UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Şinlərin qоyulmаsı zərərçəkənin təkrаr bахışı zаmаnı və yа tibb müəssisəsinə göndərilməsindən əvvəl аpаrılır. İmmobilizasiya hadisə yerində və mümkün qədər tez müddətdə yerinə yetirilməlidir. İmmobilizasiya etmək mümkün olmadıqda zərərçəkəni aşkar etdiyiniz vəziyyətdə saxlayın.
- Qanaxmanı dayandırın
Turna qoyulubsa, onun üstünü yumşaq sarğı və şinlə örtməyin. Turna açıldıqda immobilizasiya pozulmamalıdır.
- İnfeksiyanın yayılmasının qarşısını alın
- Bütün yaraları işləyib, sarğı qoyun. Şini birbaşa açıq yaranın üstünə qoymayın. Şin qoymazdan əvvəl yaralara sarğı qoyun. Bunun üçün paltarı kəsməklə geyim altında olan yaraların (açıq sınıqlar və s.) üstünü açın. İmmobilizasiyanı ancaq yaranın işlənməsi və təmiz sarğının qoyulmasından sonra edin.
- Şin qoymazdan əvvəl zərərçəkənin ağrılarını sakitləşdirin.
- Hərəkətsizləşdirin
Nəqliyyat şinləri geyimlə ayaqqabıların üstündən və ya çılpaq bədən üzərinə qoyulur.
- Şin çılpaq bədənə qoyulduqda onun üstünə zədələnmiş hissənin formasına müvafiq olan yumşaq altlıq qoyun.
- İmmobilizasiya etdikdə sümüklə təmasda olan yerlərə yumşaq əşya qoyun və yaranan boşluqları yastıq, dəsmal, pambıqla doldurun.
- Yuxarı ətrafa şin qoyduqda qoltuq altına pambıqdan hazırlanmış mütəkkə və ya yastıqca qoyun. Ətrafı sinəyə təsbit etdikdə ovucun içinə yastıqca qoyub, sinəyə doğru çevirin və ləçək vasitəsilə boynundan asın.
- Topuğun və pəncənin zədələnməsində immobilizasiya üçün yastıq və ya bükülü örtük (ədyal) kimi yumşaq vasitələrdən istifadə edin.
- Şini sağlam ətraf və ya öz üzərinizdə formalaşdırıb (uyğunlaşdırıb), zərərçəkənə tətbiq edin.
- Ətraflara fizioloji vəziyyət verin:
- yuxarı ətraf üçün: çiyin bədənə gətirilməli və said 900 bucaq altında qatlanmalıdır;
- aşağı ətraf üçün: baldırın diz oynağında qatlanması ilə budun 5–7o çanaq-bud oynağında qaldırılması;
- onurğa və çanaq üçün sərt səth üzərində (xərək, lövhə) bədənin və ətrafların təsbiti aparılmalıdır;
- zərərçəkənin çanaq sümükləri sındıqda sərt səth üzərində uzandırıb, diz altı nahiyəyə yastıq qoyulmalıdır.
- boyun və baş zədələnməsində boyun yaxalığı qoyub, bütün bədən lövhə üzərində təsbit edilməlidir;
- Zərərçəkən və ya digər xilasedicinin şini qoymağa kömək etməsi məsləhətdir, çünki zədələnmiş ətraf əllə zədə yerindən yuxarıdan və aşağıdan tutularaq saxlanılmalıdır. Zərərçəkən zədələnmiş yuxarı ətrafa rahat vəziyyət vermək üçün sağlam əlin köməyi ilə sinəsində saxlaya bilər. Zərərçəkən yer dəyişdikdə onun şinli ətrafını əllə tutun.
- Said və baldır sümüklərinin sınıqlarında iki qonşu oynaq (zədələnmiş nahiyədən aşağı və yuxarıda olanlar), bazu və bud sınıqlarında isə üç oynaq hərəkətsiz vəziyyətə gətirilməlidir. Dirsəkdən qatlanmış qolun immobilizasiyası üçün kiçik bir taxta parçasını diaqonal boyu, şəkildə göstərildiyi kimi qoyun. Şin dirsək və biləkdən bir neçə santimetr kənara çıxmalıdır.
- Oynaq sümükləri sındıqda onu tərpətməyin və olduğu vəziyyətdə immobilizasiya edin.
- Şini çoxqatlı ləçək, tənzif sarğısı və digər sarğı materialı ilə bütün ətraf boyu sıx sarıyın. Qan dövranının pozulmaması və ağrının olmaması üçün sarğını çox sıx etməyin. Düyünləri sağlam nahiyədə bağlayın.
- Ətraflarda qanın dövriyyəsinə nəzarət edin. Zərərçəkən ağrının güclənməsindən, ətrafın kеyləşməsindən şikayət edərsə və onda qan dövranı pozğunluğu müşahidə olunursa qoyulan şin (sarğı) açılıb, yenidən bağlanmalı və yа bir az boşaldılmalıdır.
- Zədələnmiş ətrafı mümkün qədər bədən səthindən hündürə qaldırıb, saxlayın.
- Dəridən çıxan sümüyün və ya batmış əşyanın ətraflarını tənzif və ya başqa sarğı materialları ilə doldurduqdan sonra sarıyın. Sümük çıxıntılarına birbaşa təzyiq etməyin. Əlləri açıq yaraya və çıxmış sümüklərə vurmayın.
- Zərərçəkəni soyuqdan və istidən qoruyun. Soyuq havada zədələnmiş ətrafı örtüklə (ədyalla) bükün.
- Tənəffüsünə və zərərçəkənin huş səviyyəsinin dəyişməsinə fikir verin.
- Qida və su qəbuluna icazə verməyin.
- Tibb müəssisəsinə müraciət edin.
Düz qoyulmamış sarğı toxumaları sıxaraq ödem (şişkinlik), yataq yarası, ətrafda qanqrena (toxumaların çürüməsi) və sairə fəsadlar verə bilər. İmmobilizasiya etdikdən sonra zərərçəkənin rahat vəziyyət almasına kömək edin, zədələnmiş nahiyəyə soyuq kompres qoyun, onu isti və ya soyuğun təsirindən qoruyun və sakitləşdirin.