VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Şokun Əlamətləri və Şokda ilk Yardım

Tək bir həyati əlamət və ya göstərici ilə  şoku müəyyənləşdirmək olmaz. Bir neçə əlamətin olması xəstənin vəziyyətinin qiymətləndirilməsində böyük əhəmiyyət kəsb edir.

Şok həyat üçün təhlükəli haldır və bu səbəbdən onun əlamətlərini bilmək vacibdir.

» Dəri və selikli qişalar kəskin avazıyır. 30%-dən artıq qan itirilməsində dəri kül rəngində olur.

» Bədənin temperaturu enir, dəri soyuyur.

» Tərləmə artır və dəri nəm olur. Ağır hallarda bədən soyuq yapışqanlı tərlə örtülür.

»  Şok ağırlaşdıqca arterial qan təzyiqi artıq dərəcədə enir. Şok zamanı sistolik təzyiqdənsə nəbz təzyiqinin ölçülməsinə üstünlük verilir. Nəbz təzyiqi sistolik və diastolik təzyiq arasındakı fərqdir. Şokda nəbz təzyiqi azalır.

» Dərialtı venalar təyin olunmur. Mərkəzi venoz təzyiq enir (xəstəxana şəraitində ölçülür).

» Taxikardiya (ürək təqəllüsünün tezləşməsi – ürəyin çox tez-tez vurması) və aritmiya (ürək təqəllüsləri ritminin pozulması) olur.

» Nəbzin sayı artır (sürətli, zəif, sapvarı nəbz), böyüklərdə dəqiqədə 100-dən artıq olur.

» Dırnağı sıxanda dırnaq yatağının bir müddət (2 saniyədən artıq) avazımış qalması, kapilyarlardakı qan axınının pozulmasından xəbər verir (mikrosirkulyasiya böhranı).

» Boyun venalarının gərginliyi azalır, dərialtı venalar itir.

» Tənəffüs çatışmazlığı inkişaf edir, tənəffüs tezləşir və səthiləşir, dəri, xüsusilə də burunun ucu, dodaqlar və dırnağın altı uzun müddət oksigen çatışmazlığından göyərir.

» Sidik ifrazı azalır və bir müddətdən sonra olmur (sidik ifrazı normada bir saatda 50 ml olur).

» Susuzluq, bəzən qusma müşahidə olunur.

» Maddələr mübadiləsi pozulur (qanın turşuluğunun artması).

» Huşun səviyyəsi məhdudlaşır, huş pozulur və tam itir (keyləşmə, sopor və koma).

Bunlar pis proqnostik əlamət hesab olunur. Tez bir zamanda qan və qanəvəzedicilərin vena daxilinə köçürülməsi lazımdır. Onun üçün qanaxmanı dayandırıb, zərərçəkəni tez xəstəxanaya çatdırmaq lazımdır.

Kütləvi hadisələrdə təcili tibbi yardım briqadası gələnə qədər, bütün zərərçəkənlərin vəziyyəti qiymətləndirilməli, xarici baxış keçirilməli və ilk yardım göstərilməlidir. Şokun təsirini azaltmaq məqsədi ilə həyat üçün təhlükəli halları araşdırıb, aradan qaldırmaq lazımdır. Xarici qanaxma olduqda bioloji substansiyalardan və yoluxucu xəstəliklərdən qorunmaq lazımdır.

İlk yardım şokun səbəbini nəzərə almadan universal aparılmalıdır.

Şokun əlamətlərini müəyyən etdikdə aşağıdakı tədbirləri yerinə yetirin.

» Təcili tibbi yardım xidmətini aktivləşdirin.

» Qanaxmanı dayandırın.

» Tənəffüsə nəzarəti tənəffüsün tezləşməsi (taxipnoe) zamanı aparın. Taxipnoe zamanı tənəffüs aktında iştirak edən əzələlərin intensiv çalışması nəticəsində süd turşusunun miqdarının artması baş verir ki, bu da maddələr mübadiləsinə öz təsirini göstərir. İdarə olunan süni ventilyasiya və zərərçəkənə emosional rahatlığın yaranması tənəffüs aktında iştirak edən əzələlərin işini azaldır və sağ qalma ehtimalını artırır.

» Zərərçəkənə mümkün qədər tez bir zamanda balon vasitəsilə oksigen verin.

» Huşuna nəzarət edin. Huşunu itirmiş zərərçəkənlərə sol və ya sağ tərəfi üstdə “bərpa vəziyyəti” verin.

» Zərərçəkəni uzadın. Beyinin qan dövranını yaxşılaşdırmaq məqsədi ilə zərərçəkənə Trendelenburq vəziyyəti vermək lazımdır (baş aşağı, ayaqlar yuxarı olmalıdır). Ayaqları təxminən 30 sm yuxarı qaldırın.

» Zərərçəkəndə ürəkbulanma, tənəffüsün çətinləşməsi, baş, boyun və bel zədələnmələri, oma və ayaqlarda sümük sınmasına şübhə olduqda və ya hərəkət zamanı ağrılar artırsa ayaqları qaldırmayın. Zərərçəkənin vəziyyəti müəyyənləşdirilməyibsə və hərəkət zamanı ağrılar olarsa, onu olduğu vəziyyətdə saxlayın.

» Zərərçəkənə toxtaqlıq verin və lazım olan qayğını göstərin – zərərçəkəni mümkün qədər rahat vəziyyətə gətirin, çünki ağrılar şoku ağırlaşdıra bilər. Zərərçəkənin rahat vəziyyətdə qalmasına kömək etməklə ağrıları azaltmaq olar.

» Zərərçəkəni soyuqdan və istidən qoruyun. Zərərçəkəni dərialtı spazmanın artmaması üçün adyala, yorğana büküb isti saxlayın.

» Əsas zədələnmələrə diqqət yetirin. Lazım olduqda şin və sarğı qoyun.

» Zərərçəkənə su və qida verməyin. Zərərçəkəndə yanğı hissi olmasına baxmayaraq, ona yeməyə və içməyə heç nə verməyin. Onun vəziyyəti elə ciddi ola bilər ki, cərrahiyyə əməliyyatı tələb olunsun. Belə halda mədə-bağırsaq sisteminin boş olması məqsədəuyğundur.

» Zərərçəkənə xəsarət yetirə biləcək heç nə etməyin.

» Şok vəziyyətində olan bütün zərərçəkənləri xəstəxanaya yerləşdirin.

Şok vəziyyəti təkcə ilk yardım vasitəsilə effektiv olaraq aradan qaldırıla bilməz. Şok vəziyyətində olan zərərçəkənə mümkün qədər tez, hərtərəfli həkim yardımı göstərilməlidir.