UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Bayılma (və ya sinkopal vəziyyət) – qan damar saya əzələlərinin tonusdan düşməsi hesabına arterial təzyiqin həddindən artıq aşağı (qorxulu həddə qədər) enməsi səbəbindən beyinə gedən qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli qeyri-epileptik mənşəli itməsidir. Huşun qısa müddət ərzində itməsi dedikdə, orqanizmin qıcıqlara cavab reaksiyasının bir dəqiqədən çox olmaması və sonra tam bərpa olunması nəzərdə tutulur.
Beyinə gedən qanın qəflətən azalması adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir.
Bayılmanın ən çox yayılmış səbəbləri – qorxu, yorğunluq, aclıqdır.
İki yüksək risk qrupu mövcuddur: yaşlılar və ürək xəstəliyi olanlar. Məsələn, ürək ritminin pozulması (aritmiyalar) və ya aortal stenozu olan xəstələrdə bayılma ölümlə nəticələnə bilər. Digər xəstəliklər elədə qorxulu deyil. Buna görə diaqnozu dəqiqləşdirmək üçün zərərçəkən həkimə müraciət etməlidir.
- Bayılmanın (sinkopal vəziyyətin) üç dövrü var: sinkopönü, sinkop, sinkopdan sonrakı
Bayılmanın xəbərdaredici əlaməti olan sinkopönü dövr
Adətən bayılmaların əksəriyyətində bayılmadan əvvəl sinkopönü reaksiyalar baş verir: zərərçəkən özünü pis hiss edir, əsnəmə, zəiflik, başgicəllənmə (əsasən ayaq üstə olduqda), göz önündə qaralma, işartılar, yanıb sönən qığılcımlar və zolaqlar əmələ gəlir. Qulaqlarda küy və cingilti, əllər və ayaqlarda sanki ağırlaşma və keyləşmə halı yaranır. Bəzən ürəkbulanma və qusma olur. Zərərçəkən huşun itməsinin yaxınlaşmasını əvvəlcədən hiss edir, rəngi avazıyır, onu soyuq, yapışqanlı tər basır və bundan sonra huşunu itirir, bayılma – sinkop dövrü başlayır. Bu əlamətlərin müşahidə edilməsi bir çox hallarda xəstənin yanında olanlara onun yıxılmaması (asta-asta yerə enir və ya yıxılır) üçün qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaradır. Bəzi hallarda bayılma qəfləti də ola bilər.
Bayılma – sinkop dövrü
Bu dövr qısa sürür (bir neçə saniyədən bir dəqiqəyədək), nadir hallarda 1–3 dəqiqə olur. Bayılma 5 dəqiqədən artıq müddətdə davam etdikdə tonik-klonik qıcolmalar baş verir, qeyri-iradı sidik ifrazı müşahidə olunur.
Əlamətlər:
- huşun itməsi (bayılma zamanı zərərçəkən huşunu tamamilə itirir);
- zərərçəkənin rənginin solğun, avazımış, ağarmış olması, bədəninin soyuması, soyuq tər gəlməsi (dərisinin rəngi açıq olan insanlarda dəri bəzən yüngül qızarmış ola bilər, lakin dərinin solğun olması mütləqdir);
- əzələ tonusu aşağı düşür, reflekslər zəifləyir və ya olmur;
- bəbəklər genişlənir, işığa zəif reaksiya olur;
- bəzən ürəkbulanma və qusma qeyd edilir;
- tənəffüs zəif və səthi olur, bəzən hiss olunmur;
- arterial təzyiq sıfıra qədər enə bilər, nəbz zəif dolğunluqlu olur və ya onu əlləmək çətin olur.
Zərərçəkən yıxıldıqdan sonra üfüqi vəziyyət aldıqda, beyin qan dövranı tez bərpa olunur və qan təzyiqi həmin zərərçəkən üçün normal sayılan həddə yaxınlaşır. Əgər zərərçəkəni ayağa qaldırmağa tələssək o, yenə də huşunu itirə bilər.
Sinkopdan sonrakı dövr
Bu dövr bir neçə saniyə davam edir və zərərçəkənin huşu (şüuru) tezliklə bərpa olunur. Qeyd etmək lazımdır ki, sinkopun bütün növlərində eyni zamanda bu üç dövrü görmək olmur.
2. Bayılmada ilk yardım
Sizin yanınızda duran insan baş gicəllənmədən şikayətlənirsə və ya onun yıxılma ehtimalı varsa demək o, huşunu itirib yerə yıxıla bilər. Belə halda onu tutub, uzanmasına yardım edin və bir müddət tərpənməyə qoymayın.
Həmişə DRCABD-dan başlayın. Huş itdikdə tənəffüs yollarının tutulmasının əsas səbəbi dil olur. Huş itirildikdə əzələ tonusu (əzələ gərginliyi) zəifləyir, çənə və boyun əzələləri bоşаlır, arxası üstə uzanmış zərərçəkənin dilinin kökü arxaya və aşağıya, qırtlaq qapağının üzərinə sallanıb, tənəffüs yollarının tutulmasına səbəb olur. Dil alt çənəyə birləşdiyi üçün alt çənə qabağa çəkildikdə dil yuxarı qalxır və tənəffüs yolları açılır. Buna görə xilasedicinin əsas məqsədi – huşunu itirmiş zərərçəkənin tənəffüs yollarının keçiriciliyini təmin etməkdir.
» Yıxılıb zədə almamaq üçün zərərçəkən yıxıldıqda onu tutub, dərhal uzadın və başını bir böyürə çevirin.
» Uzanmış vəziyyətdə olan zərərçəkənin ayaqlarını 30 sm qaldırın. Baş bədənindən bir qədər aşağı olduqda beyin qanla (oksigen və qlükoza) yaxşı təmin edilir. Zərərçəkəni uzatmaq mümkün olmadıqda onu oturdub, başını aşağı, ayaqların arasına əyin.
» Sıxan, dar paltarları (köynəyin yaxalığı), kəməri və s. boşaldın.
» Zərərçəkəni təmiz hava ilə təmin edin – pəncərəni, nəfəsliyi açın.
» Zərərçəkənin rahatlığını təmin edərək və vəziyyətini nəzarət altında saxlayaraq, heç bir halda tək qoymayın.
» Zərərçəkən ayıldıqdan sonra isti şirin çay, qəhvə və ya şokolad verin.
» Əgər bayılmanın səbəbi hipertermiyadırsa (həddindən artıq qızdırma), ona ilk yardımı sərin yerdə göstərin.
» Baş verə biləcək qusma nəticəsində boğulmanın qarşısını almaq üçün, zərərçəkənin başını yana çevirin.
» Zərərçəkən 3 dəqiqə müddətində özünə gəlmirsə, dərhal təcili tibbi yardım xidmətini aktivləşdirin.
Təcili yardım tədbirləri sinkopun yaranmasına birbaşa təkan verən səbəblərin aradan qaldırılmasına yönəldilməlidir çünki, bayılma özü-özlüyündə çox qısa sürür və öz-özünə bərpa olunur. Əgər zərərçəkən uzun müddət özünə gələ bilmirsə, bunun səbəbini hipoqlikemiya, epilepsiya, isteriyada axtarmaq lazımdır. Zərərçəkən yıxılı vəziyyətdədirsə, xarici baxış keçirib, onda baş beyin travmasının və digər xəsarətlərin olub-olmadığına əmin olmaq lazımdır. Bu halda xəstəni yerindən tərpətməmək və uzanmış vəziyyətdə qalmasını təmin etmək lazımdır. Arterial təzyiq düşmüşsə ayaqları yuxarı qaldırmaq, ciddi bradikardiya varsa vena daxilinə 1,0 ml atropin sulfat yeritmək məsləhətdir.
Zərərçəkən özünə gəldikdə, otura bilənə və özünü normal hiss edənə qədər uzanmış vəziyyətdə qalmalıdır.
Bayılmada zərərçəkənə nəyi etmək olmaz:
- huşu tam özünə gəlməyənə qədər onu tələsik ayağa qaldırmaq (çünki o, yenə də huşunu itirə bilər);
- huşunu bərpa etməyə çalışmaq;
- kəskin iyli nə isə (naşatır spirti, ətir və s.) iylətmək;
- üz nahiyəsini döyəcləmək;
- üzünə soyuq su çiləmək.
Bayılma ciddi xəstəliyin əlaməti ola bilər. Ona görə, bayılmadan sonra başqa şikayətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır.