VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Ağciyərlərin süni ventilyasiyası

Birbaşa nəfəs vermək - tənəffüsün bərpası

Böyüklər qrupu: - yeniyetmələr (cinsi yetkinlik yaşından yuxarı uşaqlar) və böyüklər daxildir.

Uşaqlar qrupu:  – yenidoğulmuşlar (bir neçə saat öncə doğulmuş uşaq);

 – körpələr (yenidoğulmuşla bir yaş arasında olan uşaq);

– bir yaşdan cinsi yetkinlik yaşına çatmamış uşaqlar.

Cinsi yetkinlik əlamətlərinə oğlanlarda döş qəfəsi və ya qoltuqaltı tüklərin olması, qızlarda süd vəzinin hər hansı bir inkişafı daxildir.

Həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığında

“B” mərhələsi – birbaşa nəfəs vermək kimi qəbul olunur.

DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.

Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.

Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.

Yardım göstərərkən xilasedici DRCABD alqoritmini ardıcıl olaraq mərhələ-mərhələ yerinə yetirməlidir. Hadisə yerinin təhlükəsizliyini qiymətləndirin, təhlükə yoxdursa zərərçəkənin qıcıqlara cavab reaksiyasını yoxlayın və eyni zamanda tənəffüsü normal/qeyri-normal olduğuna görə dəyərləndirin. Zərərçəkən qıcıqlara cavab vermirsə (huşunu itirib), nəfəs almır, qeyri-normal nəfəs alır və ya yalnız boğulursa bu, ürəyin dayanmasından xəbər verir. Ürək dayanması təyin edilən kimi 10 saniyə ərzində döş qəfəsinin kompressiyası (sıxılması) başlanmalıdır. Döş qəfəsinə 30 kompressiya etdikdən sonra zərərçəkənin tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu süni tənəffüs verilməlidir. Nəfəs verərkən döş qəfəsinin qabarması (qalxıb-enməsi) müşahidə olunursa, bu, uğurlu nəfəs sayılır.

Ürək-ağciyər reanimasiyasını (ÜAR) apararkən döş qəfəsinin kompressiyasına tez başlanmalıdır və bu, həmişə ön yerdə durmalıdır, çünki zərərçəkən nəfəs almadıqda onun ağciyərləri və qan damarlarında olan oksigen ehtiyatı ÜAR-ı döş qəfəsinin kompressiyası ilə başlamağa kifayət edir. Döş qəfəsinin 30 kompressiyasına 18 saniyədən az vaxt sərf olunur və bu, tənəffüsün verilməsində heç də ləngimə sayılmır. Körpələrə və ya uşaqlara ÜAR-ı iki xilasedici apararsa bu vaxt daha da qısa ola bilər.

DRCABD alqoritminin “Birbaşa nəfəs vermək” mərhələsində xilasedici 3 mühüm işin öhdəsindən gəlməlidir:

» ağciyərlərin süni tənəffüsünü (ventilyasiyasını) aparmaq;

» tənəffüsün normal olmasına nəzarət etmək;

» oksigen vermək (mümkün olarsa).

Ağciyərlərin süni ventilyasiyası (ASV)

Ədəbiyyatda rast gələn “süni nəfəs”, “süni tənəffüs”, “ağciyərlərin süni ventilyasiyası (ASV)” terminləri eyni məna daşıyır. Tənəffüsün olub-olmadığını yoxladıqdan və tənəffüs yollarının keçiriciliyini bərpa etdikdən (“açıq tənəffüs yolları”) sonra nəfəs yoxdursa, zərərçəkənin tənəffüsünü bərpa etmək üçün birbaşa nəfəs verərək ağciyərlərin süni ventilyasiyasını aparmaq lazımdır.

Zərərçəkən nəfəs almadıqda onun oksigen ehtiyatı ancaq ağciyərlərdə və qan damarlarında olur. Nəfəsalma zamanı ağciyərlərə daxil olan havanın tərkibində 20–21% oksigen olur. Nəfəsvermə zamanı isə xaric olan havada oksigenin miqdarı 15–16% təşkil edir. Yəni tənəffüs zamanı 4–5% oksigen sərf olunur. Deməli, ağızdan-ağıza nəfəs verdikdə zərərçəkən kifayət qədər oksigenlə təmin olunur.

Xilasedici aşağıdakı üsullarla ağciyərlərin süni ventilyasiyasının aparılmasını bacarmalıdır:

» birbaşa “ağızdan-аğızа” və yа “аğızdan-buruna”;

» sədd vasitəsilə “ağızdan-аğızа”;

» ağız-udlaq (оrоfаrinqiаl) və burun-udlaq (nаzоfаrinqiаl) hava ötürücüləri ilə;

» üz mаskаsı vasitəsilə “ağızdan-аğızа”;

» torba-maska cihazı (Ambu kisəsi) vasitəsilə.

Ağızdan-ağıza və аğızdan-buruna nəfəsvermə ən tez effekt verən və çox istifadə olunan üsuldur. Onilliklərlə aparılan təcrübələr bu üsulun həm zərərçəkən, həm də xilasedici üçün təhlükəsiz olduğunu göstərmişdir. Tarixdə bu üsuldan istifadə zamanı HİV/AİDS və ya hepatitlə heç bir yoluxma qeydə alınmamasına baxmayaraq, xüsusi avadanlıq və vasitələr olan yerdə onlardan istifadə etmək daha məqsədəuyğundur. Süni tənəffüs verilməsi üçün qoruyucu vasitənin olması şərt deyil. Xilasedicinin zərərçəkənlə kontaktı, adətən, qısamüddətli olur və ağızdan-ağıza nəfəsvermədə infeksiyanın ötürülməsi nadir hallarda müşahidə olunur. Nəbzi təyin edilən, lakin qıcıqlara cavab (reaksiya) verməyən zərərçəkəndə tənəffüsün dayanması müşahidə edilirsə, təcili həyata keçirilən “ağızdan-ağıza” nəfəsvermə onun həyatını xilas edə bilər. Bu zaman vaxt itkisinə yol verərək  maska və ya digər qoruyucu vasitə axtarmaqla, yaxud qoruyucu vasitənin təlimatını oxumaqla  tənəffüsə başlamağı ləngitmək olmaz.

Sədd vasitəsi üz üçün qoruyucu örtükdür. Ağızdan-ağıza nəfəs verdikdə zərərçəkənin dodaqları ilə təmasda olmağın qarşısı alınır.

Ağız-udlaq (оrоfаrinqiаl) və burun-udlaq (nаzоfаrinqiаl) hava ötürücüləri dilin qatlanması səbəbindən baş verən yuxarı tənəffüs yolları obstruksiyasının (tutulmasının) qarşısını alır.

Maska süni tənəffüsün aparılmasında geniş istifadə olunur. Zərərçəkənin ağzından çıxan havanın xilasedicinin ağzına keçməsinin qarşısını almaq məqsədi ilə maskaların böyük əksəriyyəti birtərəfli klapanla təchiz olunmuşdur.

Özüdüzələn kisə (Ambu kisəsi) – maska və elastik rezervuardan (torbadan) ibarətdir. Bu cihaz effektiv nəfəsvermə üçün kifayət qədər həcmə malikdir və xilasedicinin digər üsullarla süni tənəffüs verməsinə ehtiyac qalmır.

Körpələrin və uşaqların reanimasiyasında qoruyucu vasitələrin istifadə qaydaları böyüklərdə olduğu kimidir.

Tənəffüsün Qiymətləndirilməsi

Zərərçəkənin nəfəs alıb/almadığını  yoxlayın

Tənəffüs yollarını açdıqdan sonra tənəffüsü normal və ya qeyri-normal olduğuna görə dəyərləndirin. Xilasedici, zərərçəkən tənəffüs edən zaman havanın hərəkətini hiss etməklə yanaşı, döş qəfəsinin qalxıb-enməsinə fikir verməlidir.

- Danışa bilən, öskürən və ya ağlayan insanın nəfəs yolları açıqdır və o, sərbəst nəfəs ala bilir. Zərərçəkən nəfəs alırsa, tənəffüsün sayına, ritminə, dolğunluğuna, döş qəfəsinin hərəkətinin simmetrikliyinə, yardımçı əzələlərin tənəffüsdə iştirakına, nəfəs alan və nəfəs verən zaman qeyri-adi tənəffüs küylərinə fikir verilməlidir. Küylü tənəffüs nəfəs yollarının tutulmasından (obstruksiyasından) xəbər verir. Fit, xırıltı, xoruz səsləri traxeyanın və qırtlağın hissəvi tutulmasına işarədir. Bronxial astmada nəfəsvermə, ürək çatışmazlığında isə nəfəsalma çətinləşib, təngnəfəsliyə gətirib çıxarır. Tənəffüsün məhdudlaşması hipoksiya (orqanizmdə oksigenin azalması) törədir və bu səbəbdən toxumaların oksigenlə təchizatı azalır.

- Qıcıqlara cavab verməyən (huşunu itirmiş) zərərçəkənin sağ olduğunu təsdiq edən əlamətlər (aydın hiss olunan nəbz, normal nəfəs, öskürək və ya hər hansı bir hərəkət) yoxdur və o, nəfəs almır, qeyri-normal nəfəs alır (o cümlədən aqonal tənəffüs), yalnız boğulur, təngnəfəs olur – bu, ürəyin dayanmasının ilk dəqiqələrindən xəbər verir. Ləngimədən “Sağ qalma zəncirininin” (Chain of Survival) ardıcıllığını əsas tutaraq DRCABD alqoritmini həyata keçirin. Ürək dayanması təyin edilən kimi 10 saniyə ərzində döş qəfəsinin 30 kompressiyasından (sıxılmasından) sonra, zərərçəkənin nəfəs yollarını açıb 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni nəfəs verin;

Kritik vəziyyətlərdə tənəffüs aktında yaranan problemlərin səbəbləri:

ürək tutması;

tənəffüs çatışmazlığı, boğulma;

tənəffüs yollarında yad cisimin (çənə sınıqlarında sınmış sümüklərin fraqmentləri, huşunu itirmiş vəziyyətdə dil, mədə möhtəviyyatı – qusuntu) olması;

baş beyinin travması;

narkotik maddələrin və spirtli içkilərin hədsiz qəbulu;

udlağın və qırtlağın kəskin ödemi (allergiya, anafilaksiya, termiki və kimyəvi yanıqlar);

infeksiya (udlaq arxası abses (irin toplantısı), inaq, difteriya, epiqlotit – qırtlaq qapağının iltihabı). Belə vəziyyətlər tənəffüs  çatışmazlığına gətirib çıxarır və spesifik müalicə tələb edir.

Tənəffüs çatışmazlığının əlamətləri:

tənəffüsün çətinləşməsi;

təngnəfəslik;

küylü səthi tənəffüs; “məcburi vəziyyət” – yardımçı əzələlərin tənəffüsdə iştirakı (zərərçəkənin oturaq vəziyyət alıb, əllərini dizləri üstə qoyub, yuxarı ətrafları təsbit etməsi);

ağız-burun üçbucağının göyümtül rəngə çalması (sianoz);

döş qəfəsinin divarlarının qeyri-adekvat hərəkətləri (nəfəsalma zamanı döş qəfəsi daxilə dartılır);

boğulma – boyunun ətrafında əllərin xarakterik vəziyyəti (“boğulmanın universal nişanı” – boğulan boğazını ovcu ilə sıxır);

burun pərlərinin genəlməsi;

nevroloji statusun (huşun) dəyişməsi; qorxu hissi; nitqin çətinləşməsi.

 Ağciyərlərin süni ventilyasiyasının düzgün aparılma meyarları:

- havanın hərəkəti hiss edilməlidir;

- döş qəfəsinin (sinənin) qalxması izlənməlidir;

- tənəffüsün düzgün tezliklə verilməsi daim nəzarətdə saxlanmalıdır;

- süni tənəffüs döş qəfəsinin qalxmasını təmin etməlidir;

- artıq havalandırmaya yol verilməməlidir;

- tənəffüs qısa, asta, ardıcıl, hərəsi 1 saniyədən çox olmalıdır.

 Normal və qeyri-normal tənəffüsün sayı

 

Yaş qrupu

Normal

Qeyri-normal

Böyüklər

12 – 18

< 12 və  24 <

8 yaşdan yuxarı uşaqlar

12 – 20

< 12 və  24 <

8 yaşa çatmamış uşaqlar

12 – 30

< 12 və  35 <

Körpələr

30 – 40

< 25 və  60 <

Yenidoğulmuşlar

40 – 50

< 35 və  60 <

Qeyri-normal tənəffüsün son həddi böyüklərdə və cinsi yetkinlik yaşından yuxarı uşaqlarda dəqiqədə 8, cinsi yetkinlik yaşına çatmamış uşaqlarda 10, körpələrdə 20-dir.

 Yaşdan asılı olaraq aşağıda göstərilən tezliklərdən az olmayaraq nəfəs verilməlidir:

- böyüklərdə (cinsi yetkinlik yaşından yuxarı uşaqlar və böyüklər) dəqiqədə 10–12 nəfəs;

- körpələrdə və bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlarda dəqiqədə 20 nəfəs;

- yenidoğulmuşlarda (bir neçə saat öncə doğulmuş uşaq) dəqiqədə 40 nəfəs.

Cinsi yetkinlik əlamətlərinə oğlanlarda döş qəfəsi və ya qoltuqaltı tüklərin olması, qızlarda süd vəzinin hər hansı bir inkişafı daxildir.

Tənəffüsün dəqiqəlik sayını (TS) bilmək üçün tənəffüsü 6 saniyə ərzində sayıb 10-a və ya 10 saniyə ərzində sayıb 6-a vurmaq lazımdır.

 Böyüklərə birbaşa nəfəsvermə

Böyüklərə yardım göstərənlər tək, iki nəfər və daha çox olduqda da ÜAR 30:2 nisbətində aparılır (30 komp-ressiyadan sonra 2 ardıcıl uğurlu süni tənəffüs). Zərərçəkəndə boğulma ehtimal edilirsə öncədən 2 dəqiqə ərzində ilk yardım göstərmək, məhz bundan sonra təcili tibbi yardım briqadası çağırmaq lazımdır.

Öncə tənəffüs yollarının keçiriciliyini iki üsuldan (“bаş arxaya, çənə irəli” və ya “çənə irəli”) biri ilə açın.

» Ağızdan-ağıza nəfəs verərkən zərərçəkənin burnunu baş və şəhadət barmaqla bərk sıxıb (verilən hava burundan çıxmasın), onun dodaqlarını öz dodaqlarınızla kip örtün.

» Ağızdan-buruna nəfəs verərkən zərərçəkənin çənəsini qaldırın, ağzını onun alt dodağı ilə örtüb (verilən hava ağızdan çıxmasın), onun burnunu öz dodaqlarınızla kip örtün. Qaldırılan çənə tənəffüs yollarının açıq olmasını təmin edir.

Ağızdan-buruna nəfəsvermə “ağızdan-ağıza” nəfəsvermənin istifadəsi mümkün olmadığı halda həyata keçirilir.

Hər nəfəsvermə döş qəfəsinin gözlə görünən dərəcədə qabarması ilə nəticələnməlidir. Nəfəs verdikdən sonra ağzınızı zərərçəkənin xarici nəfəs yollarından ayırıb, onun passiv nəfəs verməsinə imkan verin. Əgər zərərçəkənin döş qəfəsi hər nəfəsvermə zаmаnı qаlхıb enirsə və hаvаnın çıхmаsı hiss edilirsə, deməli, ağciyərlərin süni vеntilyаsiyаsı düzgün aparılır.

Nəfəsvermə zamanı tənəffüs yollarının daim açıq olması üçün başı bir vəziyyətdə saxlayın.

Döş qəfəsinin qalxmasını təmin edəcək qədər başlanğıc süni tənəffüsün verilməsi

Başlanğıc (ilkin) süni tənəffüsün verilməsi – iki uğurlu ardıcıl nəfəs vermək deməkdir.

Birinci uğurlu nəfəs verdikdən sonra zərərçəkənin passiv nəfəs verməsini təmin edirik (ağzımızı çəkirik) və dərhal ikinci uğurlu nəfəs veririk. Birinci nəfəsin uğurlu olması nəfəs yollarının açıq olduğunu göstərir.

Əgər birinci nəfəs uğurlu deyilsə, deməli nəfəs yolları dillə tutulub. Başın vəziyyətini dəyişin (bir az arxaya və ya qabağa) və təkrarən nəfəs verin. Xilasedici tək olduqda çalışmalıdır ki, kompressiyaların arasındakı fasilə 10 saniyədən artıq olmasın.

  1. a) Başın vəziyyətini dəyişdikdən və təkrarən nəfəs verdikdən sonra döş qəfəsində qabarma müşahidə edilirsə, deməli, nəfəs yolları dillə tutulmuşdur. İkinci uğurlu nəfəs verin. Tənəffüs yolları açıq, lakin nəfəs verdikdə döş qəfəsi qalxmayan halda nəfəsi müsbət təzyiq altında daha böyük həcmlə, yaxud daha böyük təzyiqlə verin.
  2. b) Başın vəziyyətini bir neçə dəfə dəyişdikdən sonra da verilən nəfəs uğursuzdursa, deməli, yad cisim nəfəs yollarını tutub və havanın ağciyərlərə daxil olmasına mane olur. Döş qəfəsinin kompressiyasını davam edin və hər 30 kompressiyadan (1 dövr) sonra ağız boşluğunu yoxlayın və yad cisim yoxdursa, başın vəziyyətini dəyişdirin və iki uğurlu nəfəs verin. Hər dəfə tənəffüs yolunu açanda zərərçəkənin ağzını nəfəs vermək üçün geniş açıb, yad cismə görə baxın. Asan xaric ola biləcək yad cismi barmaqla çıxarın. Əgər yad cisim görünmürsə, ÜAR-ı davam edin. Hər iki dəqiqədən bir nəbzi yoxlayın.

 Böyüklərdə 2 süni tənəffüs hər 18 saniyədən bir verilməlidir

Zərərçəkən birinci nəfəsi 2 tənəffüs arasında, ikinci nəfəsi 2-ci tənəffüsdən sonra (1-ci kompressiya zamanı) verir. Hər 5 dövrdən və ya hər 2 dəqiqədən sonra nəbzi və tənəffüsü yoxlayın. 30 kompressiya və 2 süni tənəffüs 1 dövr sayılır. İki xilasedici olduqda hər 5 dövrdən və ya hər 2 dəqiqədən bir kompressiya edən və süni tənəffüsü aparan rollarını dəyişməlidirlər. Bu yerdəyişmə 5 saniyə ərzində edilməlidir.

Ola bilər ki, xilasedici sinənin qalxıb-enməsini görsün, lakin tənəffüs yollarının tutulması səbəbindən nə havanın çıxdığını eşitsin, nə də hava axınını hiss etsin. Havanın bu cür reflektor olaraq acgözlüklə “udulması” ürəyin qəfləti dayanmasını göztərir və aqonal (canvermə) tənəffüs hesab olunur. Qeyri-аdеkvаt (tam uyğun) olduğuna görə ürək-ağciyər reanimasiyası (ÜAR) aparılmalıdır.

Diş prоtеzlərini yerində sахlаyın. Onlar ağızda karkas yaradıb, süni tənəffüsün aparılmasına kömək edir. Ağızda boş və ya sərbəst olan, laxlayan, diş prоtеzi isə çıxarılmalıdır, çünki o, bоğаzın аrхаsınа düşərək, tənəffüs yоllаrını tuta bilər.