VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Ürək-Damar Sistemi
Ürək-damar sisteminin əsas funksiyası oksigeni və qida maddələrini orqanizmin hər bir hüceyrəsinə çatdırmaqdır. O, həmçinin karbon qazının və lazımsız maddələrin orqanizmdən xaric olunmasında iştirak edir. Ürək-damar sistemi ürəkdən və qan damarlarından (arteriyalar, venalar, kapilyarlar) ibarətdir.
Qan dövranının dayanması
Ürəyin və ya tənəffüsün qəfləti dayanması qəfləti ölümlə nəticələnir. Qəfləti ölüm zamanı huş itir (qıcıqlara cavab reaksiyası olmur), tənəffüs olmur, ürək dayanır (iri arteriyalarda nəbz təyin edilmir). Ürəyin qəfləti dayanmasının ilk 4–6 dəqiqəsində klinik ölüm baş verir. Bu dövrdə ilk yardım göstərilməsi yubanarsa, geri dönməsi mümkün olmayan bioloji ölüm baş verir.
Həyat üçün ən təhlükəli hal ürəyin qəfləti dayanmasıdır. Ürəyin qəfləti dayanmasının ən başlıca səbəbi ritm pozğunluğundan yaranan mədəcik fibrilyasiyası (ürək əzələləri titrəyir – səyriyir) və ya mədəcik taxikardiyasıdır. Ürək dayandıqda qan dövr etmir və nəbz təyin edilmir. Bu zaman vaxt itirmədən qan dövranını bərpa etmək üçün ürək-ağciyər reanimasiyası (ÜAR) başlanmalı və defibrilyasiya aparılmalıdır.
Qan dövranının effektivliyini öyrənmək məqsədi ilə yuxu, bud, mil və ya bazu arteriyasında nəbzi yoxlamaq lazımdır. Nəbz aydın təyin edildikdə onun sayına, ritminə, dolğunluğuna və gərginliyinə fikir verin.
Nəbz vurğularının dəqiqəlik sayını bilmək üçün nəbzi 6 saniyə sayıb 10-a və ya 10 saniyə sayıb 6-ya vurmaq lazımdır. Yaxşı dolğunluqlu və ritmik nəbz ürək fəaliyyətinin müsbət işindən, zəif nəbz isə qan dövranının pozulmasından xəbər verir.
Canlandırma - qan dövranının bərpası.
Həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığında “C” mərhələsi – canlandırma (döş qəfəsinin kompressiyası – ürəyin qapalı masajı) kimi qəbul olunur.
DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.
Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.
Yardım göstərərkən xilasedici DRCABD alqoritmini ardıcıl olaraq mərhələ-mərhələ yerinə yetirməlidir. Canlandırma (qan dövranının bərpası) mərhələsində 3 mühüm işin öhdəsindən gəlmək lazımdır: qanaxmanın dayandırılması; döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı); dövriyədə olan qanın həcminin bərpa edilməsi. Reanimasiya (yenidən həyata qaytarma, diriltmə) zamanı döş qəfəsinin kompressiyası həmişə ön yerdə durmalıdır.
1. Nəbzin təyin edilməsi
Huşunu itirmiş zərərçəkəndə ürək-ağciyər reanimasiyasına (ÜAR) başlamamışdan qabaq qan dövranını qiymətləndirin – nəbzi təyin edin. Zərərçəkəndə nəbzin təyin edilməsinə sərf olunan vахt 5 ən çoxu 10 saniyə olmalıdır.
Böyüklərdə nəbz 5–10 saniyə ərzində təyin edilməlidir. Böyüklərdən fərqli olaraq uşaqlarda və körpələrdə nəbz 5–10 saniyə ərzində aydın təyin edilmirsə və ya dəqiqədə 60-dan azdırsa ÜAR-ı başlayın. Uşaqlarda döş qəfəsinin kompressiyası əsas götürülərək eyni zamanda mütləq süni tənəffüs verilməlidir.
Böyüklərdə və 1 yaşdan yuxarı uşaqlarda nəbz yuxu və ya bud arteriyalarında təyin edilir
Yuxu arteriyasında nəbzin təyin edilməsi:
- boyun fəqərələrinin travmasına şübhə olmadıqda, başı arxaya əyin;
- şəhadət, orta və adsız barmaqları xirtdəyin (hülqumun) üzərinə qoyun;
- barmaqları bir yerdə qırtlaq qığırdağının üzərindən aşağı, özünüzə tərəf sürüşdürərək, döş-körpücük-məməyəbənzər əzələyə tərəf çəkin.
Bud arteriyasında nəbzin təyin edilməsi:
- bud arteriyasında nəbzi qasıq nahiyəsinin hər iki tərəfində təyin etmək olar;
- əlin iki barmağını budun içəri hissəsinə, qalça və qasıq sümükləri arasındakı məsafənin ortasına və bud-çanaq büküşünün aşağısına qoyun.
Körpələrdə (29 gündən 1 yaşadək) və yenidoğulmuşlarda nəbz bazu arteriyasında təyin edilir:
Körpələrdə nəbz bazu arteriyasında şəhadət və orta barmaqlarla bazunun iç səthinin ortasında (dirsəklə çiyin arasında) yüngülcə sıxmaqla təyin edilir. Körpələrin boynunun qısa və enli olması yuxu arteriyasında nəbz vurğularının təyin edilməsi çətinləşir və tənəffüs yollarının sıxılma (boğulma) ehtimalı artırır. Buna görə körpələrdə yuxu arteriyasında nəbzin təyin edilməsi məsləhət görülmür.
Nəbz 5–10 saniyə ərzində aydın təyin edilmirsə və ya dəqiqədə 60-dan azdırsa döş qəfəsinin kompressiyası əsas götürülərək, ürək-ağciyər reanimasiyasına başlanmalıdır.
2. Döş qəfəsinin kompressiyası aparılacaq nahiyə
Kompressiya aparılacaq nahiyə və onun aparılma texnikası zərərçəkənin yaşından asılı olaraq fərqlənir.
1-ci şəkil: Döşün mərkəzi, döş sümüyünün üstü
B. Döş qəfəsi kompressiyasının 1-ci üsulu
2-ci şəkil: Döş qəfəsi kompressiyasının 2-ci üsulu
3-cü şəkil: Körpələr və yenidoğulmuşlarda kompressiya aparılacaq nahiyə
Ürək-ağciyər reanimasiyasını (ÜAR-ı) aparmaqda məqsəd həyati vacib orqan və sistemləri süni surətdə oksigenləşmiş qanla təmin etmək və beyin hüceyrələrində gedə biləcək geri dönməyən proseslərin qarşısını almaqdan ibarətdir. ÜAR zərərçəkən aşkar olduğu yerdə aparılmalıdır. Zərərçəkən arxası üstə bərk müstəvi səth üzərinə uzadılmalıdır. Baş və ya boyun zədələnməsindən şübhələnirsinizsə, zərərçəkəni üzü yuxarı çevirəndə başı, boyunu və gövdəni bir xətdə saxlamağa çalışın. Xilasedici zərərçəkənin çiyin səviyyəsində, yerdə yardım göstərdikdə isə dizi üstündə dayanmalıdır.
Döş qəfəsinin kompressiyası aparılacaq nahiyə:
- böyüklərdə döş qəfəsinin mərkəzində döş sümüyünün aşağı hissəsində;
- bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlara döş sümüyü cisminin aşağı yarısında;
- körpələrdə və yenidoğulmuşlarda döş sümüyünün aşağı üçdəbir hissəsi iki döş giləsi arasındakı xətdən bir barmaq eni qədər aşağıda yerləşir.
Döş qəfəsinin kompressiyasının aparılma texnikası
Huşunu itirirmiş (qıcıqlara cavab verməyən) və nəbzi 5–10 saniyə ərzində aydın təyin edilməyən zərərçəkənə lazımsız edilən döş qəfəsinin kompressiyası nisbətən az ziyanlıdır, nəinki gecikdirilmiş kompressiya.
Döş qəfəsinin kompressiyasını apararkən ürək döş sümüyü ilə onurğa arasında sıxılıb qanı damarlara qovur və ürək (döş qəfəsi) nasosu işə düşür. Ürək (döş qəfəsi) nasosu qanı venalardan sorub yenidən ürəyə daxil olmasına imkan verir və kompressiyalar zamanı qan dövranı bərpa olunur. Hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verin. Döş qəfəsi tam yerinə qayıtmasa ürək nasosunun sorma qabiliyyəti azalır və qan dövranı zəif bərpa olunur.
Döş qəfəsinin kompressiya və dekompressiya vaxtları təqribən bərabər olmalıdır.
Döş qəfəsinə göstərilən təzyiqin dərinliyi:
körpələrdə təqribən 4 sm;
uşaqlarda azı 5 sm;
böyüklərdə isə 5 sm-dən artıq, 6 sm-dən çox olmamaq şərti ilə.
- Böyüklərdə döş qəfəsinin kompressiyasının aparılma texnikası
Böyüklərdə döş qəfəsinin kompressiyası iki əllə aparılır. Əllər döşün mərkəzinə döş sümüyünün aşağı hissəsinə qoyulur. Bu yerin tez müəyyən edilməsinə çalışın. Bu mümkün olmadıqda, aşağı ətrafa yaxın əlin iki barmağını xəncərəbənzər çıxıntının üzərinə, digər ovcun proksimal (biləyə yaxın) hissəsini isə şəkildə göstərilən qaydada döş sümüyünün aşağı hissəsinə qoyun.
- Əllərin döş sümüyünün üzərinə qoyulmasının 2 üsulu:
» I üsul: bir əl digər əlin üzərinə qoyularaq barmaqlar qıfıl şəklində bir-birinə keçirilir və döş sümüyünün aşağı hissəsinə qoyulur. Aşağıdakı əlin barmaqları yuxarıya, “cənnətə” baxmalıdır;
» II üsul: bir əl digər əlin biləyindən yapışaraq döş sümüyünün aşağı hissəsinə qoyulur. Aşağıdakı əlin barmaqları yuxarıya, “cənnətə” baxmalıdır.
- Qollar dirsək oynağından tam açılmalıdır (dirsək oynağı bükülməməlidir).
- Döş qəfəsinin kompressiyası fasiləsiz rejimdə sərt və tez-tez, dəqiqədə 100–120 arası tezliklə olmalıdır.
- Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbir dərinliyinə qədər sıxılmalı (böyüklərdə 5 sm-dən artıq, 6 sm-dən çox olmamaq şərti ilə) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verilməlidir.
- Hər 30 kompressiya etdikdən sonra zərərçəkənin tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni tənəffüs verin. Hər nəfəsvermə 1 saniyədən artıq olmalıdır.
- Böyüklərə yardım göstərənlər tək, iki nəfər və daha çox olduqda da ÜAR 30:2 nisbətində aparılır.
- 30 kompressiyanı təxminən 18 saniyə və ondan az müddətdə etmək lazımdır. Kompressiyaları ucadan sayın. Döş qəfəsinin kompressiyasını edən xilasedici döş qəfəsinə etdiyi təzyiqləri ucadan saymalıdır ki, digər xilasedici süni tənəffüsün başlama vaxtını bilsin.
- 30 kompressiyadan sonra 2 ardıcıl uğurlu süni tənəffüs verin.
- Döş qəfəsi kompressiyalarını edərkən kompressiyaların arasındakı hər hansı bir fasilə 10 saniyədən artıq olmamalıdır və tənəffüs vermək üçün fasiləyə ehtiyac yoxdur.
- Kompressiyanın tənəffüsə 30:2 və 15:2 nisbəti bir dövr hesab edilir.
- Hər 5 dövrdən (2 dəqiqədən) bir nəbzi yoxlayın. Nəbz aydın təyin edildikdə, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs).
- Hər bir elektroşokdan (cərəyandan) qabaq və dərhal sonra, döş qəfəsinin kompressiyası əsas olmaq şərti ilə, ÜAR-ı təcili yenidən başlamaq lazımdır. Nəbzi və ritmi yoxlamağa vaxt sərf etməyin.
- Hər 5 dövrdən (2 dəqiqədən) bir, yardım göstərənlər iki nəfər və çox olduqda yerlərini dəyişmədən, uzağı
5 saniyə ərzində funksiyalarını dəyişməlidir. Bunu defibrilyator analiz etdiyi müddətdə etmək olar.
Tənəffüsün Qəfləti Dayanması
Həyat üçün ən təhlükəli hal və ölümün aparıcı səbəbi ürəyin və ya tənəffüsün qəfləti dayanmasıdır (apnoe).
» Tənəffüsün dayanmasının əsas səbəbi tənəffüs yollarının dil və ya yad cisimlə tutulmasıdır.
» Tənəffüsün dayanmasına eləcə də beyində yerləşən tənəffüs mərkəzinin iflici və tənəffüs çatışmazlığı ilə nəticələnən müxtəlif xəstəliklərin (miokard infarktı, bronxial astma tutmaları, qırtlağın spazması və ödemi, epilepsiya, digər qıcolmalar, bayılma və s.) fəsadları səbəb ola bilər.
Tənəffüs mərkəzinin iflici səbəbindən tənəffüsün dayanması narkotik maddələrin hədsiz qəbulu, baş beyin travmaları, beyin insultu, elektrik cərəyanı ilə zədələnmələr, zəhərlənmələr və s. hallarda müşahidə olunur. Yuxarıda göstərilən səbəblərin hər biri fərqli yardım tələb edir. Ona görə tənəffüsün dayanma səbəbinin mümkün qədər tez təyin edilməsi vacibdir. Tənəffüs mərkəzinin iflici zamanı, tənəffüs yollarının açıq olmasına baxmayaraq, tənəffüs təyin edilmir.
Tənəffüs yollarının açıq olmasına əmin olub, döş qəfəsinin kompressiyasını (ürəyin qapalı masajı) etmədən, təcili iki uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin.
Hər nəfəsverməni bir saniyədən artıq təmin edin. Tənəffüsü döş qəfəsinin gözlə görünən qalxmasına qədər verin. Təxminən hər 2 dəqiqədən bir nəbzi yoxlayın:
- a) böyüklərdə nəbz təyin edilirsə, hər 5–6 saniyədən bir ancaq 1 nəfəs verin (dəqiqədə təxminən 10–12 dəfə).
- b) körpələr və uşaqlarda hər 3–5 saniyədən bir ancaq 1 nəfəs verin (dəqiqədə təxminən 12–20 dəfə).
Nəfəsvermə zəif olmalıdır ki, hava təzyiqlə mədəyə daxil olmasın. Körpələrdə və uşaqlarda normal (adekvat) oksigenləşmə və havalandırmaya baxmayaraq, ürək vurğularının dəqiqəlik sayı (ÜVS) 60-dan az olarsa, ürək-ağciyər reanimasiyasına (ÜAR) başlayın.
Huşunu itirmiş zərərçəkənin tənəffüs yollarının tutulması (obstruksiyası)
Tənəffüs yoxdursa, deməli, tənəffüs yollarının tutulma (obstruksiya) ehtimalı vardır. Tənəffüs yollarının tutulması dil (huşunu itirmiş zərərçəkəndə, xüsusən arxası üstə uzandıqda), yad cisim (qida, diş prоtеzləri, oyuncaqlar, qan lахtаsı), boyunun və ya üzün travması, qırtlaq və onun ətrafındakı toxumaların iltihabı (epiqlotit), şiş və başqa səbəblərdən əmələ gələ bilər. Huşun itməsi zərərçəkənin həyatı üçün həmişə təhlükə yaradır. Arxası üstə uzanmış halda huşunu itirmiş zərərçəkən öz tənəffüs yollarını müdafiə edə bilmədiyindən dil, yad cisim boğazın arxasına düşüb tənəffüs yollarının obstruksiyasına səbəb ola bilər. Buna görə xilasedicinin əsas məqsədi huşunu itirmiş zərərçəkənin tənəffüs yollarının keçiriciliyini təmin etməkdir.
Bu mərhələdə xilasedici tərəfindən 3 mühüm addım atılmalıdır:
- tənəffüs yollarının keçiriciliyini qiymətləndirmək;
- tənəffüs yollarının keçiriciliyini bərpa etmək;
- onurğanın boyun hissəsini qorumaq.
Xilasedici ilk növbədə tənəffüs yollarının keçiriciliyini qiymətləndirməlidir. Tənəffüs yollarının tutulması olduqda, onurğanın boyun hissəsini qorumaq şərtilə, tənəffüs yollarının keçiriciliyini təcili olaraq bərpa etməlidir. Huşunu itirmiş zərərçəkəndə tənəffüs yollarının daim açıq saxlanmasının ən münasib yolu xüsusi hazırlığı olan həkim tərəfindən intubasiya etmək (xüsusi borunu traxeyaya – nəfəs yoluna yeritmək) və ağciyərlərin süni ventilyasiyasını aparmaqdır.
Açıq Tənəffüs Yolları
Həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığında dördüncü “A” mərhələsi – açıq tənəffüs yolları kimi qəbul olunur.
DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.
Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.
Tənəffüs yollarının keçiriciliyinin pozulması hipoksiyaya (orqanizmdə oksigenin azalması), tənəffüs çatışmazlığına və tənəffüsün dayanmasına səbəb olub ürəyin dayanması və klinik ölümlə nəticələnə bilər. Bu səbəbdən tənəffüs yollarının keçiriciliyinin bərpası və ağciyərlərin süni ventilyasiyası (havanın ağciyərlərə daxil və xaric olması) olduqca vacibdir.
Tənəffüs yollarının dillə tutulması (obstruksiyası)
Huş itdikdə tənəffüs yollarının tutulmasının əsas səbəbi dil olur. Huş itirildikdə əzələ tonusu (əzələ gərginliyi) zəifləyir, çənə və boyun əzələləri bоşаlır, arxası üstə uzanmış zərərçəkənin dilinin kökü arxaya və aşağıya, qırtlaq qapağının üzərinə sallanıb tənəffüs yollarının tutulmasına səbəb olur. Dil alt çənəyə birləşdiyi üçün alt çənə qabağa çəkildikdə dil yuxarı qalxır və tənəffüs yolları açılır.
Dillə tutulan tənəffüs yolu iki üsulla açılır:
» “bаş аrхаyа, alt çənə irəli” – bаşı аrхаyа əyib, alt çənəni irəli çəkmək (əsas üsul);
» “alt çənə irəli” – başı arxaya əyməyib, alt çənəni irəli çəkmək.
“Bаş аrхаyа, alt çənə irəli” – üsulu (əsas üsul)
Bаşı аrхаyа əyib, alt çənəni irəli və yuxarı qаldırmаqlа tənəffüs yоllаrının sərbəst keçiriciliyini təmin edin. Əgər huşunu itirmiş zərərçəkəndə başın və ya boyunun travmasına şübhə yoxdursa, bu üsuldan istifadə etməklə tənəffüs yollarını açmaq lazımdır.
Başa yaxın olan əli zərərçəkənin alnına qoyub, ehtiyatla başını arxaya əyin.Eyni zamanda ayaqlara yaxın olan digər əlin şəhadət və orta barmaqları ilə alt çənənin qabarıq (sümük) hissəsini irəli və yuxarı qaldırıb, ağızı açıq vəziyyətdə saxlayın.
Bu hərəkətlərlə dil boğazın аrхаsındаn qabağa – yuxarı çəkilir və tənəffüs yollarının keçiriciliyi bərpa olunur. Barmaqlar çənəaltı yumşaq toxumalara təzyiq göstərməməlidir, çünki bu tənəffüs yollarının tutulmasına gətirib çıxara bilər.
Alt çənəni qaldırmaq üçün baş barmaqdan istifadə etməyin. Ağız açıq qalmalıdır. Bu üsul daha çох istifadə olunur və tənəffüs yollarının keçiriciliyini optimal (ən əlverişli) surətdə təmin edir.
“Alt çənə irəli” üsulu
Başın və ya boyunun travmasından şübhələndikdə, başı arxaya əymədən alt çənə qabağa çəkilir. İki xilasedici olduqda biri zərərçəkənin baş tərəfində dizi üstündə dayanıb, dirsəklərini xərəyə və ya bərk bir yerə dirəyib, hər iki əlin baş barmaqlarını alt çənənin üstünə, şəhadət barmaqlarını isə alt çənənin künclərinə qoyub, barmaqları hərəkət etdirməklə alt çənəni irəli və yuxarı qaldırır. Digər xilasedici süni tənəffüs verir.
Xilasedici tək olduqda o, başı arxaya əyməyib, ayaqlara yaxın olan əlin şəhadət və orta barmaqları ilə alt çənənin qabarıq (sümük) hissəsini irəli və yuxarı qaldırıb, ağızı açıq vəziyyətdə saxlayıb, süni tənəffüs verir. Bu hərəkətlər nəticəsində dil boğazın аrхаsındаn qabağa – yuxarı çəkilir və tənəffüs yollarının keçiriciliyi bərpa olunur. Göstərilən üsul ehtimal olunan boyun və baş zədələnmələri üçün ən təhlükəsizi hesab olunur, lakin yerinə yetirilməsi çətin və yorucudur. “Bаş аrхаyа, alt çənə irəli” və “alt çənə irəli” üsullarını yerinə yetirərkən çənəaltı yumşaq tохumаlаrı sıхmаyın və tənəffüs yоllаrındа mаnеə yаrаtmаyın. Tənəffüs yollarının açıq olmasını dəqiqləşdirmək üçün tənəffüs yollarını iki üsuldan biri ilə (“bаş аrхаyа, alt çənə irəli” və ya “alt çənə irəli”) açmaq və 2 ardıcıl uğurlu, döş qəfəsini qaldıran nəfəs vermək lazımdır. Əgər hava ağciyərlərə sərbəst daxil olursa və döş qəfəsinin (sinənin) qalxması izlənirsə və zərərçəkən tənəffüs edən zaman havanın hərəkəti hiss edilirsə, deməli tənəffüs yolları açıqdır.
Körpələrdə və yenidoğulmuşlarda tənəffüs yollarının açılması
Başı neytral vəziyyətdə tutun. Tənəffüs vaxtı sərbəst hava axınının asanlaşdırmaq üçün uşağı kürəyi və ya bir böyrü üstə uzatmaq lazımdır.
Körpələrdə və yenidoğulmuşlarda ənsə böyük (çox qabarıq) olduğuna görə boyun bükülür. Eyni zamanda dilin kökü arxaya və aşağıya, qırtlaq qapağının üzərinə sallanıb tənəffüs yollarının tutulmasına səbəb olur (şəkil A). Tənəffüs yollarını açdıqda onların başını çox аrхаyа əymək olmaz, çünki traxeya (nəfəs yolu) yumşaq olduğuna görə başın bükülməsi traxeyanın qatlanmasına və tənəffüs yollarının tutulmasına səbəb olur. Tənəffüs yolunun keçiriciliyini maksimal dərəcədə artırmaq üçün boyuna elə neytral vəziyyət verilir ki, qulaq seyvanı və ya qulağın xarici kanalı çiyinin ən yüksək nöqtəsi ilə bir səviyyədə olsun. Bunun üçün kürək altına təqribən 2,5 sm hündürlükdə bükülmüş mələfə qoymaq lazımdır (şəkil B). Boyunu həddən artıq açmaqdan çəkinin, çünki bu, körpənin tənəffüs yollarını tamamilə qapaya bilər.
Başı neytral vəziyyətdə tutun. Tənəffüs vaxtı sərbəst hava axınının asanlaşdırmaq üçün uşağı kürəyi və ya bir böyrü üstə uzatmaq lazımdır.
Körpələrdə və yenidoğulmuşlarda ənsə böyük (çox qabarıq) olduğuna görə boyun bükülür. Eyni zamanda dilin kökü arxaya və aşağıya, qırtlaq qapağının üzərinə sallanıb tənəffüs yollarının tutulmasına səbəb olur (şəkil A). Tənəffüs yollarını açdıqda onların başını çox аrхаyа əymək olmaz, çünki traxeya (nəfəs yolu) yumşaq olduğuna görə başın bükülməsi traxeyanın qatlanmasına və tənəffüs yollarının tutulmasına səbəb olur. Tənəffüs yolunun keçiriciliyini maksimal dərəcədə artırmaq üçün boyuna elə neytral vəziyyət verilir ki, qulaq seyvanı və ya qulağın xarici kanalı çiyinin ən yüksək nöqtəsi ilə bir səviyyədə olsun. Bunun üçün kürək altına təqribən 2,5 sm hündürlükdə bükülmüş mələfə qoymaq lazımdır (şəkil B). Boyunu həddən artıq açmaqdan çəkinin, çünki bu, körpənin tənəffüs yollarını tamamilə qapaya bilər.
Onurğanın boyun hissəsini qorumaq
Travma zamanı onurğanın boyun hissəsinin zədələnməsindən şübhələnmək lazımdır. Çoxsaylı travma, körpücük sümüyündən yuxarı küt travma alan, huşu itmiş insanlarda mütləq başı və boyunu immobilizasiya etmək (tərpənməz hala salmaq) lazımdır. Baş ya boyun zədələnməsindən şübhələnirsinizsə, zərərçəkəni üzüyuxarı çevirəndə, başı, boyunu və gövdəni bir xətdə saxlamağa çalışın.