UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Saçlar həftədə 1 və ya 2 dəfə yuyulmalıdır. Saçın xüsusiyyətindən asılı olaraq müvafiq növ şampun istifadə edilir. Başı yuyan zaman dərini dırnaqlarla cızmaq/zədələmək olmaz. Saçlar ilıq su ilə yaxşıca yaxalanmalıdır. Əgər saçlar tez yağlanandırsa qidalanmaya diqqət etmək lazımdır. Sağlam olmayan qidalanma (fast-fudlar, qızardılmış yeməklər, şirniyyatlar və s.) mədə-bağırsaq sistemində iltihab prosesini artırır, yağ balansını pozur və nəticədə saç və dəri tez yağlanmağa başlayır. Dəsmalla qurudulduqda saçları bərk sıxmaq və burmaq məsləhət deyil. Fenden az istifadə etmək tövsiyə olunur. Qalın və uzun saç üçün əvvəl seyrək dişli daraq istifadə edilməli, sonra saç fırça-daraq və ya sıx dişli daraqla daranmalıdır.
Dəriyə və üzə qulluq
Daha yaxşı olardı ki, gənclər gümrahlıq üçün səhər duş, axşam isə günün gərginliyini götürmək üçün vanna qəbul etsinlər. Yeniyetmələrə günlük duş qəbulundan sonra antiperspirant və ya dezodorantdan istifadə etmək məsləhət görülür. Yeniyetməlik dövründə hormonların təsiri nəticəsində dərinin yağlanması artır və sızanaqlar (akne) əmələ gəlir. Sızanaqlar ən çox üzdə, sinədə, belin yuxarı hissəsində müşahidə olunur. Küçənin tozu yağlı dəridə olan sızanaqları daha da artıra bilər. Hər gün küçədən evə gələndə üz dərsinin tipinə uyğun olan kosmetik gel, lasyon, yuyucu vasitə ilə üz silinməli, su ilə yuyulmalı və fərdi dəsmalla qurulanmalıdır.
Həmçinin, dəri xəstəliklərinə yoluxmamaq üçün ev heyvanları ilə təmasdan çəkinmək, dənizdə və hovuzda çimdikdən sonra duş qəbul etmək, başqalarının daraq, ayaqqabı və geyim əşyalarından istifadə etməmək, əl və dırnaqları təmiz saxlamaq, tərləməni azaltmaq, göbələk xəstəliklərinin qarşısını almaq üçün ayaqları hər gün sərin su və sabunla yumaq vacibdir.
Dişlərin təmizliyi
Dişlər gündə 2 dəfə: səhər və axşam fırça və diş pastası ilə təmizlənməlidir. Başqa bir şəxsin diş fırçasından istifadə etmək olmaz. Yeməkdən sonra diş sapından istifadə edilməli, ağız boşluğu yaxalanmalıdır. Çox isti və çox soyuq yeməklər diş minasını zədələyir. Diş və diş əti xəstəliyinin ilk əlamətləri baş verərsə, dərhal diş həkiminə müraciət etmək lazımdır. Profilaktik müayinə üçün diş həkiminə ən azı ildə iki dəfə müraciət etmək tövsiyə olunur.