VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Nəbz olduqda ağciyərlərin süni ventilyasiyasının aparılması
Huşsuz zərərçəkəndə nəbz vurğuları aydın təyin edildikdə, lakin sərbəst tənəffüs olmadıqda və ya ürək-ağciyər reanimasiyasından (ÜAR) sonra nəbz bərpa olunubsa, təcili tibbi yardım briqadası gələnə qədər tənəffüs yollarını açıb, yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). Hər 2 dəqiqədən bir nəbzi yoxlayın.
Uşaqlara birbaşa nəfəsvermə
Cinsi yetkinlik yaşına çatmamış uşaqlara birbaşa nəfəsvermə
Cinsi yetkinlik yaşına çatmamış uşaqların və körpələrin tənəffüs yolları kiçik ölçülü olduğu üçün nəfəsvermə müqavimətlə qarşılanır. Bunu nəzərə alaraq döş qəfəsinin qalxmasını təmin edəcək qədər verilən nəfəs kifayət hesab olunur. Cinsi yetkinlik yaşına çatmamış uşaqlarda və böyük yaş qrupuna aid körpələrdə “ağızdan-аğızа” və “ağızdan-buruna” nəfəsvermə böyüklərdə olduğu kimi aparılır.
Körpələrə (bir yaşına çatmamış uşaqlara) birbaşa nəfəsvermə
Tənəffüsə nəzarət böyüklərdə olduğu kimi aparılır.
Körpələrdə dil böyük, qırtlaq qapağı uzun olur, səs telləri bir qədər öndə yerləşir
Körpələrdə nəfəsvermə “ağızdan-ağıza və buruna” , “ağızdan-ağıza” və “ağızdan buruna” üsulu ilə aparılır. Körpənin ağzını və burnunu öz dodağınızla kip örtün və döş qəfəsinin qalxmasını təmin edəcək qədər iki uğurlu nəfəs verin.
Körpələrin burun dəliklərinin kiçik ölçülü və adenoidlərin nisbətən böyük olmasını nəzərə alaraq nəfəs vermək üçün burun-udlaq (nаzоfаrinqiаl) hava ötürücülərindən istifadə olunması məsləhət görülmür. Əksinə ağız-udlaq (оrоfаrinqiаl) hava ötürücüləri əlverişli hesab olunur və hava ötürücüsünün uzunluğu ağız bucağından qulaq sırğalığına və ya alt çənənin bucağına qədər seçilir.
Əgər nəbz bərpa olubsa hər 3–5 saniyədən bir 1 nəfəs verin (dəqiqədə 12–20 nəfəs).
Hər 2 dəqiqədən bir nəbzi yoxlayın.
Süni ventilyasiyanın texnikası
Ümumi müddəalar
Nəfəsalma zamanı ağciyərlərə daxil olan havanın tərkibində 20–21% oksigen olur. Nəfəsvermə zamanı isə xaric olan havada oksigenin miqdarı 15–16% təşkil edir. Yəni tənəffüs zamanı 4–5% oksigen sərf olunur. Deməli, ağızdan-ağıza nəfəs verdikdə zərərçəkən kifayət qədər oksigenlə təmin olunur.
Тənəffüs yоllаrının idаrə оlunmаsı üçün bir çох vаsitələr mövcuddur. Xilasedici bu vasitələrin bir neçəsi ilə ağciyərlərin süni ventilyasiyasının aparılmasını bacarmalıdır:
»birbaşa “ağızdan-аğızа” və yа “аğızdan-buruna”;
» sədd vasitəsilə “ağızdan-аğızа”;
»ağız-udlaq (оrоfаrinqiаl) və burun-udlaq (nаzоfаrinqiаl) hava ötürücüləri ilə;
»üz mаskаsı vasitəsilə “ağızdan-аğızа”;
» torba-maska cihazı (Ambu kisəsi) vasitəsilə.
Ağızdan-ağıza və аğızdan-buruna nəfəsvermə ən tez effekt verən və çox istifadə olunan üsuldur. Onilliklərlə aparılan təcrübələr bu üsulun həm zərərçəkən, həm də xilasedici üçün təhlükəsiz olduğunu göstərmişdir. Tarixdə bu üsuldan istifadə zamanı HİV/AİDS və ya hepatitlə heç bir yoluxma qeydə alınmamasına baxmayaraq, xüsusi avadanlıq və vasitələr olan yerdə onlardan istifadə etmək daha məqsədəuyğundur. Süni tənəffüs verilməsi üçün qoruyucu vasitənin olması şərt deyil. İnsanın xilas edilməsi naminə ağızdan-ağıza süni tənəffüs verilməsindən yayınmayın. Xilasedicinin zərərçəkənlə kontaktı, adətən, qısamüddətli olur və ağızdan-ağıza nəfəsvermədə infeksiyanın ötürülməsi nadir hallarda müşahidə olunur. Nəbzi təyin edilən, lakin qıcıqlara cavab (reaksiya) verməyən zərərçəkəndə tənəffüsün dayanması müşahidə edilirsə, təcili həyata keçirilən ağızdan-ağıza nəfəsvermə onun həyatını xilas edə bilər. Bu zaman maska və ya digər qoruyucu vasitə axtarmaqla, yaxud qoruyucu vasitənin təlimatını oxumaqla süni tənəffüsə başlamağı ləngitmək olmaz.
Üz maskası vasitəsilə “ağızdan-ağıza” nəfəs verilməsi
Üz maskası süni tənəffüsün aparılmasında geniş istifadə olunur. Maskaların böyük əksəriyyəti birtərəfli klapanla təchiz olunduğu üçün zərərçəkənin ağız boşluğundan çıxan havanın xilasedicinin ağız boşluğuna daxil olmasının qarşısını alır. Bəzi maskalar əlavə oksigen verilməsinə imkan verir. Körpələrin və uşaqların reanimasiyasında qoruyucu vasitələrin istifadə qaydaları böyüklərdə olduğu kimi tətbiq edilir.
Üz maskaları şəffaf sintetik materialdan olub kənarları ovaldır. Maskanın kənarının belə formada olması onun xəstənin ağzına tam hermetik oturmasına imkan verir. Maskanın ən dar hissəsi (əgər üçbucaq formasındadırsa) xəstənin burun kənarına yerləşdirilir. Həmin maskaların əksəriyyətində xilasedicini infeksiyadan qoruyan və zərərçəkənin xaric etdiyi havanın xilasedicinin ağız boşluğuna keçməsinə mane olan birtərəfli klapan vardır. Xilasedicinin bioloji substansiyalardan qorunması kiçik və böyük yaşlı zərərçəkənlərdə olduğu kimidir.
Üz maskalarından istifadə edilməsi
Ağciyərin ventilyasiyasını aparmaq üçün münasib ölçüdə üz maskası seçilməlidir. Maska zərərçəkənin ağzını və burnunu tamamilə örtməlidir. Bu zaman maska gözlərin üstünə və çənənin altına çıxmamalıdır. Üz maskası burunun üst hissəsindən aşağıya, dodaq və çənə arasındakı çökəkliyə qədər olan məsafəni – ağızı və burunu örtməlidir. Maskanı zərərçəkənin üzünə kip qoyun. Ölçüsü düz seçilməyən maska hermetik (kip) olmayacaq və hava kənarlardan xaric olacaq.
Bir çox üz maskaları plastik qablarda, yaxud çantalarda saxlanılır. Xilasedici bəzi maskaları süni tənəffüs üçün istifadə etməzdən əvvəl işlək vəziyyətə gətirməlidir. Maskaların istifadəsində çətinliklərlə üzləşməmək üçün istifadə qaydaları ilə əvvəldən tanış olmaq lazımdır. Onlar bir neçə saniyə ərzində işlək vəziyyətə gətirilir.
Maskanın qeyri-reversiv (“reversus” latın sözü olub geri deməkdir – geri qayıdan) klapanının işlək vəziyyətdə olub-olmamasına fikir verin ki, bioloji substansiyalardan və yoluxucu xəstəliklərdən qoruna biləsiniz. Klapan olduqda o, bir neçə saniyə ərzində maskaya birləşdirilir. Bu maskalara əlavə oksigenin qoşulması mümkündur. Süni tənəffüs verilməsi üçün maskanın olması şərt deyil.
Maskanın qoyulma texnikası
Üz maskasının qoyulmasında iki üsuldan istifadə etmək olar:
- zərərçəkənin çiyin səviyyəsində duraraq üz maskasının qoyulması;
- zərərçəkənin baş tərəfində duraraq üz maskasının qoyulması.
- a) Zərərçəkənin çiyin səviyyəsində duraraq üz maskasının qoyulması
Xilasedici tək olduqda üz maskasından istifadə edərkən zərərçəkənin çiyin səviyyəsində, zərərçəkən yerdədirsə dizi üstündə dayanmalıdır. Bu vəziyyətdə bir xilasedici döş qəfəsinin kompressiyasından üz maskası ilə ağciyərlərin süni ventilyasiyasına keçərkən minimum hərəkət edir və defibrilyatorun istifadəsini asanlaşdırır.
- Üz maskası ilə zərərçəkənin ağzını və burnunu örtün. Burunun üst hissəsini əhatə edib ağızı və burunu tam örtən maska düzgün qoyulmuş hesab edilir. Üz maskasının düzgün yerləşdirilməsi üçün burun kökünü oriyentir (səmt) kimi götürün.
- Zərərçəkənin başına yaxın olan əlin baş və şəhadət barmaqları ilə maskanın yuxarı, qaşlara yaxın kənarından tutun. Əgər baş və boyunun travması yoxdursa zərərçəkənin tənəffüs yollarını açmaq üçün “Bаş аrхаyа, alt çənə irəli” – üsulundan (əsas üsul) istifadə edin və əlin ovuc və digər barmaqları ilə bаşı аrхаyа əyin.
- Digər əlin baş barmağını maskanın aşağı kənarına qoyub sıxın, qalan barmaqlarla zərərçəkənin alt çənəsinin sümük hissəsinin (çənə bucaqının) altında yerləşdirib, alt çənəni irəli verib, qaldırın.
- Alt çənəni qaldırarkən, maskanı üzdə bərkitmək üçün maskanın xarici kənarlarını üzə möhkəm sıxın. Maskanın kənarlarını sıxaraq kip saxlayın.
- İki yavaş uğurlu nəfəs verin və döş qəfəsinin qalxmasını izləyin. Döş qəfəsinin qalxması üçün zərərçəkənə süni nəfəsverməni bir saniyədən artıq təmin edin.
- b) Zərərçəkənin baş tərəfində duraraq üz maskasının qoyulması
Xilasedici tək olduqda zərərçəkənin baş tərəfində durub nəfəs verməsi ancaq tənəffüsdə yaranan problemlər zamanı həyata keçirilə bilər. Ürək-ağciyər reanimasiyasını (ÜAR) həyata keçirərkən bu üsul iki xilasedici tərəfindən daha uğurlu alınır və süni tənəffüs verən xilasedici döş qəfəsinin hərəkətlərini nəzarətdə saxlaya bilir. Zərərçəkənin baş tərəfində duraraq üz maskasının qoyulma texnikasının iki üsulu mövcuddur.
Birinci üsul
Baş barmaqlarınızı və onların əsasını maskanın kənarları boyu yerləşdirin. Bunun üçün hər iki əlin baş barmağının əsasını üz maskasının qaşlara yaxın hissəsinə, barmaqları isə maskanın kənarına qoyub ağız və burunu kip tutmaq üçün yavaşca üzə sıxın. Əllərin şəhadət barmaqlarını isə çənənin altında tutub, alt çənəni maskanın içinə doğru çəkin. Digər barmaqları çənə bucağı altında yerləşdirib, tənəffüs yollarını açmaq üçün alt çənəni irəli çəkin. Havanın maskanın kənarlarından çıxmaması üçün çənəni qaldırarkən, baş barmaq və onun ovucdakı əsası ilə maskanı zərərçəkənin üzünə kip sıxın. İki yavaş uğurlu nəfəs verin və döş qəfəsinin hərəkətini izləyin.
İkinci üsul
Hər iki əlin baş və şəhadət barmaqları ilə maskanın kənarlarını tam örtüb “C” hərfi formasında yerləşdirin və maskanı üzə kip sıxın. Sonra hər iki əlin digər 3, 4, 5-ci barmaqları ilə “E” hərfi formasında alt çənənin sümük hissəsi boyunca hər tərəfdən qoyub, alt çənəni irəli çəkın. Tənəffüs yollarının belə idarə olunması və maskanın qoyulması “E–C” üsulu adlanır.
Çənəaltı yumşaq toxumaları sıxmayın, çünki bu tənəffüs yollarını tuta bilər. Bu vəziyyətdə əlin baş və şəhadət barmaqları ilə maskanı üzə sıxın, əlin digər üç barmaqlarının köməyi ilə alt çənəni maskaya doğru qaldırıb, sıxın. İki əl ilə maskanı zərərçəkənin ağzına kip otuzdurmaqla, maska ilə zərərçəkənin üzü arasında havakeçirən boşluqlar tutulur və “ağızdan-аğızа” süni tənəffüs aparılır.
Hər iki üsulla xilasedici iki əldən istifadə edərək üz maskasını saxlayır və tənəffüs yollarını açır. Baş və boyun zədələrində bаşı аrхаyа əymədən yalnız alt çənəni irəli çəkməklə süni tənəffüs verilməlidir.
Sədd vasitəs ilə “ağızdan-ağıza” nəfəs verilməsi
Sədd vasitə (üz örtükləri) üz üçün qoruyucu örtük olub, ağızdan-ağıza nəfəs verdikdə xilasedici ilə zərərçəkənin dodaqlarının bir-biri ilə təmasda olmasına imkan vermir. Sədd vasitədə xilasedicini infeksiyadan qoruyan və zərərçəkənin xaric etdiyi havanın xilasedicinin ağız boşluğuna keçməsinə mane olan birtərəfli klapan olmur. İlk fürsətdə sədd vasitəni ağızdan-maskaya və ya torba-maska cihazları ilə əvəz etmək lazımdır.
Ağızdan-ağıza sədd vasitələrlə nəfəs verilməsi
Üz maskası olmadıqda sədd vasitələrdən istifadə etmək lazımdır. Sədd vasitələrin mənfi cəhəti odur ki, ağızı hermetik (tam) tutmur və bunun nəticəsində havanın bir qismi sədd vasitənin kənarlarından çıxır. Sədd vasitə kimi istifadə olunan əşyalar: cib dəsmalı, polietilen paket (ortasından deşik açdıqdan sonra), geniş əsası olan hava ötürücüləri, sənayedə istehsal edilən xüsusi sədd vasitələr və s. Sənayedə istehsal edilən xüsusi sədd vasitənin (polietilen və digər şəffaf örtük) ortasında qısa 2–5 sm uzunluğunda boru olur.
Sənaye üsulu ilə istehsal olunan xüsusi sədd vasitənin istifadəsi:
- borunu zərərçəkənin dilinin üzərinə qoyun;
- sədd vasitənin örtüyü ilə zərərçəkənin ağız və burnunu kip örtün;
- süni tənəffüsi aparın.
Sədd vasitələri istifadə edərkən üz örtüyü zərərçəkənin ağızı üzərində kip şəkildə olmalıdır. Bu vasitələrdən istifadə etdikdə döş qəfəsinin qalxması üçün lazımi qədər güc sərf edib nəfəs vermək lazımdır. Qusma baş verdikdə sədd vasitə ağızdan götürülməli, zərərçəkən sağ və ya sol böyrü üstə çevrilməli və ağız boşluğu mədə möhtəviyya tından təmizlənməlidir.