UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Şəkərli diabet qanda şəkərin daim yüksək olması ilə müşayiət olunan xroniki xəstəlikdir. Qanda şəkərin miqdarının uzun müddət yüksək olması isə ağırlaşmalar yaradır, sağlamlıq üçün ciddi təhlükə doğurur. Bu ağırlaşmalar əlilliyə: ətrafların amputasiyasına, görmə qabiliyyətinin itirilməsinə, ömrün qısalmasına, ölümə, ürək patologiyasının inkişafına və insultlara gətirib çıxarır.
Şəkərli diabetin orqanlara təsiri
Diabet xəstəliyində əsasən göz damarları, aşağı ətrafların iri və xırda damarları, sinir lifləri zədələnir. İri damarlarda ağırlaşmalara səbəb isə arterial hipertoniya, piylənmə, xolesterinin yüksək səviyyəsi, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, menopauza, azhərəkətli həyat tərzi və irsi meyillilikdir.
Şəkərli diabetin gözlərə təsiri (Diabetik retinopatiya)
Qanda şəkərin səviyyəsinin yüksək qalması nəticəsində gözün tor qişasının damarları kövrəşləşir, elastikliyini itirir, bu səbəbdən damar divarının qabarması, sonra da tor qişaya qansızma və onun ayrılmaı baş verir. Nəticədə, xəstə görmə qabiliyyətini itirir.
Diabetik retinopatiyanın inkişafına təsir edən amillər:
- Diabetin davam etmə müddəti
- Qanda şəkərin səviyyəsinə yetərincə nəzarətin olmaması
- Hamiləlik
- Yüksək arterial təzyiq
- İrsi meyillilik
Diabetik retinopatiyaların qarşını almaq üçün çalışmaq lazımdır ki, qand şəkərin səviyyəsi acqarına 5,5 mmol/l-dən yuxarı olmasın. Arterial təzyiqin optimal göstəricisi isə 130/80 mm.cs-dan yüksəyə qalxmamalı, qanda xolesterinin normal səviyyəsi 4,4 mmol/dən aşağı həddə saxlanmalıdır.
Qeyd: 2-ci tip şəkərli diabet diaqnozu qoyulan insanlar diaqnoz məlum olan kimi dərhal göpz həkiminin müayinəsindən keçməlidirlər. Gözlərdə ağırlaşma yoxdursa, müayinə hər il, fəsadlaşma varsa, ildə 2-3 dəfə aparılmalıdır.
Şəkərli diabetin böyrəklərə təsiri
(Diabetik nefropatiya)
Böyrək yumaqcıqlarının əsas hissəsini çoxlu sayda damarlar təşkil edir ki, bunlar böyrəklərinfunksiyasını yerinə yetirir, yəni zəhərli metabolik məhsulların sidiklə ifraz edilməsini təmin edir. Bu damarlar bir növ “süzgəc” rolu oynayır. Normada zülal bu “süzgəc” dən keçmir. Şəkər və arterial təzyiq yüksək olduqda isə, bu “süzgəc”in zədələnməsi baş verir və beləliklə, lazımi maddə olan zülal sidiyə keçir. Nəticədə, bir sıra əlamətlər: ayaqlarda və üzdə şiş, arterial təzyiqin yüksəlməsi meydana çıxır. Daha sonra isə, xroniki böyrək çatışmazlığı inkişaf edir.
Diabetik nefropatiyanın qarşısını almaq üçün qanda şəkərin səviyyəsi normada saxlanmalı, arterial təzyiqə nəzarət edilməli (125/80 mm.c.s. səviyyəsində saxlamaqla), pəhriz tutulmalıdır (zülallara məhdudiyyət qoymaqla).
Ürək damarlarının aterosklerotik zədələnməsi
Ürək damarlarının aterosklerotik zədədlənməsi ürək əzələsinin qanla az təchiz olunmasına və ürəyin işemik xəstəliyinin yaranmasına gətirib çıxarır. Şəkərli diabet zamanı yaranan işemiya xəstəliyində xəstə təngnəfəslikdən (fiziki yüklənmə zamanı və ya sakitlikdə yaranan) və döş arxasında sıxıcı ağrılardan şikayət edir.
Qeyd: Damar divarları 75%-dən artıq daraldıqda miokard infarktı inkişaf edir.
Beyin damarlarının aterosklerotik zədələnməsi
Beyin dmarlarının ateroskleroz zədələnməsi zamanı qidalanma pozulduğundan yaddaşın və diqqətin zəifləməsi, yerimədə ləngər yerişlilik inkişaf edir.
Beyin damarlarının 75% daralması nəticəsində insult- beyin qan dövranının kəskin pozulması inkişaf edir. Bu isə öz növbəsində ölümə və ya ifliclərə, yaddaşın və əqli fəaliyyətin pozulmasına gətirib çıxarır.
Aşağı ətraf damarlarının aterosklerotik zədələnməsi
Şikayətlər:
- Yerimə zamanı ağrı(ən çox baldır nahiyəsində)
- Pəncələrin soyuq olması
- Dəridə solğunluq
- Barmaq uclarında və dabanlarda toxumaların hissiyatsız olması
Diqqət: Bu hallarda qanqrenanın inkişaf ehtimalı yüksəkdir ki, bu da aşağı ətrafların amputasiyası deməkdir.
İri damarlarda ağırlaşmalara qarşı profilaktika
Xolesterini normada saxlamaq üçün aşağıdakıları məhdudlaşdırmaq vacibdir:
- Heyvan mənşəli yağlar, kərə yağı, piy
- Yağlı ət, kolbasa məhsulları
- Toyuq ətinin dərisi
- Kəsilmiş heyvanın içalatı, başı və ayaqları
- Yağlı xəmir, yağlı süd məhsulları
- Duza qoyulmuş şorabalar
- Hisə verilmiş ət məhsulları
- Konservlər, bulyon kubikləri, çipslər
- Hazır souslar, duzlu balıq