alınmasının üsullarını və təbii resurslardan səmərəli istrifadə etməyin prinsiplərini öyrənir. Tətbiqi ekologiyanın elmi əsasını ümumi ekoloji qanunlar, qaydalar və prinsiplər təşkil edir. Yuxarıda qeyd edilən anlayış və istiqamətləri nəzərə alsaq, ekoloji məsələlərin nə qədər müxtəlif olduğunu görərik.
 Ümumi nəzəri planda ona daxildir:
– ekoloji sistemlərin dayanıqlığının ümumi nəzəriyyəsinin hazırlanması;
– mühitə adaptasiyanın ekoloji mexanizminin öyrənilməsi;
– populyasiyaların sayının idarə edilməsinin tədqiqi;
– bioloji müxtəlifliyin və onun saxlanılması mexanizminin öyrənilməsi;
– məhsuldar proseslərin tədqiq edilməsi;
– biosferin dayanıqlığını təmin etmək məqsədilə ondakı prosesləri tədqiq etmək;
– qlobal biosfer proseslərinin və ekosistemin vəziyyətinin modelləşdirilməsi.
 Hazırda ekologiyanın həll etməli olduğu əsas tətbiqi məsələlər aşağıdakılardır:
– insanın fəaliyyəti nəticəsində ətraf mühitə mümkün olan
mənfi təsirləri proqnozlaşdırmaq və qiymətləndirmək;
– ətraf təbii mühitin keyfiyyətinin yaxşılaşdırılması;
– təbii resursların saxlanılması,çıxarılması və səmərəli istifadəsi;
– ekoloji cəhətdən əlverişsiz olan rayonlar daxil olmaqla ekoloji təhlükəsiz dayanıqlı inkişafı təmin etmək üçün
mühəndis, iqtisadi, təşkilati-hüquqi, sosial və başqa məsələlərin optimallaşdırılması.
Yeni yanaşmada ekologiyanın strategiyasına insan cəmiyyətini biosferin ayrılmaz hissəsi kimi qəbul etməklə cəmiyyət ilə təbiətin qarşılıqlı əlaqəsinin nəzəriyyəsini inkişaf etdirmək durur.
 Beləliklə, ekologiya gələcəyin ən mühüm elmlərindən birinə çevrilir və mümkündür ki, “bizim planetdə insanın mövcud olması onun inkişafından asılı olacaq”.