VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

Ailə planlaşdırılması nədir?

Ailə planlaşdırılması xidmətləri reproduktiv yaşda olan kişi və qadınları nə vaxt uşaq sahib olmağı, uşaqlar arasında fasilənin qoyulması üçün müvafiq bilik və üsulları təmin edir. İnsanlar onları qane edən və təhlükəsiz cinsi əlaqədə olmaq, istədiyi zaman və sayda dünyaya uşaq gətirmək iqtidarındadırlar. Cütlükdə həm kişi, həm də qadın ailə planlaşdırılmasının sağlamlıqla bağlı üstünlükləri və mövcud olan seçimlər barədə malumatlı olmalıdırlar. Yaşlarından asılı olmayaraq bütün kişi və qadınlar ailənin planlaşdırılması üçün özləri cavabdehdirlər.

Orqanizmin tam formalaşması və uşaq dünyaya gətirmək üçün ən optimal vaxtları 18-35 yaş hesab olunur. Doğuşdan sonra növbəti hamiləliyə qədər  fasilə 18-23 ay olmalıdır. Doğuşların sayı dörddən çox olduqda ana və uşağın sağlamlığı üçün risk artır. Hamiləliyin planlaşdırılması və hamiləlikdən qorunmaq üçün bir sıra təhlükəsiz və effektiv metodlar mövcuddur.

Ailə planlaşdırılmasının üsulları

Müasir üsullar

  • Həblər - tərkibində qadın hormonları ilə analoji olan sintetik hormonlar vardır; gündə bir həb qəbul edilir.
  • İnyeksion kontraseptivlər - tərkibində qadın hormonu ilə analoji olan sintetik hormon vardır; növündən asılı olaraq hər 1-3 aydan bir vurulur.
  • Təcili kontrasepsiya - qorunmamış cinsi əlaqədən dərhal SONRA hamiləliyin qarşısını almaq üçün istifadə olunan üsullardır; bu məqsədlə hormon tərkibli həblər və ya uşaqlıqdaxili vasitələr (spiral) istifadə olunur.
  • İmplant - tərkibində qadın hormonu ilə analoji olan sintetik hormon vardır və dərialtına yeridilən kapsuldır; növündən asılı olaraq təsiri 1-5 il davam edir.
  • Plastır – tərkibində qadın hormonları ilə analoji olan sintetik hormonlar vardır, uşaqlıq yoluna yerləşdirilir; təsiri 1ay davam edir.
  • Uşaqlıqdaxili vasitə (spiral) – uşaqlıq boşluğuna yerləşdirilən kiçik ölçülü plastik elastik vasitədir; təsiri uzunmüddətlidir, növündən asılı olaraq 1-10 il davam edir.
  • Spermisid - uşaqlıq yoluna yeridilən kimyəvi vasitədir, müxtəlif formalarda mövcuddur.
  • Prezervativ/kondom - lateksdən hazırlanmış nazik, elastik və keçiriciliyi olmayan kisəcikdir, həm hamiləlikdən, həm də cinsi yolla yoluxan infeksiyalardan qoruyan yeganə üsuldur.
  • Qadın və kişi sterilizasiyası - daha uşaq istəməyən insanlar üçün daimi və cərrahi yolla aparılan kontrasepsiya üsuludur: qadınlarda cərrahi yolla uşaqlıq borularının bağlanmasıdır, kişilərdə isə cərrahi yolla toxum daşıyıcı axarların bağlanmasıdır. Sterilizasiya haqqında qərar məlumatlı və könüllü surətdə qəbul olunur.

Döşlə əmizdirmə - həm ana, həm də uşaq üçün faydalıdır. Yenidoğulmuş körpəni yalnız ana südü ilə qidalandırdıqda və bəzi sadə şərtlərə riayət etdikdə, 6 aya qədər ana özünü hamiləlikdən qoruya bilər.

Fertilliyin dövri xarakterinə əsaslanan üsullar - qadının hamilə qalmaq ehtimalının yüksək olduğu günlərin (fertil günlər) müəyyənləşdirilməsinə əsaslanır.

Əgər hər hansı bir kontraseptiv üsul haqqında daha ətraflı məlumat əldə etmək və ya sizə münasib olan üsul seçmək istəyirsinizsə, mütləq tibb işçisinə müraciət edin!

Bütün kontraseptiv üsulların üstünlükləri və çatışmayan cəhətləri vardır. Tibb işçisi sizə münasib üsulun seçimində kömək edəcək.

Hamiləlikdən qorunmanın müasir üsulları təhlükəsizdir, etibarlıdır və onların istifadəsi asandır! Yalnız prezervativ həm hamiləlikdən, həm də cinsi yolla yoluxan infeksiyalardan qoruyan yeganə üsuldur! Özünüzü qoruyun ki, gələcək ailəniz sağlam olsun!