VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Desmurgiya. Sarğı və sarğı materialları

Desmurgiya (“desmos” yunan sözü olub, sarıq, sarğı, bağ deməkdir, “ergon” ” yunan sözü olub, iş, hərəkət, əməliyyat deməkdir) – sarğılar, onların işlədilməsi, qoyulma qaydası və s. bəhs edən elm sahəsidir. Sarğı ilk yardımın əsas vasitəsi sayılır. Əksər zərərçəkənin müalicəsinin nəticəsi məhz sarğının keyfiyyətindən asılı olur. Hətta, sağlam nahiyəyə səhv, keyfiyyətsiz qoyulan sarğı ağrı, şişmə, göyərmə, narahatlıq hissi ilə yanaşı, daha ağır fəsadlara da səbəb ola bilər.

  1. Sarğı materialı

Sarğı materiallarının yaraya yapışması onun mənfi cəhəti olmasına baxmayaraq, sarğı yaranı mexaniki, bakterioloji və s. təsirdən qoruyur, qanaxmanı dayandırır. Onlar asanlıqla qoyulub, çıxarılır. Çalışın steril sarğı materiallarından istifadə edəsiniz. Əks halda, əl altında olan təmiz, tüksüz (xovlu olmayan), yaraya yapışmayan materiallarından istifadə edə bilərsiniz.

Sarğı zamanı işlənilən materialın bərkliyinə görə yumşaq, sərt və xüsusi sarğılar ayırd edilir

-  Yumşaq sarğılar. Tənzif, bint, salfet, kətan, bez, parça zolağı, flanel, ləçəkvari sarğı, sapanvari (ucları haçalanmış) sarğı, rezinlənmiş bint, yapışqan və ya yapışqanlı sarğılar, elastik rezin turnalar, tənzif-pambıq, elastik brezent-pambıq şinlər, şəbəkəli (torlu) sarğı, plastır sarğılar (leykoplastır) və s.

-  Bərk sarğılar. Müvəqqəti immobilizasiya (hərəkətsiz) edici kimi işlədilən taxta, plastmas, pnevmatik nəqliyyat şinləri, uzun və qısa onurğa lövhələri, azadetmə qurğusu, gips və s. Birləşdirici kəməri olmayan bərk sarğılar bədən səthinə yumşaq sarğılarla bərkidilir.

- Xüsusi sarğılar. Bandaj, fərdi sarğı zərfi və s.

  1. Sarğıların növləri

Sarğılar istifadə məqsədindən asılı olaraq müxtəlifdir.

»      Qoruyucu (mühafizəedici), örtücü sarğılar yaranın üstünü örtmək üçün istifadə olunur. Xarici mühitin zərərli təsirindən dərini, yaranı, dərman maddələrini və s. qorumaq məqsədilə tətbiq edilir.

»      Təsbitedici (bərkidici), möhkəmləndirici sarğılar hər hansı məqsədlə bədən səthinə qoyulan əşyanın (gips, qoruyucu sarğı, şin və s.) yerindən sürüşübdüşməsinin qarşısını almaq üçün onun üzərinə bərkidilir. Bunlar ləçəkvari, sapanvari, yapışqanlı, bintlə, plastırla və s. təsbit edilən sarğılardır.

»      Sıxıcı sarğılar bədənin müəyyən hissəsində daim təzyiq yaratmaq, çox zaman isə qanaxmanı dayandırmaq üçün işlədilir.

»      Hərəkətsizləşdirici (immobilizasiya edici) sarğılar bədənin zədələnmiş nahiyəsinin hərəkətsizliyini təmin etmək üçün tətbiq edilir.

»      Düzəldici (düzgün vəziyyətə gətirən) sarğılar bədənin lazım olan hissəsinin vəziyyətini düzəldir.

»      Dartıcı sarğılar – bədənin hər hansı bir hissəsini daim dartan sarğılardır.

  1. Yaralanmada qoyulan sarğılar

Yаrаlаnmаda qoyulan sarğılarda məqsəd qаnахmаnı dayandırmaq, yaranı infеksiyаdan qorumaq və ağrını аzаltmаqdır. Ciddi qanaxmada yara təmizlənməmiş, qanaxma dayandırılmalıdır. Yüngül, həyat üçün təhlükə törətməyən qanaxmada sarğını qoymazdan əvvəl yara fiziоlоji məhlulla və ya çoxlu təmiz su ilə təmizlənib yuyulmalıdır. Yaranın kənarlarını və onun ətrafını yod məhlulu ilə dezinfeksiya etmək məsləhətdir.

Çox zaman sarğı qoyulmasına göstəriş yara və dəri üzərinə qoyulmuş sarğı materialını (salfeti) təsbit etməkdən (sarıyıb bərkitməkdən) ibarət olur. Yara olduqda onun üzərinə mütləq steril və ya təmiz material qoyub, digər materialla (bint, ləçək, leykoplastır, torlu bint və s.) təsbit etmək lazımdır.

Yaraya qoyulan sarğı iki hissədən ibarətdir:

» örtücü sarğı – açıq yaranın üstünü örtmək üçün qoyulan hissə;

» təsbit edici sarğı – örtücü sarğını bədən üzərində saxlayan hissə.

Bintlə qoyulan sarğılar

Bint sarğıları daha münasib və çox yayılmış sarğılardır. Bint yaranın üzərinə qoyulmuş steril salfetin saxlanması, zədələnmiş nahiyənin qorunması və oynaqların sarınması üçün istifadə olunan sarğı materialıdır. Sarğılar müxtəlif məqsədlər üçün istifadə olunur: materialların (tənzif, salfet və digər sarğı) zədə almış nahiyənin üzərində saxlamaq, qanaxmanı dayandırmaq, zədələnmiş yeri hərəkətsizləşdirmək, şişkinliyi azaltmaq.

Fövqəladə vəziyyətdə sarğılar paltarın hər hansı bir hissəsindən və parçasından edilə bilər. Sarğılara verilən tələblərə (hiqroskopiklik – nəmçəkən, elastiklik, məsaməlilik, möhkəmlik, qoyulduğu yerdə lazımi təzyiqin yaradılması və s.) daha çox cavab verdiyinə görə, bint sarğılarından daha geniş istifadə edilir.

Bu məqsədlə müxtəlif uzunluqda və enində tənzif sarğılardan istifadə edilir. Tənzif bintlər asan dartılır və sarıdıqda bədənin formasına görə yaxşı modelləşir. Eni 3 sm-dən 10–20 sm-dək olan lent şəklində tənzif parçasına bint deyilir. Bintin uzunluğu 5–7 metrdən artıq olmur. Bintin eni bədənin hansı hissəsinə sarğı qoyulmasından asılı olaraq seçilir. Əl və ayaq barmaqları çox vaxt ensiz bintlə (3-7 sm); baş, çiyin, said, baldır orta ölçülü bintlə (10–12 sm); döş qəfəsi və bud enli bintlə (14–16 sm) sarınır. Bintlər steril və qeyri-steril vəziyyətdə buraxılır. Steril bintin örtüyü altındakı nazik sapın sərbəst ucunu dairəvi hərləməklə (çevirməklə) kağız örtük kəsilir, bint açılır. Sarıyarkən bintin baş hissəsi yuxarı tutulmalıdır. Düzgün qoyulmuş sarğı bədənin xəstə yerini tamam örtməli, qan dövranını pozmamalı və zərərçəkəni incitməməlidir.

Sarğının qoyulmasının başlanma mərhələsi

»      Bütün bint sarğıları 2–3 dairəvi təsbitedici turlarla başlayır, bint sürüşməsin deyə, ucu 5–10 sm sərbəst saxlanılır və birinci turun üstünə qatlanaraq sonrakı ilə bərkidilir. Sonra dairəvi (əvvəlki dövrəni tamamilə örtür), spiral (çəp istiqamətdə aparılır və əvvəlki dövrənin qismən üçdə-iki hissəsini örtür) və s. bint sarğı qoyulma variantından birini istifadə etmək olar. Konusa bənzər bədən nahiyəsini yaxşı bürüyüb əhatə etmək üçün binti hər 1–2 turdan sonra burub çevirərək sarğını qoymaq lazımdır.

» Sarğını hər 2 əllə edirlər. Adətən, bintin sərbəst başlanğıc hissəsini (ucunu) sol əllə tutub sağ əllə onu soldan sağa doğru – saat əqrəbi istiqamətində aça-aça dolamaq lazımdır.

» Sarğı təsbit olunan dairəvi turla başlanmalı və eyni qayda ilə də bitməlidir.

» Bintin hər dövrəsi əvvəlki dövrənin yarısını və ya üçdə-iki hissəsini örtməlidir. Bintin hər iki ucu müəyyən bir üsulla bərkidilməlidir.

»  Ətrafa sarğı periferiyadan (ətrafın ucundan) mərkəzə (gövdəyə), sağlam yerdən yaraya doğru aparılır.

»  Bintin bütün turları əvvəldən axıradək bərabər qüvvə ilə sıxılmalı, venoz durğunluq, şişkinlik və ağrı yaratmamalıdır.

» Bintin turları sarğıdan çıxmamalı, qatlanmamalı, sıxılmamalı, göstəriş olmadan burulmamalı: qırış, büküş və səliqəsizlik bintin boşalmasına, toxumaların sıxılmasına səbəb olur.

Sarğı qoyulmanın son mərhələsi

Bint sarğısını binti bərkitməklə tamamlayırlar. Bintin ucu (ucları) müxtəlif üsulla, adətən, yaranın əks tərəfində (sağlam tərəfdə) düyünləməklə, sancaqla, qısqacla, plastırla və digər üsullarla bərkidilməlidir. Binti düyünləməklə təsbit etmək üçün onu son sərbəst ucundan 5–10 sm aralı ayırmaq və ya kəsmək, sonra isə kəsiyi sərbəst üçün axırına (sonuna) qədər davam etmək lazımdır. Bintin haçalanmış uclarını bir-biri ilə çarpazlaşdırıb, əks istiqamətlərdə sarğı üzərinə dolandıraraq qarşı tərəfdə düyünləmək lazımdır. Düyün zədədən, oynaqdan, səthi sinir damar kötüklərindən kənarda bərk sıxılmamalı və sərbəst ucları qısa kəsilməlidir. Əgər bint qurtarıbsa, yeni bint onun üzərinə dairəvi gedişlə bərkidilir və sonra sarıma davam etdirilir. Hər hansı bir nahiyənin hər iki tərəfi zədələnmişdirsə, düyünü nahiyənin ortasında bərkidin. Sarğı qoyulduqdan sonra düyünlərin ucunu sarğının altında gizlədin. Düzgün qoyulmuş sarğıda büküşlər, qırışlar olmamalı, bintin dövrləri sarğıdan ayrılmamalıdır.

Digər yumşaq sarğılar

  1. Sapandvari sarğılar.

Bu sadə tipli sarğılardan olub, baş nahiyəsində daha çox işlədilir.

Bu məqsədlə 75–80 sm uzunluğunda enli bint yaxud parça götürülür və hər iki tərəfindən, ortada 15–20 sm qalana qədər, uzununa kəsilir. Bu zaman sarğının dörd ucu əmələ gəlir. Orta hissəsi zədələnmiş nahiyəyə qoyulur, kəsilmiş uclar çarpazlaşdırılmaqla aşağı uc digər tərəfin aşağı ucu, yuxarı uc isə əks tərəfin yuxarı ucu ilə bağlanılır. Əksər hallarda sapandvari sarğılar burun, üst dodaq, alın, ənsə, diz nahiyəsinə və alt çənəyə qoyulur.

  1. Yapışqanlı sarğılar

Yapışqanlı maddələrlə (leykoplastır, kleol və s.) bərkidilən sarğıların bint sarğılarına nisbətən bir sıra üstünlüyü vardır. Onlar sarğı materiallarının sərf edilməsi baxımından sərfəli, texniki cəhətdən sadədir. Sarğı qoymaq üçün çox vaxt tələb olunmur, zərərçəkəni sıxıb ona əziyyət vermir. Hazırda bu sarğılar geniş tətbiq edilir.

Plastırlı sarğı

Plastır kimi tanınan yapışqanlı sarğılar kiçik ölçülü yaralar üçün nəzərdə tutulmuşdur. Plastır parça zolağı olub tənzifdən və sellülozadan hazırlanmışdır. Plastırın bir tərəfi yapışqanlı və steril olub yara üzərinə qoyulur. Onlar müxtəlif ölçüdə olur. Xüsusi olaraq barmaqlar, bilək və ayaq üçün istifadə edilir.

Plastırı istifadə etdikdə kağızdan qoruyucu zolaqları üzü yuxarı çıxarın. Sonra onu ortadan üzü aşağı elə əyin ki, qoruyucu zolaqların ucu görünsün. Zolaqları bir-birindən alt qatdakı steril materiala toxunmadan steril material tam görünənə qədər aralayın (zolaqlar tam çıxardılmamalıdır). Qoruyucu zolaqdan tutaraq steril materiala toxunmamaq şərti ilə yaranın üzərinə qoyun. Qoruyucu zolaqları dartıb çıxararaq plastırın kənarlarını sıxmaqla dəriyə yapışdırın. Yapışqanlı sarğıların sukeçirməyən növləri əldəki yaralar üçün ən yaxşı seçimdir.

Leykoplastır və kolloid sarğıları

 

Leykoplastır (yapışqan plastır) ətrafa tam sarınmamalıdır. Ətraf leykoplastırla dövrəyə alındıqda toxumaların qanla təchizatı pozula bilər. Bəzi insanların dərisi leykoplastıra həssas olduğu üçün onlardan bu barədə məlumat almaq lazımdır.

Kolloidli sarğılarda yapışdırıcı maddələr salfetin üstünə sürtülərək, dəriyə yapışdırılır.

Leykoplastır lentinin eni müxtəlif olmaqla rulonlar şəklində buraxılır. O, quru dəriyə yaxşı yapışır, lakin uzun müddət bədən səthinin üzərində qaldıqda plastırın altındakı dəri qıcıqlanır, sarğı islandıqda isə (irinlə və s.) dəridən qopur. Kiçik yaranın üstündə sarğı materialını saxlamaq üçün leykoplastırın parçasını sarğının üzərinə qoyub, plastırın sərbəst kənarlarını dəriyə yapışdırırlar.

  1. Standart steril sarğılar

Qatlanmış steril salfet (steril salfet yastıqcıqları) qoruyucu (mühafizəedici), örtücü sarğı materialı kimi və sarğı qoyulduqda boşluqları doldurmaq üçün əlavə yumşaq material kimi istifadə olunur. Belə sarğı materialı yumşaq olub bədən səthində istənilən formanı alır. Tənzifin aralarına pambıq qoyduqda, o, qanı və digər ifrazatı özünə yaxşı hopdurur. Yaraya təzyiq etmək lazım gələrsə, (qanaxma və s.) salfet bintlə bərkidilməlidir, digər hallarda salfeti yaranın üstündə saxlamaq üçün leykoplastırdan və s. sarğılardan istifadə edilməlidir.

Tənzif-pambıq steril standart sarğılar. Tənzif-pambıq tənzif üzlü pambıq yastıqcadan və ona tikilmiş bintdən ibarətdir. Hazır standart steril sarğılar müxtəlif ölçülü perqamentli kağız, rezinlənmiş parça və s. zərflərdə (paketlərdə) olur. Qoruyucu zərf zədələnərsə sarğı steril hesab olunmur.

- Standart steril sarğının zərfini cırıb açın və bintin sərbəst ucunu tapın. Steril sarğını açdıqda sterilliyini qorumaq üçün bintin yara üstünə qoyulan yastıqcaya toxunmayın.

- Bintin istənilən tərəfindən tutub, yastıqcanı yaranın üzərinə qoyun.

- Əvvəl bintin qısa tərəfini bir dəfə sarıyıb, onun sərbəst ucunu axırda düyünləmək üçün əlinizdə saxlayın.

- Bintin uzun ucunu yastıqcanın üzərindən lazımi qaydada sarıyın.

-  Sonra sarğının hər iki sərbəst ucunu bir-birinə bağlayın. Yaraya əlavə təzyiq göstərmək üçün düyünü yastıqcanın üzərində qoyun. Sarğı qoyduqdan sonra qanaxma davam edərsə qoyulmuş sarğını açmadan üzərinə yenisini qoyun. Qanaxma yoxdursa və ancaq yastıqca yerindən sürüşübsə sarğını açıb yenisi ilə əvəz edin.

- Sarğı yaranı və üzərindəki yastıqcanı tamamilə örtməlidir.

Fərdi steril zərf

Döş qəfəsinin nüfuzedici yaralanması zamanı və plevra boşluğuna hava daxil olduğu vaxt yaradan qanlı və köpüklənən maye xaric olur. Bu, ağır yaralanmadır. Yaraya havanın daxil olmasının qarşısını almaq məqsədilə belə zərərçəkənlərə yardım göstərən zaman, fərdi sarğı zərfi rezinlənmiş örtüyün iç tərəfi ilə yara bağlanılmalı, sonra isə hər iki döşəkcə yaranın üstünə qoyularaq tənziflə sıxılmalıdır (hermetik sarğı). Əgər yaralanma nəticəsində iki dəlik əmələ gələrsə (giriş və çıxış dəlikləri), hər dəliyə örtüyün bir yarısını və üstündən bir döşəkcə qoyaraq sarımaq lazımdır. Belə zərərçəkənlər yarımoturaq vəziyyətdə təxliyə edilməlidirlər.

Standart steril sarğılara fərdi steril zərf də aiddir. Fərdi steril zərf yaralanmalar və yanıqlar zamanı ilk yardım üçün nəzərdə tutulub. Onlar rezinlənmiş örtükdən, steril tənzif içərisinə doldurulmuş iki pambıq yastıqcadan və zərfin içinə qoyulan sancaqdan ibarətdir. Fərdi sarğı zərfi açarkən rezinlənmiş örtüyün iç tərəfinə toxunmayın və dəsti açdıqda sterilliyiniqoruyun.

  1. Şəbəkəli (torlu) sarğılar

Şəbəkəli (torlu) sarğı materialı əsasən steril salfeti və başqa sarğı materiallarını oynaqlar və barmaqlarda saxlaması üçün istifadə olunan sarğı materialıdır. Bu sarğı 7 ölçüdə satışa buraxılır.

  1. Bərk sarğılar

Bərk sarğılar (nəqliyyat şinləri, gips və s.) immobilizasiya və düzləndirmə məqsədilə qoyulur. Ən yaxşı üsul gips sarğısıdır. Bu sarğını qoyarkən tez bərkiyən maddələrdən istifadə edilir. İlk yardım göstərərkən immobilizasiya standart şinlər və ya əl altında olan vasitələrlə yerinə yetirilir. Pambığı bir başa yara üstünə heç vaxt qoymayın. Pambıq ikinci qat kimi (xarici qat kimi) tənzifin, salfetin və digər materialların üstünə qoyulur və ya boşluqları doldurmaq üçün əlavə yumşaq əşya kimi istifadə olunur.

Desmurgiya. Ətrafların immobilizasiyası

Nəqliyyat şinləri

Nəqliyyat immobilizasiyası – zərərçəkənin səhiyyə müəssisəsinə təxliyə edilməsi üçün xəsarət almış orqana, bədən hissəsinə və ya bütövlüklə bədənə rahatlığın və hərəkətsizliyin yaradılmasıdır.

Məqsəd: ağrını azaltmaq, sınmış sümüklərin yer dəyişməsinə və iti ucları ilə yumşaq toxumaları, əzələləri, qan damarlarını, sinirləri kəsməsinə yol verməmək, qapalı sınıqları açıq sınıqlara çevirməmək, zədələnmiş hissədə qan dövranının pozulma ehtimalını azaltmaq və zərərçəkənin təxliyəsi üçün optimal şərait yaratmaq.

İmmobilizasiya (hərəkətsizlişdirmək) desmurgiyanın bir hissəsidir. Etibarlı immobilizasiyasız zərərçəkəni təxliyə etməyin. Sınığın növündən asılı olmayaraq ciddi əzələ-sümük zədələnməsində soyuq tətbiq etmək və dikəltmək kimi yardım göstərməzdən əvvəl zədələnmiş nahiyəni (sınmış sümükləri) hərəkətsizləşdirin.

- Zədələnmiş nahiyənin hərəkətsizliyini təmin etmək üçün lövhələrdən və şinlərdən istifadə edin.

- İmmobilizasiyasız zərərçəkəni sağlamlığına təhlükə olmadıqda, yerindən tərpətməyin.

- Təcili tibbi yardım briqadası gələnə qədər ağrılı nahiyələri tərpətməyin, ağır deformasiyaya uğramış ətrafı həmin vəziyyətdə saxlayın və düzəltməyə çalışmayın.

- Şin qoyarkən əyilmiş və deformasiyaya məruz qalmış bədən üzvünü olduğu vəziyyətdə saxlayın.

- Sınmış sümük dəridən çıxıbsa, yaranı təmiz sarğı ilə örtün və ehtiyac olarsa, şin qoyun.

- Sümüyün sınmağından şübhə olduqda tədbirləri sınıqda olduğu kimi aparın.

Zərərçəkənin təxliyəsi üçün istifadə olunan şinlər – nəqliyyat şini, müalicə üçün isə – müalicə şini adlanır.

Nəqliyyat şinlərin özləri standart və improvizasiya olunmuş şinlərə bölünür.

  1. Standart şinlər

Standart nəqliyyat şinlərindən ən əhəmiyyətlisi pilləli, plastmas, pnevmatik və vakuumludur.

Standart şinlər təyinatına və konstruksiyasına görə tətbiq edilir.

»  Pilləli universal şinlər (Kramer şinləri) – dəmir məftildən pilləkən şəkildə olan bir vasitədir. Bu şin elastiklik və asanlıqla əyilməyi ilə istənilən formanı ala bilir və dezinfeksiya olunur. İstifadə etməzdən əvvəl üzərinə tənzif-pambıq və ya başqa yumşaq əşya qoymaq lazımdır.

» Plastmasdan hazırlanmış nəqliyyat şinləri – yuxarı ətrafı, baldırı və ayağın altı pəncəsini immobilizasiya etmək üçündür. Alüminium armaturunu daxil etməklə möhkəmləndirilmiş plastmas zolaqlardan ibarətdir. Yan tərəfdən ayaqqabıda olduğu kimi bağ (şnur) yapışqanlı lent və s. vasitələrlə şini kip bağlamaq üçün deşikləri vardır. Pilləli şinlər kimi elastikdir. Tənzif-pambıq və bintlə üstündən bağlamağa ehtiyac yoxdur. Yuxarı ətrafa qoyulduqda ləçəklə boyundan asılmalıdır.

» Tibbi pnevmatik şinlər iki qat nazik polimer pərdədən (plyonka) ibarətdir və nippel vasitəsilə kamera kimi doldurulur. Pnevmatik şinlər boru şəkilində (ətrafı içinə salmaq üçün) və boru şəkilini almaq üçün kənarları bir-birinə bəndlənən olurlar. Pnevmatik şinə hava vurmaqla kameradakı təzyiq tədricən yüksəlir və bu ətrafın mülayim və etibarlı təsbit edilməsinə imkan yaradır. Pnevmatik şinlər baldır və saidin zədələnmələrində istifadə olunur.

» Tibbi vakuum şini içində xırda plastmas qranulaları (dənələri) olan iki qat rezin parça örtükdən ibarətdir. Xüsusi sorucu nasosla şinin içindən hava sorularaq vakuum yaradılır və immobilizasiya üçün lazım olan sərtliyə çatdırılır.

  1. İmprovizasiya olunmuş şinlər

Əl altında olan vasitələrdən düzəldilmiş şinlər improvizasiya olunmuş və ya primitiv (sadə) şin adlanır.

Bunlara ensiz taxta parçası, lövhə, ağac, qalın karton, ayaq xizəyi, bel, çətir, faner, metal lövhəcik, qatlanmış qəzetlər və s. misal gətirmək olar. Bədənin özünü də şin kimi istifadə etmək olar – ayağı ayağa, qolu isə sinəyə (gövdəyə) təsbit etməklə.