UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Huş və Huşun pozğunluqları

 Zərərçəkənə ilk yardım göstərdikdə xilasedici bir neçə dəfə huşun (düşüncənin) səviyyəsini qiymətləndirir. Əvvəl DRCABD alqoritmi ilə huşun olub-olmadığını, qıcıqlara cavabı (“R” – Reaksiya) müəyyən edir. Sonra birincili baxışın axırında zərərçəkənin huşunun səviyyəsinin ilkin qiymətləndirilməsini AVPU alqoritmi ilə aparır. Bu qısa nevroloji müayinə mərkəzi sinir sisteminin nə dərəcədə zədələnməsini göstərir.

Huşu aydın olan insan özünü, ətraf mühiti və zamanı dərk edir.

Huşun kobud pozğunluqlarını şərti olaraq iki qrupa bölmək olar.

»      Huşun kəmiyyət pozğunluqları. Buraya huşun keyləşməsi, sopor (komadan əvvəlki hal) və huşun tam itməsi (koma) aiddir. Bu pozğunluqlar üçün xarakter cəhət psixopatoloji əlamətlərın olmamasıdır.

»      Huşun keyfiyyət pozğunluqları zamanı zərərçəkəndə ətrafı və özünüdərketmənin pozulması ilə yanaşı psixopatoloji əlamətlərlə (illüziya, hallüsinasiya, sayıqlamalar və s.) meydana çıxır. 

Psixi statusun pozğunluğu olan zərərçəkənə xarici baxış keçirilməlidir: birincili baxış, reanimasiya tədbirləri, ikincili baxış, hadisə yerində görülən ilk yardım tədbirləri, təkrar qiymətləndirmə.

Nevroloji statusda (vəziyyətdə) dəyişiklik

Zərərçəkənin huşunun səviyyəsinin pozulması mərkəzi sinir sisteminin zədələnməsindən xəbər verir və müxtəlif səbəblərdən baş verir. Nevroloji statusda dəyişiklik əsasən zərərçəkənin özünü və ətraf mühiti dərk etmə prosesinin, o cümlədən, qıcıqlara adekvat reaksiyasının tədricən və ya qəflətən pozulması ilə özünü göstərir. Zərərçəkənlərdə bu hal huşun kəmiyyətinin qismən pozulmasından tutmuş, onun tam itməsinə qədər ola bilər.

 Huşun Kəmiyyət Pozğunluqlarının Qiymətləndirilməsi

Huşun kəmiyyət pozğunluqları AVPU alqoritmi və Qlazqo koma şkalası ilə qiymətləndirilir. Huşun səviyyəsini tez qiymətləndirmək üçün AVPU alqoritminin köməyi ilə qısa nevroloji müayinə aparılır.

1. Huşun səviyyəsinin ilkin qiymətləndirilməsi – AVPU

AVPU huşun kəmiyyət pozuntu dərəcəsini göstərir və aşağıdakı kimi müəyyənləşdirilir.

A   Alert – ayıqdır. Oyanır, huşu aydındır: özünü, ətraf mühiti və zamanı dərk edir.

Bunu aydınlaşdırmaq üçün zərərçəkən 3 suala düzgün cavab verməlidir:

» Adınız və soyadınız nədir?

» Haradasınız?

» Bu gün ayın neçəsidir?

Əgər cavab verilmirsə verbal (şifahi) reaksiya yoxlanılmalıdır.

 V  Verbal – şifahi reaksiya. Uca səsə oyanır, özünü, ətraf mühiti və zamanı dərk etmir, suallara qısa cavab verir (hə, yox və s.), nitqi çaşqın, qarmaqarışıqdır, qeyri-adekvatdır. Asan tapşırıqları yerinə yetirir (gözləri açmaq, dili göstərmək, əli sıxmaq və s.). Huşun kəmiyyəti qismən pozulur və dərketmə olmur. Huşun belə pozulması keyləşmə (obtundation) adlanır.

Verbal reaksiya olmadıqda ağrıya olan reaksiya yoxlanmalıdır.

 P  Painful – ağrıya reaksiya verir. Oyanmır, dərin yuxuda olduğuna baxmayaraq ağrı qıcıqlarına (qulaq sırğalığının sıxılmasına), uca səsə və ya güclü işığa inilti ilə cavab verir. Zərərçəkəndə əllə cüzi müdafiə hərəkətləri, üzdə əzabverici mimika, bir böyrü üstə çevrilmə cəhdi müşahidə olunur. Huşun belə pozulması sopor adlanır və qıcıqlara cavabın olması onu komadan (huşun daha dərin pozulması) fərqləndirir.

Ağrıya reaksiyanın olmamağı huşun kəmiyyətinin dərin pozulmasından xəbər verir.

U  Unresponsive ünsiyyətə girmir. Oyanmır və heç bir qıcığa reaksiya vermir. Cavab rеаksiyаsı yoxdur, lakin huşun bu cür itməsinə ağır kоmа demək olmaz.

Koma yunan sözü olub “dərin yuxu” deməkdir. Keyləşmə və sopor vəziyyətindən fərqli olaraq, koma zamanı heç bir qıcıq (uca səs, ağrı, güclü işıq) zərərçəkənin huşunu bərpa etmir. Öskürək və udqunma refleksləri olmur və komanın son mərhələsi ölümlə nəticələnir.

AVPU abreviaturası uşaqlara tətbiq olunmur, şifahi (verbal) və ağrıya reaksiya əvəzinə uşağın ətraf  mühitə və valideynlərinə reaksiyası qiymətləndirilir.

2. Huşun səviyyəsinin ətraflı qiymətləndirilməsi – Qlazqo koma şkalası

Tibb işçiləri nevroloji statusu AVPU-dan savayı Qlazqo koma şkalası ilə də qiymətləndirir.

Bu sadə üsul olub, kəmiyyətcə üç klinik əlamətlərin qiymətləndirilməsinə əsaslanır: qıcıqlara gözlərin açılması; nitq – danışıq bacarığı; hərəki aktivlik. Zərərçəkənin vəziyyəti barədə hər bölməyə uyğun cavab əsasında Qlazqo koma şkalasında ballar 3-dən 15-dək müəyyən edilir.

Qlazqo koma şkalası

 

Əlamətlər

Bal

Reaksiyanın xarakteri

Gözlərin açılması

4

3

2

1

Öz-özünə (spontan).

Sözə.

Ağrıya.

Yoxdur.

Nitq - danışıq bacarığı

5

4

3

2

1

Nitq sərbəst və istiqamətlidir. Söhbətə qoşulur (orientasiya pozulmayıb).

Nitq dolaşıqdır. Söhbətdə iştirak edir, lakin nitq dolaşıq və istiqamətsizdir (orientasiya pozulub).

Nitq mənasızdır. Başa düşülməyən, mənasız sözlər.

Nitq anlaşılmazdır. Qarışıq, aydın olmayan səslər.

Yoxdur.

Hərəki aktivliyi

6

5

4

3

2

1

Şifahi əmrləri icra edir.

Əl ilə ağrı nahiyəsini qıcıqdan müdafiə edir. Məqsədli hərəkətlər.

Ağrı qıcığına ətrafı çəkir. Məqsədsiz hərəkətlər.

Ağrı qıcığına tonik yığılma (dekortikal rigidlik).

Ağrı qıcığına tonik açılma (deserebral rigidlik).

Yoxdur.

Ağrı qıcıqlarını ətrafların hər birində yoxlayın (zərərçəkənin əl dırnaqlarına və ya ayaqların baş barmaqlarına basmaq, iynə batırmaq, dərini çimdikləmək, döş sümüyünə yığılmış barmaqları sürtmək – həkim əl barmaqlarının 1 və 2 falanqalarını büküb, döş sümüyünə hiss olunan dərəcədə təzyiqlə sürtür).

Qlazqo koma şkalasına əsaslanaraq, huşun kəmiyyət pozğunluqları ənənəvi terminlə təxmini aşağıdakı ballara uyğundur:

huşu aydındır – 15, keyləşmə – 13-14, sopor – 9-12, koma – 4-8, beyinin ölümü – 3.

Qlazqo koma şkalası ilə hesablanan ballar 8 və daha az olduqda, zərərçəkən artıq komadadır (huşunu itirmişdir) və öz tənəffüs yollarını mühafizə edə bilmədiyi üçün təcili tibbi yardım briqadası gələnə qədər xilasedici tərəfindən daim nəzarət altında saxlanılmalıdır.

Huşun kəmiyyət pozğunluqlarına səbəb olan hallar: (1) spirtli içkilər (60% hallarda); (2) baş beyinin travması, o cümlədən beyinə qansızma (25% hallarda); (3) kimyəvi və narkotik maddələrlə zəhərlənmələr; (4) meningit; (5) böyrək və qaraciyər çatışmazlığı; (6) maddələr mübadiləsinin pozulmaları; (7) qanda şəkərin miqdarının aşağı və ya yuxarı olması; (8) hipoksiya (orqanizmdə oksigenin azalması); (9) tənəffüs çatışmazlığı; (10) epilepsiya; (11) hamiləliyin fəsadları – eklampsiya; (12) həddindən artıq soyuma – hipotermiya; (13)  həddindən artıq qızdırma – hipertermiya.

3. Huşunu itirmiş zərərçəkənlərə ilk yardımın göstərilməsi

Baxmayaraq ki, nevroloji statusun dəyişməsinin səbəbləri müxtəlifdir, xilasedicinin onlara yanaşması və ilk yardım göstərməsi eynidir. Xilasedicilər müxtəlif şikayətləri olan zərərçəkənlərlə rastlaşa bilər. Bütün hallarda onun əsas vəzifəsi DRCABD alqoritminə istinad edərək, zərərçəkənə ilk yardım göstərməkdir.

Xilasedici tərəfindən huşunu itirmiş zərərçəkənə ilk yardım göstərilməsinin əsasları

Zərərçəkənə ilk yardım göstərdikdə ən vacib (prioritet) addım tənəffüs yollarının keçiriciliyini, tənəffüsü və qan dövranını bərpa etməkdir (CAB).

Huşunu itirmiş zərərçəkən öz tənəffüs yollarını müdafiə edə bilmədiyindən onların tənəffüs yollarının keçiriciliyi qorunmalıdır. Tənəffüs yolları açıqdırsa və onurğanın travması yoxdursa, zərərçəkənə sol və ya sağ tərəfi üstdə “bərpa vəziyyəti” verilir. Onurğa travması olduqda tənəffüs yollarının keçiriciliyinin qorunması məqsədi ilə havakeçiricidən (nəfəs yoluna yeridilən xüsusi borulardan), tənəffüsün bərpası üçün isə imkan olduqda aspiratordan (sormaq üçün cihaz) istifadə edilir.

Huşunu itirmiş zərərçəkəndə göyərmə (sianoz) olarsa, nəfəs yollarının tutulmasından şübhələnmək lazımdır. Tənəffüs yollarını bərpa etdikdən sonra, lazım gəldikdə, ağciyərlərin süni ventilyasiyası aparılır. Ürək-damar sisteminə nəzarət edilir. Qanaxma dayandırılır. Ehtiyac olduqda döş qəfəsinin kompressiyası aparılır. Huşunu itirmiş bütün zərərçəkənlərə imkan daxilində balon vasitəsilə oksigen verilir. Huşunu itirmiş bütün zərərçəkənlər xəstəxanaya çatdırılmalıdır.

Tibb işçiləri tərəfindən huşunu itirmiş zərərçəkənə tibbi yardım göstərilməsinin əsasları:

Komada olan zərərçəkənə tibb işçiləri tərəfindən tibbi yardım davam edilməlidir.

Komanın başvermə səbəbindən asılı olmayaraq tibbi yardımın göstərilməsi ümumi əsaslarla aparılır.

Komada olan zərərçəkənlərə təxirəsalınmaz tibbi yardımın əsasları

  1. Oksigen verilməsini təmin edin. Lazım gəldikdə CAB reanimasiyasını aparın.
  2. Qan təzyiqini 100 mm c. süt. səviyyəsində saxlayın. Ürək-damar sisteminə nəzarət edin.
  3. Vena daxilinə 40%–60 ml qlükoza yeridin. Oksigen və qlükoza beyin və s. toxumaların fəaliyyəti üçün əsas enerji mənbəyidir. Qanda şəkərin miqdarı hətta yüksək olduqda belə, qlükoza vurulmalıdır.
  4. Kəllədaxili təzyiqi tənzimləyin (mannitol, mannit və s.).
  5. Qıcolmanın qarşısını alın (diazepam, seduksen və s.).
  6. İnfeksiyaya qarşı antibiotiklərdən istifadə edin.
  7. Su-duz və turşu-qələvi mübadiləsini tənzimləyin.
  8. Bədənin hərarətini tənzimləyin (bədən hərarəti 35°C-dən yuxarı çatdırılmalıdır).
  9. Tiamin bromid (vitamin B1) 5–100 mq vurun (ən çox xroniki alkoqol aludəçilərində).
  10. Zəhərlənmə varsa antidot vurun.
  11. Xəstənin emosional gərginliyini aradan qaldırın (diazepam, seduksen və s.).
  12. Gözün buynuz qışasını keratozlardan (qurumaqdan) qorumaq üçün gözə məlhəm qoyub bağlayın və 12 saatdan bir dəyişin.

Səbəbi aydın olmayan komada ilk növbədə hipoqlikemiyadan şübhələnib, v/d 40% – 60 ml qlükoza yeridin. Beyinin normal fəaliyyəti onu qidalandıran qandakı oksigen və qlükozadan asılıdır. Qanda şəkər kəskin azaldıqda, şəkərin miqdarını ölçmədən yeridilən qlükoza beyinin zədələnməsinin qarşısını alacaq, şəkəri normada və ya yüksək olan xəstələrdə isə artıq qlükoza beyinə heç bir ziyan vurmayacaq. Bu zaman vurulan qlükozanın müsbət cəhəti mənfini üstələyir.