UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Ürək-damar xəstəlikləri

Aterosklerotik mənşəli  ürək-damar xəstəlikləri (ÜDX), xüsusən ürəyin işemik xəstəliyi (ÜİX), bütün dünyada erkən yaşda ölümlərin əsas səbəbi olan xronik xəstəliklərdir. ÜDX əhali arasında əlilliyin və əmək qabiliyyətinin itirilməsinin aparıcı səbəbidir1. ÜDX-nin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, qidalanma, fiziki aktivlik, eləcə də psixo-sosial amillərlə sıx əlaqəlidir178.

ÜDX-nin profilaktikası onun təsirinin və ya ÜDX ilə əlaqəli əlilliyin aradan qaldırılmasına və ya azaldılmasına yönəldilmiş ictimai və ya fərdi səviyyədə həyata keçirilən tədbirlər kompleksindən ibarətdir. ÜİX səbəbindən baş verən ölüm hallarının azalmasının 50%-i risk faktorlarına təsir etməklə, 40%-i isə müalicənin yaxşılaşdırılması ilə əldə edilir, bu da profilaktikanın effektiv olmasından xəbər verir56.

ÜDX-nin profilaktikası ideal şəkildə hələ antenatal inkişaf dövründə başlayır və həyat boyu davam edir.

Ənənəvi olaraq ÜDX-nin profilaktikası birincili və ikinciliyə bölünür.

Birincili profilaktikaya dair iki yanaşma strategiyası mövcuddur: bütün əhaliyə yönəldilmiş strategiya və yüksək risk strategiyası134. Bütün əhaliyə yönəldilmiş strategiya həyat tərzinin dəyişdirilməsi və ətraf mühitin yaxşılaşdırılması (məsələn, tütünçəkmənin qadağan edilməsi və qida vasitəsi ilə duzun qəbulunun azaldılması) kimi tədbirlər vasitəsi ilə ÜDX-nin əhali səviyyəsində azaldılmasına istiqamətlənir.

Yüksək risk strategiyası isə profilaktik tədbirləri ÜDX-si olmayan və eyni zamanda çox yüksək risk qrupuna aid olan insanlarda (məsələn, bir neçə risk amillərinin birləşməsi hallarında: tütünçəkmə, yüksək arterial təzyiq, şəkərli diabet və ya dislipidemiya) risk amillərinin azaldılmasına istiqamətləndirilir.

İkincili profilaktika artıq ÜDX diaqnozu qoyulmuş insanlarda aparılır134.

Ümumiyyətlə, ÜDX-nin profilaktikasının bünövrəsi sağlam həyat tərzindən, ənənəvi risk amillərinin təsirinin azaldılmasından, eləcə də kardioprotektor terapiyasının seçilmiş şəkildə tətbiq edilməsindən ibarətdir.