UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Şəkərli diabet və fiziki aktivlik

Şəkərli diabet – qanda şəkərin səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlikdir. Şəkərli diabet xəstəliyi tam müalicə olunmasa da, bu xəstəliyi idarə etmək olar.

Şəkərli diabetli idarə etmək üçün fiziki aktivlik həyati vacib məsələdir!

Həyatınızı daha aktiv keçirmək üçün:

  • Lift əvəzinə pilləkəndən istifadə edin
  • Uşaqlarınızla/nəvələrinizlə oynayın
  • Nəqliyyatdan istifadə əvəzinə piyada gəzməyə üstünlük verin
  • Televizor kanallarını pultla deyil, ayağa qalxıb düymə ilə çevirin

Şəkərli diabet xəstəsi fiziki aktivliyə başlamazdan əvvəl müalicə həkimi ilə məsləhətləşməlidir!

Fiziki aktivliyin diabet xəstəsinə faydaları:

  • Qanda şəkərin miqdarını aşağı salır
  • Ürək-damar xəstəlilərinin yaranma riskini azaldır
  • İnsulinin təsirlərini artırır
  • Normal çəkini saxlamağa kömək edir
  • Enerji məsrəfini artırır
  • Stresdən azad olmağa kömək edir
  • Özünü daha yaxşı hiss etməyə kömək edir.

Fiziki aktivlik günlərində bunları nəzərə almaq lazımdır:

  • Həkimlə məsləhətləşmək lazımdır: ola bilər ki, qəbul edilən dərmanların dozası və qida qəbulunun rejimi dəyişdirilsin.
  • Qanda şəkərin miqdarının 14 mmol/l-dən yüksək olması fiziki aktivliyə əks göstərişdir.
  • Fiziki hərəkətlər gün ərzində 45-60 dəqiqədən artıq olmalıdır
  • Fiziki hərəkətlər zamanı qanda şəkərin səviyyəsinə nəzarət olunmalıdır
  • Şəkərli diabet xəstəsi özü ilə şəkərli diabet xəstəsi olduğu barədə yazılı məlumat gəzdirməlidir

Fiziki aktivlik zamanı qanda şəkərin səviyyəsinin qəfil aşağı düşməsinin (hipoqlikemiya) simptomlarından qorunmaq üçün şəkərli diabet xəstəsinin yanında daim tez mənimsənilən karboihidrat tərkibli qidalar (qənd, meyvə şirəsi, kişmiş, bal və ya sirop) olmalıdır.

Şəkərli diabet infeksion xəstəlik olmasa da, 21-ci əsrin ən tez sürətlə artan xəstəliyinə çevrilib.

Diabetdən güclü ol!