UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Həyat üçün ən təhlükəli hal və ölümə səbəb ürəyin və tənəffüsün qəfləti dayanmasıdır. Tənəffüsün dayanmasının əsas səbəbi tənəffüs yollarının dil və ya yad cisimlə tutulmasıdır (obstruksiyası). Tənəffüs yollarının yad cisimlə tutulmasına (obstruksiyasına) mexaniki asfiksiya deyilir.
Mexaniki asfiksiyadan ölüm halları fövqəladə hallarda baş verən digər ölüm hallarına nisbətən az rast gəlinir. Statistik məlumatlara əsasən hər il dünyada baş verən 100 min ölüm hadisəsindən 19,8%-i ürək-damar xəstəlikləri, 16,5%-i avtomobil qəzaları, 1,7%-i suda boğulma səbəbindən olursa, yalnız 1,2%-i tənəffüs yollarına yad cismin düşməsi nəticəsində baş verir.
Tənəffüs yollarının tutulması (obstruksiyası) zamanı yad cisim havanın ağciyərlərə daxil və xaric olmasının qarşısını alır. Tənəffüs yollarının tam tutulması daha təhlükəli hesab olunur. Əgər tənəffüs yollarının keçiriciliyi bir neçə dəqiqə ərzində bərpa olunmazsa, oksigen çatışmazlığı nəticəsində huş itir, tənəffüs və ürək fəaliyyəti dayanır. Zərərçəkən qorxu və təlaş içində olduğu üçün ətrafdakıların ona yardım göstərməsinə müqavimət göstərir. Belə hallar xilasedicini çaşdırıb hadisəni düzgün qiymətləndirməyə mane olur. Bu zaman xilasedici soyuqqanlı olmalı və düzgün qərar qəbul etməlidir.
Yad cisim adətən, qırtlaq nahiyəsində tənəffüs yollarını tutur. Qırtlağın ən dar hissəsi səs yarığı hesab olunur. Burada səs telləri yerləşir. Qırtlaqdan sonra tənəffüs yolları genişlənib traxeyaya (nəfəs yoluna) keçir.
Tənəffüs yollarının yad cisimlə tutulmasının erkən müəyyənləşdirilməsi yardımın vaxtında göstərilməsi deməkdir. Hazırlıqlı xilasedici asfiksiyanın əlamətlərini çox vaxt ayırd edə bilir.
2. Tənəffüs yollarının qismən tutulması
Tənəffüs yollarının qismən tutulması zamanı zərərçəkən çətin olsa da, nəfəs alır.
Tənəffüs qənaətbəxş olduqda.
- Tənəffüs qənaətbəxş olduqda o, huşunu itirmir, danışa və güclü öskürə bilir. Öskürək arasında küylü, fit səsi verən tənəffüs eşidilir. Boğulan öskürə və ya danışa bilirsə, heç bir müdaxiləyə ehtiyac yoxdur. Öskürək – orqanizmin reflektor müdafiə reaksiyasıdır. Adətən möhkəm öskürək döş qəfəsində təzyiqi artırır və yad cismin tənəffüs yollarından çıxmasına şərait yaradır.
- Zərərçəkəni həvəsləndirin, özünün yad cismi xarıc etmə cəhdlərinə qarışmayın, öskürəyi saxlamamaq və tənəffüs alma cəhdlərini davam etməyi məsləhət görün.
- Boğulanın vəziyyətinə nəzarət etmək üçün yanında bir adam saxlayın.
Tənəffüs qeyri-qənaətbəxş olduqda.
Tənəffüs qeyri-qənaətbəxş olduqda zərərçəkənin huşunun aydın olmasına baxmayaraq, dərindən nəfəs ala bilmədiyi üçün möhkəm öskürə bilmir və tənəffüs getdikcə çətinləşir. Tənəffüs yollarının qismən tutulması davam edərsə təcili tibbi yardım xidmətini aktivləşdirin (zəng edin) və tənəffüs yollarının tam tutulmasında olduğu kimi ilk yardımı qarının təkanla sıxılması ilə başlayın.
2. Tənəffüs yollarının tam tutulması
Boğulan boğazını (boynundan) ovcu ilə (baş və şəhadət barmağı ilə) sıxır. Boğulanların belə hərəkətinə boğulmanın universal nişanı deyilir. Boğulan zaman boğulmanın universal nişanından istifadə etmək tövsiyə olunur və əhali bu barədə maarifləndirilməlidir.
Tənəffüs yollarının tam tutulması zamanı zərərçəkənnə nəfəs ala, nə danışa, nə də öskürə bilir.
Zərərçəkən nəfəs ala bilmir. Heç bir tənəffüs səsi eşidilmir (körpə uşaq ağlaya bilmir), hava mübadiləsi çox pisdir, küylü, fit şəkilli yüksək tonlu tənəffüs səsləri eşidilə bilər.
Tənəffüsün getdikcə çətinləşməsi müşahidə edilir. Dəri örtüyü və selikli qişa göy rəngə çalır (sianoz), hipoksiya başlayır.
- Danışa bilmir. Huşu aydın olan boğulan insan “boğulursunuzmu?” sualını başı ilə təsdiq edirsə, soruşun: “Danışa bilirsinizmi?” Boğulan bu sualları cavablandıra bilmir.
- Öskürək heç olmur və ya zəif, yad cismi tənəffüs yollarından çıxara bilməyən səviyyədə olur.
3. Mexaniki asfiksiyada ilk yardımın göstərilmə üsulları
İstər böyüklərdə (yeyib-içən zaman), istərsə də uşaqlarda (oyuncaqla oynayan vaxtı ya da qoz, fındıq, konfet yeyərkən) baş verən tənəffüs yollarının tutulmasında (obstruksiyasında) ilk yardım eyni qayda ilə aparılır.
Tənəffüs yollarından yad cismin çıxarılma üsulları:
- qarının təkanla sıxılması (Haimlik manevri – Heimlich ['haim·lik] Maneuver);
- kürəkarası nahiyəyə zərbə vurulması;
- döş qəfəsinin təkanla sıxılması.
Boğulmalarda tənəffüs yollarından yad cismi çıxarmaq üçün qarının təkanla sıxılması (Haimlik manevri), körpələr istisna olmaqla, bütün yaş qruplarında tətbiq edilir. Açıq-aydın obstruksiya olmadıqda Haimlik üsulu əks göstərişdir.
Körpələrdə qarına təkan aparılmır. Bu, qaraciyər və digər daxili orqanları zədələyə bilər. Körpələrdə yad cismin çıxarılması üçün kürəkarası nahiyəyə zərbə vurma və döş qəfəsinin təkanla sıxılma üsulu işlədilir.
Reanimasiya üzrə bəzi ədəbiyyatlarda başlanğıc olaraq kürəkarası nahiyəyə ovucun proksimal (biləyə yaxın) hissəsi ilə 5 dəfə zərbə vurmaq təklif edilir. Bu üsul nəticə vermədikdə, qarının 5 dəfə təkanla sıxılması həyata keçirilərək, əvvəlki üsulla yad cisim çıxarılana qədər növbələşdirilir. Böyüklərdə kürəkarası nahiyəyə zərbə vurma üsulu ilə yanaşı döş qəfəsinin köndələn, ikitərəfli təkanla sıxılması üsulu da məsləhət görülür.
Böyüklərdə və bir yaşdan yuxarı uşaqlarda mexaniki asfiksiya
Boğulana göstərilən yardım onun huşunun olub-olmadığından asılıdır.
- Huşu aydın olan öskürə və ya danışa bilməyən boğulanlarda öncə Haimlik manevrindən istifadə edin.
- Huşunu itirmiş boğulanlarda təcili tibbi yardım xidmətini aktivləşdirdikdən (zəng etdikdən) sonra ürək-ağciyər reanimasiyasını CAB alqoritmi ardıcıllığı ilə başlayın
(C – canlandırma; A – açıq tənəffüs yolları; B – birbaşa nəfəs).
Haimlik manevri boğulanın ağciyərlərinin tez və güclü sıxılmasına və yad cismin nəfəs yollarından təzyiqlə qovulmasına imkan verir. Qarına təkan diafraqmanı yuxarı sıxaraq, tənəffüs yollarında təzyiqi yüksəldir. Bu, havanın sıxılmış ağciyərlərdən çıxmasını sürətləndirir və reflektor öskürəyin yaranmasına səbəb olub, yad cismi tənəffüs yollarından çıxara bilir. Fəsadların (qabırğaların sınması, dalağın zədələnməsi və s.) qarşısını almaq üçün əli xəncərəbənzər çıxıntı nahiyəsinə və aşağı qabırğa qövsünə (aşağı kənarına) qoymayın. Əgər əllər düzgün qoyulubsa qarına təkanlar sağa və ya sola yönəlməyəcək. Bu üsul bədənin bütün ağırlığı ilə həyata keçirilməlidir. Haimlik manevrini düzgün həyata keçirdikdə belə, bəzi ağırlaşmalar (daxili orqanların zədələnməsi, qusma və s.) baş verə bilər. Buna görə Haimlik manevrini zərurət olmadıqda tətbiq etmək məsləhət görülmür.
I. Huşu aydın olan boğulanlarda ilk yardım
Huşu aydın olan öskürə və ya danışa bilməyən boğulanlara öskürməyi təklif edin. Möhkəm öskürəkdən sonra, tənəffüs yolları açılmasa, Haimlik manevrinə keçin.
Ayaq üstə və ya oturaq vəziyyətdə Haimlik manevri:
- zərərçəkənin arxasında ayaq və ya dizi üstə durun;
- sabitlik yaratmaq üçün ayağınızın birini zərərçəkənin ayaqları arasına qoyaraq, dayaq verin;
- bir əlinizi yumruq şəklində büküb, baş barmaq içəri olmaqla, yumruğunuzu orta xətt üzrə göbəklə döş sümüyünün xəncərvari çıxıntısı arasında yerləşdirin (göbəkdən bir az yuxarı, xəncərvari çıxıntıdan bir qədər aşağı);
- digər əl ilə yumruğu tutub qarını tez, güclü, altdan yuxarı təkanla sıxın.
Hər təkan aydın və ardıcıl hərəkətlərlə aparılaraq, yad cisimi kənarlaşdırmaq məqsədi daşıyır.
Qarının təkanlarla sıxılması (Haimlik manevri) yad cisim tənəffüs yollarından çıxana və ya zərərçəkən huşunu itirənə qədər davam etdirilir.
Obstruksiyanı yüngülləşdirmək üçün hər yeni təkanı fərqli, ayrıca hərəkətlə edin. Qarını təkanla sıxdıqda, hava öskürək aktında olduğu kimi, məcburi olaraq ağciyərlərdən çıxır. Havanın sürətli hərəkəti butulkadan tıxacın çıxması kimi yad cismi tənəffüs yollarından xaric edir.
Boğulan huşunu itirərsə, 90 saniyə ərzində təcili tibbi yardım xidmətini aktivləşdirib, defibrilyatoru əldə etmək olarsa, bunu edin, əks təqdirdə buna vaxt sərf etməyib, ilk yardımı aşağıda göstərilən qaydada aparın.
II. Huşunu itirmiş boğulanlarda ilk yardım
Tənəffüs yolları yad cisimlə tutulmuş zərərçəkənin həmin anda huşu aydın olur, sonradan yardım göstərilmədikdə ağciyərlərə hava daxil olmadığına görə ürəyin və beyinin oksigenlə təchizatı pozulur və nəticədə o, huşunu itirir və qıcıqlara cavab vermir. Belə hal tez bir zamanda ölümlə nəticələnə bilər.
Boğulanın huşunu itirmək təhlükəsi olduğunu nəzərə alaraq, təcili tibbi yardım xidmətini aktivləşdirib, zərərçəkəni arxası üstə sərt yerdə uzadıb, nəbzi yoxlamadan döş qəfəsinin kompressiyası əsas olmaq şərti ilə, ürək-ağciyər reanimasiyasına (döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı), tənəffüs yollarının keçiriciliyinin bərpası, ağciyərlərin süni ventilyasiyası) başlayın.
Hər süni tənəffüs verməzdən əvvəl zərərçəkənin ağzını geniş açıb ağız boşluğuna baxın
Ağız boşluğunda xaric ola biləcək yad cisim görünür
Ağız boşluğunda asan xaric ola biləcək yad cisimi barmaqla çıxarın və tənəffüs yollarını “Bаş аrхаyа, alt çənə irəli” üsulu ilə açın. Sərbəst tənəffüs olmadıqda (havanın hərəkəti hiss edilmir, döş qəfəsi qalxıb enmir) iki uğurlu nəfəs verin. Birinci nəfəs uğurlu olmadıqda, başın vəziyyətini dəyişməklə (bir az arxaya və ya qabağa), təkrar uğurlu nəfəs verib ürək-ağciyər reanimasiyasını (ÜAR) təcili tibbi yardım briqadası gələnə qədər davam etdirin.
Ağız boşluğunda xaric ola biləcək yad cisim görünmür
Ağız boşluğunda xaric ola biləcək yad cisim görünmədikdə döş qəfəsinin kompressiyası əsas olmaq şərtiilə, ürək-ağciyər reanimasiyasını (ÜAR) təcili tibbi yardım briqadası gələnə qədər davam etdirin. Huşunu itirmiş boğulanlarda döş qəfəsinin kompressiyası tənəffüs yollarının açılmasında və yad cismin kənarlaşdırmasında effektiv ola bilər. Tədqiqatlar göstərir ki, huşunu itirmiş boğulanlarda döş qəfəsinin kompressiyası qarına təkanla müqayisədə tənəffüs yollarında bərabər və ya ondan artıq təzyiq yaradır. Buna görə verilən nəfəsin bir neçəsi uğursuz olduqda ÜAR-a keçib döş qəfəsinin kompressiyasını etmək lazımdır. Beş dövr (2 dəqiqə) ÜAR-dan sonra, təcili tibbi yardım xidməti aktivləşdirilməyibsə (zəng edilməyibsə), bunu etmək lazımdır.
Ağız boşluğundan yad cisimin xaric edilməsi, sərbəst tənəffüsün olması, nəfəs verən zaman havanın hərəkətinin hiss edilməsi və döş qəfəsinin qalxması qıcıqlara cavab verməyən zərərçəkənin yad cısimdən azad olmasından xəbər verir. Boğulan qəfildən nəfəs almağa başlayarsa, deməli, yad cisim tənəffüs yollarından tam xaric edilib. Normal (adekvat) tənəffüs və nəbz olduqda zərərçəkənə “bərpa vəziyyəti” verin.
Yardım uğurlu olarsa qarına təkanların fəsadlarını vaxtında araşdırmaq üçün zərərçəkən təcili tibbi müayinədən keçməlidir.
3. Hamilə qadınlarda və tosqun insanlarda döş sümüyünün təkanla sıxılma üsulu
Boğulan hamilənin qarnına təzyiq etmək olmaz. Kök insanlarda da bunu etmək olmur. Buna görə qadınlarda hamiləliyin ikinci yarısından sonra və həmçinin tosqun insanlarda tənəffüs yollarından yad cismi çıxarmaq üçün döş qəfəsinin təkanla sıxılma üsulundan istifadə edilir.
Huşu aydın olan hamilələrdə və tosqun insanlarda döş sümüyünün təkanla sıxılma üsulu:
- zərərçəkənin arxasında ayaq və ya dizi üstə durun;
- sabitlik yaratmaq üçün ayağınızın birini zərərçəkənin ayaqları arasına qoyaraq, dayaq verin;
- yumruğunuzun baş barmaq tərəfini döş sümüyünün ortasına qoyub, digər əllə tutaraq, arxaya doğru təkanla sıxın;
- fəsadların olmaması üçün əlləri xəncərvari çıxıntının üzərinə qoymayın;
- təzyiqlə təkanları yad cisim çıxana və ya boğulan huşunu itirənə qədər davam etdirin. Əgər döş qəfəsini tam tutmaq mümkün deyilsə, əlin birini qoltuq altı nahiyədən, digərini isə çiyindən keçirməklə, onun bir yarısını tutun. Bu da, mümkün olmadıqda boğulanı hər hansı bir sabit yerə (divar, ağac və s.) söykəməklə, döş sümüyünün ortasından təkanlı təzyiqlə sıxın. Təkanla təzyiq etdikdə yad cismin üzünüzə düşməməsi üçün başınızı zərərçəkənin ağzından aşağı tutun.
Sadalanan üsullarla boğulanı qucaqlamaq mümkün olmadıqda aşağıdakılar edilməlidir:
- boğulanı arxası üstə sərt müstəvi üzərində uzadın;
- mümkündürsə, boğulanın sol və ya sağ tərəfində, çiyin səviyyəsində dizi üstə dayanın;
- əllərinizi döş qəfəsinin kompressiyasında olduğu kimi yerləşdirin;
- əllərinizlə döş sümüyünə güclü təkanla təzyiq edin.
Döş sümüyünün təkanlarla sıxılması, yad cisim tənəffüs yollarından çıxana və ya
zərərçəkən huşunu itirənə qədər davam etdirilir.
Boğulan huşunu itirdikdə, xilasedici dərhal təcili tibbi yardım xidmətini aktivləşdirib, ÜAR-ı aparmalıdır.
Boğulanın özünə yardım göstərməsi
Boğulan təkdirsə, özünə sərbəst yardım göstərə bilər. Yad cismi kənarlaşdırmaq üçün o, bir əlini yumruq şəklində büküb, baş barmaq içəri olmaqla, yumruğunu yuxarıdakı qayda ilə göbəklə döş sümüyü arasında yerləşdirməlidir. Sonra yumruğunu digər əl ilə tutub, cəld daxilə və yuxarı diafraqmaya doğru təkanla sıxmalıdır. Bu nəticə vermədikdə o, qarının yuxarı hissəsini (göbəklə döş sümüyü arası) cəld möhkəm müstəvi səthin üzərinə, məsələn, stolun, stulun və ya çarpayının kənarına bir neçə dəfə təkanla sıxmalıdır.
Ağız boşluğunun yad cisimdən təmizlənməsi
İlk növbədə ağız boşluğunu yoxlamaq lazımdır. Huşu itmiş zərərçəkənin tənəffüs yollarında bərk əşyalar (qida, diş, diş protezi, diş protezinin sınıqları, sümük, oyuncaqlar və s.) və ya maye (selik, mədə möhtəviyyatı, qan, qan laxtası) tənəffüs yollarını tuta bilər. Xilasedici huşu aydın olan, lakin özünü idarə edə bilməyən zərərçəkənin də tənəffüs yollarının keçiriciliyini yoxlamalıdır. Ağız boşluğunda olan yad cisim, vaxt itirilmədən çıxarılmalıdır
Qiymətləndirdik → yad cisim həyat üçün təhlükə törədir → səbəb ləğv edilməlidir (tənəffüs yolları təmizlənməlidir).
Suda boğulma hallarında, yaşından asılı olmayaraq boğulma nəticəsində huşunu itirən zərərçəkəni xilas edib, ilk növbədə ona 5 dövr (2 dəqiqə) döş qəfəsinin kompressiyası əsas olmaq şərti ilə, ürək-ağciyər reanimasiyasını (ÜAR) aparın. Ancaq bundan sonra zərərçəkəni tərk edib, təcili tibbi yardım xidmətini aktivləşdirib (zəng vurub), defibrilyatoru əldə etmək olar.
Ağız boşluğundan xaric ola biləcək yad cisimi gördükdən sonra onu xaric etmək olar. Bütün hallarda bioloji substansiyalardan və yoluxucu xəstəliklərdən qorunun. Udlağı kor-koranə barmaqla yoxlamaq yolverilməzdir. Tənəffüs yollarının bərk yad cisimlə tutulmasına tam əmin olduqda udlağın mənfəzini tutan yad cismi şəhadət barmaqla və digər münasib vasitələrlə (qaşığın dəstəyi, qələm və s.) kənarlaşdırmaq olar.
1. Ağız boşluğunun maye və yarım maye möhtəviyyatdan təmizlənməsi
Ağız boşluğunda maye və yarım maye möhtəviyyat tənziflə bükülmüş şəhadət və orta barmaqla təcili xaric edilməlidir ki, növbəti nəfəsalmada mədə möhtəviyyatı ağciyərlərə sorulmasın (aspirasiya olunmasın).
2. Ağız boşluğunun bərk əşyalardan təmizlənməsi
Ağız boşluğundan bərk yad cisimi şəhadət barmaq vasitəsilə xaric edilməsi daha münasibdir.
- Zərərçəkənin ağzını açdıqdan sonra, aşağı sıra dişləri dillə birlikdə bir əlin baş və şəhadət barmağı ilə tutub, alt çənəni irəli çəkin – “alt çənə ilə dilin qaldırılması”.
Bu əməliyyatdan sonra dil udlağın arxa divarından və orada yerləşən yad cisimdən ayrılacaq. Bəzi hallarda bu əməliyyatdan sonra yad cisim qırtlaq nahiyəsindən kənarlaşır və tənəffüs yolu açılır.
- Hər dəfə ağız boşluğunu açdıqda udlağın arxa divarında yad cisimi görməyə çalışın və dərhal onu çıxarın.
- Digər əlin şəhadət barmağını yanağın içəri səthi ilə dilin kökünə (udlağa) qədər apararaq, qarmaq şəkilində büküb, yad cisimi tutaraq, digər yanağın iç səthi ilə hərəkət etdirərək ağızdan çıxarın.
Bəzi hallarda tənəffüs yollarını açmaq üçün bərk yad cisimi şəhadət barmaqla və ya digər münasib vasitələrlə udlağın arxa divarına doğru sıxmaq kifayət edir. Yad cisim qırtlaqdan kənarlaşdırılır və tənəffüs yollarının keçiriciliyi bərpa edilir. Ağız boşluğunu barmaqla təmizlədikdə ehtiyatlı və diqqətli olun. Yad cisim ehtiyatsızlıqdan tənəffüs yollarının dərinliyinə hərəkət edərək, boğulmanı daha da artıra və qırtlaq üstü nahiyəni zədələyə bilər.