UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” (“Health Behaviour in School-aged Children (HBSC) beynəlxalq tədqiqatının tarixi

“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” (HBSC) sorğusu Avropa və Şimali Amerikada geniş istifadə edilən və hazırda 49 ölkədə hər dörd ildən bir keçirilən araşdırmadır. HBSC şəbəkəsi 11-,13- və 15- yaşlı qız və oğlan uşaqlarının sağlamlıq və rifahı, sosial mühit və sağlamlıq davranışları haqqında məlumatları toplayır.

Azərbaycanın HBSC şəbəkəsinə qoşulmasının birinci addımı olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2017-ci ilin aprel ayında pilot layihə olaraq Azərbaycanın Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla, 11, 13 və 15 yaşlı şagirdləri arasında “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair pilot sorğu keçirilmiş və əldə edilmiş məlumatlar təhlil edilərək nəticələr
əsasında hesabat hazırlanmışdır.

Hazırlanmış hesabat 19 iyun 2017-ci il tarixdə Norveçin Bergen şəhərində keçirilmiş “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi” üzrə beynəlxalq şəbəkənin konfransında təqdim olunmuş və beləliklə ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə üzv seçilərək HBSC tədqiqatının ölkə üzrə iri miqyasda aparılması hüququnu əldə etmişdir.

Ölkəmiz də 2017-ci ildən etibarən artıq “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinin (Health Behaviour in School-aged Children - HBSC) üzvüdür və ölkəmizin bu üzvlüyü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınır və dəstəklənir.

“Health Behaviour in School-aged Children (HBSC)” “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq tədqiqat şəbəkəsi - məktəbli şagirdlərin beynəlxalq miqyaslı təqdiqatlarında əməkdaşlıq edən tədqiqatçıların beynəlxalq ittifaqıdır. Tədqiqatın təşəbbüs tarixi 1982-ci ildən - İngiltərə, Finlandiya və Norveçdən olan tədqiqatçıların məktəbli uşaqları öyrənmək üçün təqdim olunan araşdırma protokolunu inkişaf etdirmək və həyata keçirmək üçün razılaşdıqları vaxtdan başlayır.

1983-cü ildən isə HBSC tədqiqatı ÜST-nin Avropa üzrə regional ofisinin birgə tədqiqatı kimi qəbul edildi. Bu hesabatda 2017-ci ildə Azərbaycanda həyata keçirilən HBSC-nin məlumatları verilmişdir. HBSC sorğusu aparılan dövrdə ilk dəfədir ki, beynəlxalq səviyyədə tanınmış metodologiyadan istifadə edərək bu cür məlumatlar Azərbaycanlı uşaqlardan da toplanmışdır.

HBSC sorğunun keçirilməsində əsas məqsəd yeniyetmələrin sağlamlığına və rifahına təsir edən bir çox tibbi, təhsil, sosial və ailə aspektləri müəyyən etməkdir. Bu araşdırmada cins, yaş, coğrafi amillər və ailənin gəlirləri ilə bağlı aspektlər barədə məlumatlar toplanmışdır. Gənc qızlar və oğlanlarımızın dünyası sağlamlıq, təhsil, məşğulluq, ictimai həyat, kəşf etmək baxımından böyük imkanlar dünyasıdır. Gənclərin risklərlə dolu bir dünyalarını daha yaxşı başa düşmək üçün HBSC sorğusu zəngin bir mənbədir. Toplanmış məlumatlar ölkədə gənclər üçün proqramların, tədbirlərin, siyasətin formalaşdırılmasında kömək edəcək fərqli bir dəlildir. Tədqiqat narahatçılıqları göstərən sahələri müəyyən edərək, gələcək siyasəti formalaşdırmağa və ya vəziyyəti yaxşılaşdırmaq üçün hədəflənmiş müdaxilələri inkişaf etdirməyə və həyata keçirməyə kömək edir.