VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Ürək-Ağciyər Reanimasiyasının (ÜAR) Aparılması

Həyat üçün ən təhlükəli hal ürəyin qəfləti dayanmasıdır. Hadisə qəfləti baş verdiyi üçün zərərçəkənə ilk yardımı ətrafda olan insanlar göstərməlidirlər. Sizin yanınızda kimsə özünü pis hiss edib, qəfləti huşunu itirərək yerə yıxılır və ya oturacaqda oturduğu halda birdən tənəffüsü məhdudlaşır, nəfəs almır və ya qeyri-normal nəfəs alır (o cümlədən aqonal tənəffüs), boğulur, təngnəfəs olur və qıcolmalar baş verirsə – bu, ürəyin dayanmasından və ya dayanması təhlükəsindən xəbər verir. Qıcolmalar ürək dayanmasının tez-tez təsadüf edilən nəticəsidir.

Böyüklərə xilasedici tək olduqda ÜAR-ın aparılması

Böyüklər qrupuna – yeniyetmələr (cinsi yetkinlik yaşından yuxarı uşaqlar) və böyüklər daxildir.

DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığına riayət edin.

DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.

Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.

Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.

1. Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin

 Hadisə yerinin təhlükəsizliyini qiymətləndirin. Təhlükə olarsa onu aradan qaldırın.

Huşun olub-olmadığını müəyyən edin. Təhlükə yoxdursa, zərərçəkənin huşunu - qıcıqlara cavab reaksiyasını yoxlayın. Ehtiyatla çiyinlərindən silkələyib yüksək səslə (ucadan) “Sizə nə olub?” – soruşun.

- Zərərçəkən huşunu itiribsə (qıcıqlara cavab vermir), ilk növbədə köməyə çağırın, təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirin (112 və ya 103 nömrələrinə zəng edin), defibrilyatoru əldə edin.

Ucadan “Kömək edin! “Kömək edin!” deyə qışqırın.

Köməyə gələn olduqda, komanda şəklində yardım göstərin.

- Köməyə gələn olmadıqda, tək yardım göstərin. Əgər 90 saniyə ərzində təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirib, defibrilyatoru əldə edib, geri qayıtmaq mümkün deyilsə, vaxt itirmədən tez ÜAR-ı başlayın. Bəzi ölkələrdə avtomatik eksternal (xarici) defibrilyator (AED) aeroportlarda, vağzallarda, marketlərdə, taksofon (avtomat telefon) yanında  quraşdırılır.

Tənəffüsün olub-olmadığını müəyyən edin.

Zərərçəkənin çiyinlərindən silkələyib, “Sizə nə olub?” – soruşmaqla eyni zamanda tənəffüsün normal/qeyri-normal olduğunu dəyərləndirin. Zərərçəkənin tənəffüsündə hansısa bir problem olarsa, ləngimədən onun yuxu və ya bud arteriyasında  nəbzin olub-olmadığını müəyyən edin. Hadisə yerinin təhlükəsizliyinin qiymətləndirilməsi, qıcıqlara cavab reaksiyasının yoxlanılması, tənəffüsün dəyərləndirilməsi və nəbzin olub-olmadığının müəyyən edilməsi maksimum 10 saniyəyə tamamlanmalıdır.

- Zərərçəkən qıcıqlara cavab vermirsə (huşunu itirib), nəfəs almır, qeyri-normal nəfəs alır (o cümlədən aqonal tənəffüs) yalnız boğulur, təngnəfəs olur, yuxu və ya bud arteriyasında nəbz təyin edilmirsə – bu, ürəyin dayanmasından və ya dayanması təhlükəsindən xəbər verir.

- Zərərçəkəni arxası üstə (üzü yuxarı) sərt, yastı müstəvi səth üzərinə (stol, döşəmə, yer və s.) uzadın;

- Zərərçəkən yerdə uzanıbsa, onun çiyini səviyyəsində, dizi üstə durun.

Nəbzin yuxu və ya bud arteriyasında olub-olmadığını müəyyən edin.

Nəbzi yoxlayın. Nəbz 5–10 saniyə ərzində yuxu və ya bud arteriyasında aydın təyin edilmirsə, ləngimədən döş qəfəsinin kompressiyası (sıxılması) – ürəyin qapalı masajı əsas götürülərək, ürək-ağciyər reanimasiyasına (ÜAR) başlayın. Ürək dayanması təyin edilən kimi uzağı 10 saniyə ərzində döş qəfəsinin kompressiyasını başlayın. “Sağ qalma zənciri”nin (Chain of Survival) ardıcıllığını əsas tutaraq, DRCABD alqoritmini həyata keçirin.

2. Canlandırma döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı)

- Döş qəfəsinin mərkəzinə (döş sümüyünün aşağı hissəsinə) iki əllə fasiləsiz rejimdə sərt və tez-tez - dəqiqədə 100-120 arası tezliklə sıxmağa başlayın.

-  Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (böyüklərdə 5 sm-dən artıq, 6 sm-dən çox olmamaq şərti ilə) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verin.

Böyüklərə yardım göstərənlər tək, iki nəfər və daha çox olduqda da

ÜAR 30:2 nisbətində aparılır – 30 kompressiya 2 tənəffüs.

- 30 kompressiyanı təxminən 18 saniyə və daha az müddətdə etmək lazımdır. Kompressiyaları bərkdən sayın. 30 kompressiyadan sonra 2 ardıcıl uğurlu süni tənəffüs verin.

- Döş qəfəsi kompressiyalarını yerinə yetirərkən hər 30 kompressiya arasındakı fasilə

10 saniyədən artıq olmamalıdır.

3. Açıq tənəffüs yolları tənəffüs yollarının keçiriciliyinin bərpası

Dil ilə tutulan tənəffüs yolu iki üsulla açılır:

» “bаş аrхаyа, alt çənə irəli” – bаşı аrхаyа əyib, alt çənəni irəli çəkmək (əsas üsul);

» “alt çənə irəli” – başı arxaya əyməyib, alt çənəni irəli çəkmək.

4. Birbaşa nəfəsvermə ağciyərlərin süni ventilyasiyası

Hər 30 kompressiya etdikdən sonra, mümkündürsə, zərərçəkənin tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni tənəffüs verin. Hər nəfəs vermənin müddəti bir saniyədən artıq olmalıdır. Döş qəfəsinin qalxmasını izləyin və artıq havalandırmaya yol verməyin.

5. Defibrilyasiya – defibrilyatorla elektrik cərəyanı (elektroşok) verməklə, ürək fəaliyyətinin bərpası

 Defibrilyator əldə edilibsə, onu əlçatan yerə qoyun və döş qəfəsinin kompressiyasını başladıqdan dərhal sonra tez bir zamanda defibrilyatoru işə salın. Çalışın defibrilyatoru işə salıb yastıqcıqları zərərçəkənin çılpaq sinəsinə bərkitməyə 30 saniyədən artıq vaxt sərf edilməsin. İndi ən vacibi 5 dövr (2 dəqiqə) ÜAR-ı davam edib elektroşok (cərəyan) verməkdir.

- Hər bir elektroşokdan qabaq və dərhal sonra döş qəfəsinin kompressiyası əsas olmaq şərti ilə ÜAR-ı təcili yenidən başlamaq lazımdır.

- ÜAR zamanı defibrilyatoru söndürməyin, elektroşok vermək yenə də lazım ola bilər.

- Əlləri döş qəfəsindən götürən kimi 8 saniyə müddətində defibrilyatorla analiz edib elektroşok verin.

- Döş qəfəsinin kompressiyası əsas olmaqla, ürək-ağciyər reanimasiyasını (ÜAR) davam etdirin. Sonra yenə defibrilyatoru işə salıb, defibrilyatorun göstərişlərinə əməl edin.

- Hər 5 dövrdən (2 dəqiqədən) bir nəbzi yoxlayın. Nəbz aydın təyin edildikdə, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). Zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edildikdə və tənəffüsü bərpa olunduqda, ona sol və ya sağ tərəfi üstdə “bərpa vəziyyəti” verin.

 Böyüklərə xilasedicilər iki nəfər və çox olduqda ÜAR-ın aparılması

 1. Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin

Hadisə yerinin təhlükəsizliyini qiymətləndirin. Təhlükə olarsa, onu aradan qaldırın.

Təhlükə yoxdursa zərərçəkənin huşunu (qıcıqlara cavab reaksiyasını) yoxlayın və eyni zamanda tənəffüsün normal/qeyri-normal olduğuna görə dəyərləndirin.

  İlk növbədə köməyə çağırın. Ucadan “Kömək edin! “Kömək edin!” – deyə qışqırın.

- Köməyə gələn olduqda yardım komanda şəklində göstərilməlidir. Komanda şəklində yardım göstərmək olduqca vacibdir. Bir xilasedici lider rolunu icra etməlidir, digərləri onun dediklərinə tabe olmalıdır. O, aydın, nəzarət olunan səslə sərəncam verməlidir. Qışqırmaq və ya yüksək səs tonu komanda üzvlərinin qarşılıqlı müdaxiləsini poza bilər. Eyni anda yalnız bir adam danışmalıdır. Lider komanda üzvlərini aydın danışığa (nitqə) sövq etməlidir.

- Xilasedicilərdən biri ləngimədən nəbzi yoxlayıb, döş qəfəsinin kompressiyasını başlamalı, digəri tənəffüsü təmin etməli, tənəffüs yollarını açıb, 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni tənəffüs verməli, üçüncüsü TTYX-ni aktivləşdirməli (zəng vurmalı), dördüncüsü defibrilyatoru gətirib istifadəyə hazırlamalıdır. Qalan xilasediciləri torba-maska havalandırması, döş qəfəsini örtən geyimin çıxarılması, zərərçəkənin xərəklə daşınması kimi işlərə və yorulmuş xilasediciləri əvəz etməyə cəlb etmək olar.

- Ətrafdakıların köməyi ilə zərərçəkəni arxası üstə (üzü yuxarı) hamar müstəvi səth üzərinə (stol, döşəmə, torpaq (yer) və s.) uzadın. Sonra, zərərçəkən yerdə uzanıbsa, xilasedicilərdən biri onun sağ, o biri isə sol çiyni səviyyəsində dizi üstə duraraq yardım göstərirlər.

  Nəbzi yoxlayın. Bir neçə xilasedici eyni reanimasiya vərdişlərinə malikdirsə, hadisə yerində onların arasında iş bölgüsü aparılmalıdır. Birinci xilasedici nəbzi yoxlayır. Nəbz 5–10 saniyə ərzində aydın təyin edilmirsə, deməli ürəyin qəfləti dayanması baş verib. Ürəyin qəfləti dayanması təyin edilən kimi, uzağı 10 saniyə ərzində, defibrilyator gələnə qədər, döş qəfəsini fasiləsiz rejimdə sərt və tez-tez – dəqiqədə 100-dən çox tezliklə sıxmağa başlayın.

2. Canlandırma döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı)

-  Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (böyüklərdə 5 sm-dən artıq) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verilməlidir.

Böyüklərə yardım göstərənlər tək, iki nəfər və daha çox olduqda da

ÜAR 30:2 nisbətində aparılır – 30 kompressiya 2 tənəffüs.

- Hər 30 kompressiya etdikdən sonra zərərçəkənin tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni tənəffüs verin (hər nəfəs vermənin müddəti bir saniyədən artıq olmalıdır).

- 30 kompressiyanı təxminən 18 saniyə və ondan az müddətdə etmək lazımdır. Döş qəfəsinin kompressiyasını edən xilasedici döş qəfəsinə etdiyi təzyiqləri ucadan saymalıdır ki, digər xilasedici süni tənəffüsün başlama vaxtını bilsin.

3. Açıq tənəffüs yolları tənəffüs yollarının keçiriciliyinin bərpası

İkinci xilasedici birinci ilə üzbəüz (dizi üstə) durub, zərərçəkənin tənəffüs yollarını açır.

4. Birbaşa nəfəsvermə ağciyərlərin süni ventilyasiyası

- İkinci xilasedici tənəffüs yollarını açıb, 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni tənəffüs verir (hər nəfəs vermənin müddəti bir saniyədən artıq olmalıdır). Bu zaman döş qəfəsinin qalxmasına diqqət yetirilməli və artıq havalandırmaya yol verilməməlidir. Hər 5 dövrdən (iki dəqiqədən) bir, yardım göstərənlər yerlərini dəyişmədən funksiyalarını dəyişməlidir.

- İkinci xilasedici özüdüzələn kisə (Ambu kisəsi) olduqda zərərçəkənin baş tərəfində durub süni tənəffüs verir (30 kompressiyaya 2 tənəffüs). Hər nəfəsvermə 1 saniyədən artıq müddətdə olmalıdır. Hər 5 dövrdən (iki dəqiqədən) bir, yardım göstərənlər uzağı 5 saniyə ərzində yerlərini və funksiyalarını dəyişməlidir. Bunu defibrilyator analiz etdiyi müddətdə etmək olar.

- Üç xilasedici olduqda ikisi üzbəüz (dizi üstə) durub bir-birini əvəz edərək döş qəfəsinin kompressiyasını, üçüncü xilasedici isə zərərçəkənin baş tərəfində durub tənəffüs yоllаrını, tənəffüsü, yuxu arteriyasında nəbzi yoxlayır və özüdüzələn kisə ilə (Ambu kisəsi) süni tənəffüs verir. Üçüncü xilasedici eyni zamanda döş qəfəsinin kompressiyasının düzgün aparılmasına nəzarət edir, defibrilyatoru işə salmağa və ya zərərçəkənə intubasiya (xüsusi borunu traxeyaya yeritmək) etməyə hazırlaşır. İntubasiyadan sonra ÜAR 30:2 nisbətində davam edilir.

- Hər 5 dövrdən (2 dəqiqədən) bir nəbzi yoxlayın. Nəbz təyin edildikdə, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). Hər 2 dəqiqədən bir nəbzi yoxlayın.

5. Defibrilyasiya defibrilyatorla elektrik cərəyanı (elektroşok) verməklə, ürək fəaliyyətinin bərpası

Defibrilyator çatdırılan kimi onu süni tənəffüs verən xilasedicinin yanına yerləşdirin, çünki defibrilyatorun işlədilməsi, ona nəzarət və yastıqcıqların yapışdırılması üçün onun imkanı mövcuddur. Nəfəs verən xilasedici defibrilyatoru işə salır və kompressiya edən xilasedici əllərini zərərçəkənin döş qəfəsindən götürən kimi, 5–15 saniyə müddətinə defibrilyatorla analiz edib elektroşok verir. Elektroşokdan (cərəyandan) sonra ürək-ağciyər reanimasiyasını (ÜAR) davam edin. Əgər defibrilyator “cərəyan lazım deyil” və ya “cərəyan məsləhət deyil” işarəsi edirsə ürək-ağciyər reanimasiyasını 2 dəqiqə (5 dövr) davam edib yenidən defibrilyatoru işə salın.

- Əlavə gələn xilasedicilər sizləri əvəz edə bilər, zərərçəkənin daşınması və digər işlərlə məşğul ola bilərlər.

 Reanimasiya tədbirlərin dayandırılması

Reanimasiya tədbirlərinin düzgün  aparılmasına baxmayaraq, hər zaman müsbət nəticə alınmır və ürək fəaliyyəti dayanmış bir çox zərərçəkənləri həyata qaytarmaq mümkün olmur. Reanimasiyanın dayandırılması mövcud qanunlara uyğun olaraq həyata keçirilməli və təcili tibbi yardım briqadası gələnə qədər yalnız aşağıdakı hallarda təxirə salına bilər:

- böyüklərdə və uşaqlarda 30, yenidoğulmuş uşaqlarda isə 10 dəqiqə müddətində aparılan fasiləsiz və keyfiyyətli reanimasiyadan sonra həyat əlamətləri olmadıqda;

- defibrilyasiya aparılmadıqda;

- ürəyin qəfləti dayanması sizin yanınızda baş vermədikdə;

- zərərçəkəndə bioloji ölüm əlamətləri olduqda (zərərçəkənin həddindən artıq soyuması və isitmədən sonra həyat əlamətlərinin olmaması, ölüm ləkələrinin və meyit qacımasının müşahidə olunması);

- zərərçəkən aydın şəkildə ölümcül zədə aldıqda (ətrafların itirilməsi ilə ağır qan itkisi);

- xilasedici yorulduqda.