UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Qıcolmalar

Qıcolmalar (tutmalar) beyin fəaliyyətinin kəskin pozulması nəticəsində nevroloji statusun dəyişməsinə, huşun itməsinə və əzələ-hərəkət gərginliyi ilə müşayiət olunan hallara deyilir. Qıcolmalar sinir sisteminin zədələnməsini göstərən bir əlamətdir. Beyinin bəzi hissələrinin aktivliyi nəticəsində bir qrup əzələlərdə gərginlik artır, onlar yığılır və bu vəziyyətdə bir müddət qalır. Belə hallar bəzən bərk ağrılarla müşayiət olunur və xəstəyə əziyyət verir. Qıcolma bədənin ayrı-ayrı əzələ qruplarında və ya bütün əzələlərdə müşahidə oluna bilər.

Qıcolmanın səbəbləri: (1) epilepsiya; (2) yüksək qızdırma – adətən uşaqlarda;  (3) infeksiyalar; (4) spirtli içkilər, kimyəvi və narkotik maddələrlə zəhərlənmələr; (5) qanda şəkərin miqdarının aşağı düşməsi – insulinə qarşı reaksiya; (6) baş beyinin travması; (7) beyində oksigen çatışmazlığı; (8) beyin şişləri; (9) hamiləliyin fəsadları (eklampsiya); (10) naməlum səbəblər.

Xilasedici qıcolmanın səbəblərinin araşdırılmasına cavabdeh deyil. O, ilk növbədə CAB reanimasiyasını təmin etməlidir.

Epilepsiya adlanan xroniki nevroloji xəstəlikdə çox vaxt qıcolmalar müşahidə olunur. Epilepsiya çox qədim zamanlardan bəlli olan xəstəlikdir. Xalq arasında buna “özündəngetmə”, “ürək keçmə”, “tutma”, “müqəddəs xəstəlik”, “yıxılma xəstəliyi” və başqa bu kimi adlar verilmişdir. Heç də bütün qıcolmalara epilepsiya xəstəliyi demək olmaz.

Qıcolmalar xəstənin həyatı üçün nadir hallarda (tənəffüsün dayanması zamanı) təhlükə yaradır.

Qıcolmalar 2–3 dəqiqə davam edərək, xırıltı, sifətin göyərməsi, qeyri-iradi sidik ifrazı, dilin dişlənməsi, ağızdan köpük ifraz edilməsi ilə müşayiət olunur. Qıcolma zamanı xəstə yerə yıxılıb, baş beyin travması ala bilər, qusa bilər və huşunu itirdiyinə görə tənəffüs yolları mədə möhtəviyyatı ilə tutula bilər.

Tutma qurtardıqdan sonra xəstəni yuxu basır, yuxudan ayıldıqdan sonra isə baş verənləri xatırlamır.

Belə halların əksəriyyəti 15 dəqiqəyə heç bir tibbi müdaxilə olmadan keçib gedir.

Xilasedici DRCABD alqoritminə istinad edərək hərəkət etməlidir:

  1. Öz təhlükəsizliyinizi təmin edin. Təcili tibbi yardım xidmətini aktivləşdirin.
  2. Xəstəni qoruyun. Onun təhlükəsizliyini təmin edin.

- Qıcolma vaxtı xəstə yıxılıb, xəsarət ala bilər (baş beyin travması, yanıq, kəsilmiş yaralar və s). Buna görə, mümkündürsə, onun başını yıxılan zaman tutmağa çalışın.

- Qıc olan xəstənin özünə xəsarət yetirməməsi üçün ətraflarını asta tutub, çox aktiv hərəkət etməsinə imkan verməyin və onu zədələyə bilən hər hansı bir əşyadan uzaqlaşdırın. Xəstənin başının altına çox hündür olmayan yumşaq bir əşya qoyun.

- Xəstənin ağzına heç bir şey salmayın. Xəstənin dişləri ağıza salınan yad cisimi (o cümlədən barmaqları) sındıra bilər və bu yad cisim xəstənin tənəffüs yollarını tuta bilər. Ağız boşluğuna qaşıq və ya ayrı alətlərlə müdaxilə etmək xəstənin əlavə xəsarət almasına səbəb olur (dişlərin sınması, dilin və ağızın yaralanması).

- Xəstənin ətraflarını və bədənini düzəltməyə cəhd etməyin.

- Xəstəni heç vaxt bağlamayın. Bu, heç bir xeyir gətirmir, əksinə, xəstə sizə və özünə xəsarət yetirə bilər.

- Tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulmaması üçün qusan xəstənin başını yana çevirin.

- Xəstənin boynunu, sinəsini və belini sıxan paltarları açın, boşaldın.

- Xəstənin mənliyini qorumaq üçün ona yardım göstərməyən adamları kənarlaşdırın.

3. Tənəffüs yollarının keçiriciliyini təmin edin. Qıcolmada əsas təhlükə tənəffüsün dayanmasıdır.

- Xəstənin tənəffüsü sərbəstdirsə, onda təhlükə gözlənilmir və xəstəyə müdaxilə etmək lazım deyil (ağzını məcburi açmaq, dilini bayıra çıxartmaq və s.).

- Xəstə göyərirsə, deməli, tənəffüs yolları tutulub, o, nəfəs almır və orqanizm oksigenlə təmin olunmur. Oksigen çatışmazlığı nəticəsində huş itir, qıcolmalar qurtarır, əzələlər süstləşir. Ancaq qıcolmalar qurtardıqdan sonra tənəffüs yollarını açmaq üçün başın arxaya əyilməsi, çənənin irəli qaldırılması mümkün olur.

4. Tənəffüs yollarının keçiriciliyi təmin olunduqdan sonra ağciyərlərin süni ventilyasiyasını aparın. Aspirator (sormaq üçün cihaz) olarsa, tənəffüs yollarından maye halda olan və xırda yad cisimləri sorub xaric edin.

5. Qıcolma qurtardıqdan sonra xəstənin tənəffüs yollarını açın, tənəffüsü yoxlayın və zərərçəkənə (əgər onurğa sütunu zədələnməyibsə) sol və ya sağ tərəfi üstdə “bərpa vəziyyəti” verin.

6. Köməyə gələn təcili tibbi yardım işçilərinə xəstəyə xarici baxış haqqında dəqiq məlumat verin. Məlumatda qıcolmanın başlanma vaxtını, gedişini, əlamətlərini və davam etmə müddətini göstərin. Xəstənin yaxınlarından toplanan məlumat da faydalı ola bilər.