UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

PMS nədir?

PMS və ya premenstrual sindrom dedikdə, qızlarda menstruasiyadan əvvəli və ya menstruasiya zamanı baş verən emosional və fiziki simptomlar başa düşülür. Bu simptomlara əhval-ruhiyyənin dəyişməsi, kədər, narahatlıq, bədəndə şişkinlik və dəridə sızanaqların çıxması daxildir. Simptomlar menstruasiyanın ilk bir neçə günündən sonra yoxa çıxır.

Qarın ağrılarına qarşı nə edə bilərəm?

Bir çox qızlarda, xüsusən də menstruasiyanın ilk bir neçə günü ərzində qarında, adətən qarının aşağı hissəsində ağrılar olur. Qarın ağrıları sizi narahat edirsə, aşağıdakı üsullardan istifadə edə bilərsiniz:

  • qarnınıza isti bir şal bağlayın və ya isidici yastıq qoyun,
  • ibuprofen və ya naproksen kimi iltihab əleyhinə və ağrıkəsici dərmandan istifadə edə bilərsiniz.

Nəyə diqqət yetirməliyəm?

Əksər qızların menstruasiya ilə bağlı heç bir problemi olmur. Ancaq aşağıdakı hallarda mütləq həkimə müraciət edin: 

* 15 yaşınız var və menstruasiya başlamayıb,

* menstruasiya 2 ildən artıqdır başlayıp, lakin hələ də müntəzəm deyil (normalda təxminən 4-5 həftədən bir olmalıdır),

* menstruasiyalar arası dövrlərdə də qanaxma olur,

* ibuprofen və ya naproksen kimi ağrıkəsicilərin qəbuluna baxmayaraq, qarnınızdakı şiddətli ağrılar azalmır,  

* çox ağır qanaxma (hər saatda və ya daha tez-tez bir gigiyenik bez və ya tampon dəyişməyi tələb edən qanaxma halları) olduqda, 

* təxminən bir həftədən çox davam edən menstruasiya,  

* gündəlik həyat fəaliyyətinizə mane olan ağır premenstrual sindrom. 

Menstruasiya hər bir qızın həyatının təbii, sağlam bir hissəsidir. Və menstruasiya idman etməyə, əylənməyə və həyatdan həzz almağa mane olmamalıdır. Menstruasiya ilə bağlı suallarınız varsa, həkiminizdən, valideyninizdən, məktəbdəki tibb bacısından və ya sizdən böyük bacınızdan soruşun və məsləhətləşin.