UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığında ikinci “R” mərhələsi – Responsiveness – Reaksiya (qıcıqlara cavab reaksiyası). DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.
Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin. Bu mərhələdə xilasedici tərəfindən aşağıdakı tədbirlər görülməlidir:
» huşun olub-olmamasını (qıcıqlara cavab reaksiyasını) yoxlamaq;
» zərərçəkən huşunu itiribsə (qıcıqlara cavab vermir), ilk növbədə kömək çağırıb təcili tibbi yardım xidmətini aktivləşdirmək və defibrilyatoru əldə etmək;
» tənəffüsün normal və ya qeyri-normal olduğunu müəyyən etmək;
» yuxu və ya bud arteriyasında nəbzin olub-olmadığını müəyyən etmək;
» yardım göstərmək üçün zərərçəkənə münasib vəziyyət vermək;
» yardım göstərərkən özü üçün münasib vəziyyət seçmək.
1. Qıcıqlara cavab reaksiyasını yoxlamaqla huşun olub-olmadığını müəyyən edin
Qıcıqlara cavab reaksiyası, zərərçəkənin huşunun olub-olmadığını göstərir. Qıcıqlara cavab reaksiyası iki üsulla müəyyən edilir. Verbal (şifahi) – soruşmaqla və taktil – toxunmaqla.
Uzanıqlı və ya oturaq vəziyyətdə olan zərərçəkənin huşunun özündə olub-olmadığını yoxlamaq üçün əvvəl yüksək səslə soruşun: “Sizə nə olub?”. Cavab olmadıqda isə çiyinlərindən ehtiyatla silkələməklə onun cavab reaksiyasını yoxlayın.
Zərərçəkəndən yüksək səslə “Sizə nə olub?” – soruşub, ehtiyatla çiyinlərindən silkələməklə eyni zamanda tənəffüsün və nəbzin olub-olmadığı müəyyən edilməlidir.
Zərərçəkənin qıcıqlara cavab reaksiyası olmadıqda o, huşunu itirmiş və ya ölmüş hesab olunur.
Qıcıqlara cavab reaksiyası olmayan (huşunu itirmiş) zərərçəkənin sağ olduğunu təsdiq edən əlamətlər (böyüklərdə və uşaqlarda yuxu və ya bud, körpələrdə isə bazu arteriyasında aydın hiss olunan nəbz, normal adekvat tənəffüs, öskürək və ya hər hansı bir hərəkət) müşahidə olunursa deməli o, sağdır və yalnız huşunu itirib. Belə olan halda ilk yardıma ehtiyac yoxdursa, zərərçəkən aşkar olunduğu vəziyyətdə qalmalı və ya ona “bərpa vəziyyəti” verilməlidir. Təcili tibbi yardım xidmətini aktivləşdirdikdən (tel.: 112; 103) sonra zərərçəkənin yanında qalıb onun vəziyyətini tez-tez qiymətləndirin.
Qıcıqlara cavab reaksiyası olmayan (huşunu itirmiş) zərərçəkənin sağ olduğunu təsdiq edən əlamətlər (aydın hiss olunan nəbz, normal tənəffüs, öskürək və ya hər hansı bir hərəkət) yoxdur və o, nəfəs almır, qeyri-normal nəfəs alır (o cümlədən aqonal tənəffüs), yalnız boğulur, təngnəfəs olur – bu, ürəyin dayanmasından və ya dayanma təhlükəsindən xəbər verir. Ürək dayanması təyin edilən kimi 10 saniyə ərzində döş qəfəsinin sıxılması (kompressiyası) başlanmalıdır – “Sağ qalma zəncirinin” ardıcıllığını əsas tutaraq DRCABD alqoritmini həyata keçirin.
Qıcıqlara cavab reaksiyası olmayan (huşunu itirmiş) zərərçəkənin sağ olduğunu və ya klinik ölümü təsdiq edən əlamətlər yoxdursa, deməli geri dönməsi mümkün olmayan bioloji ölüm baş verib. Belə halda 102 və ya 112 telefon nömrələrinə zəng edin.
- Huşu aydın olan zərərçəkən qıcıqlara (səsə və silkələməyə) cavab verir. Onun şikayətlərini öyrənib, imkan daxilində ilk yardım göstərdikdən sonra təcili tibbi yardım xidmətinə (tel.: 103) zəng edin.
- Baş və boyun nahiyəsindən travma almış zərərçəkəni tərpətmək və silkələmək olmaz, çünki bu kimi hərəkətlər onurğa beyininin zədələnməsinin ağırlaşmasına səbəb ola bilər. Travma almış zərərçəkən təhlükəsiz ərazidən başqa yerə köçürülməməlidir.
- Ümumiyyətlə, zərərçəkən nəfəs alırsa, qanaxması dayandırılıbsa və başqa tibbi yardıma ehtiyac yoxdursa o, təcili tibbi yardım briqadası gələnədək tərpədilməməlidir.
- Zərərçəkən huşunu itiribsə ilk növbədə əlavə kömək çağırın, təcili tibbi yardım xidmətini aktivləşdirin, defibrilyatoru əldə edin.
Təcili tibbi yardım xidmətini aktivləşdirin (zəng edin)
112 və ya 103 nömrələrinə zəng edən aşağıdakı məlumatları verməlidir:
» hadisə baş verdiyi ərazinin ünvanı, oriyentirləri (səmti);
» hansı fəlakət növü baş vermişdir (yol nəqliyyat hadisəsi, dağıntı, suda bədbəxt hadisə və s.);
» hadisənin xarakteri və miqyası (əhatə dairəsi);
» hadisə yerinə çatmaq üçün yaxın və maneəsiz yol;
» hadisənin baş verdiyi vaxt (gün, saat, dəqiqə);
» zərərçəkənlərin dəqiq və ya təxmini sayı (özünün, qonşuların, şahidlərin və digər mənbələrin məlumatı əsasında);
» zərərçəkənlərin vəziyyəti;
» xilasetmə əməliyyatının həcmi (ehtiyacın miqdarı – tibb işçiləri, nəqliyyat vasitələri, avadanlıq və s.);
» xilasetmə əməliyyatının əsas istiqaməti (yol nəqliyyat vasitəsindən və ya dağıntılar altından zərərçəkənlərin çıxarılması və s.);
» olduğu yer haqqında məlumat;
» digər lazımi məlumatlar;
» məlumat verənin soyadı, adı və telefon nömrəsi.
Zəng edən insan yalnız dispetçerin icazəsi ilə telefon danışığını kəsib CAB reanimasiyası aparan xilasedicinin yanına qayıtmalı və zəng etdiyi haqda məlumat verib, xilasetmə əməliyyatına qoşulmalıdır.
Defibrilyatoru əldə edin
Bəzi ölkələrdə avtomatik eksternal (xarici) defibrilyator (AED) aeroportlarda, vağzallarda, marketlərdə, taksofon (avtomat telefon) yanında quraşdırılır. Sadəcə onları olduğu yerdən götürüb, zərərçəkənin yanına gətirmək lazımdır.
3. Tənəffüsün normal və ya qeyri-normal olduğunu müəyyən edin
Zərərçəkənin çiyinlərindən silkələyib, “Sizə nə olub?” – soruşmaqla eyni zamanda tənəffüsünün normal/qeyri-normal olduğuna görə dəyərləndirin: zərərçəkən nəfəs almır; normal nəfəs almır; yalnız boğulur və ya aqonal tənəffüsdür.
Bəzi hallarda zərərcəkəndə aqonal tənəffüs müşahidə olunur. Aqonal (can vermə) tənəffüs normal tənəffüs sayılmır. Aqonal tənəffüs reflektor olaraq havanın acgözlüklə udulması – ürəyin qəfləti dayanmasından dərhal sonra baş verir. Aqonal tənəffüsdə ağız açıq qalır, boyun və döş əzələləri tənəffüsdə iştirak edir. Zərərçəkən sürəkli “hava udmağa” çalışır, tənəffüs xırıltılı və fasilələrlə müşayiət olunur. Aqonal tənəffüs, qıcıqlara cavab verməyən zərərçəkəndə ürək dayanmasının əlamətidir və belə halda döş qəfəsinin kompressiyası əsas götürülərək, ÜAR-ı başlayın.
4. Nəbzin olub-olmadığını müəyyən edin
Qıcıqlara cavab reaksiyası verməyən zərərçəkənin tənəffüsündə hansısa bir problem olarsa, vaxt itirmədən onun nəbzini yoxlayın. Nəbz böyüklərdə və uşaqlarda yuxu və ya bud (körpələrdə bazu) arteriyasında 5–10 saniyə ərzində təyin edilmirsə, döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı) əsas götürülərək, ürək-ağciyər reanimasiyasına başlayın.
5. Yardım göstərmək üçün zərərçəkənə münasib vəziyyət verin
Onurğada, xüsusilə də boyun nahiyəsində travmaya şübhə olduqda, zərərçəkəni yerindən tərpətməyin. Yalnız zəruri hallarda, təcili tibbi yardım briqadası gələnə qədər zərərçəkən başqa yerə köçürülə bilər.
ÜAR aparıldıqda isə baş, boyun və bədən bir xətt boyu saxlanılmalıdır.
Qıcıqlara cavab verməyən (huşunu itirmiş) zərərçəkən klinik ölüm vəziyyətində olduqda, onu arxası üstə çevirib kürəyi bərk və hamar müstəvi səth üzərinə (stol, döşəmə, torpaq və s.) uzatmaq lazımdır. Qıcıqlara cavab verməyən (huşunu itirmiş) zərərçəkən sağ olduqda, ona “bərpa vəziyyəti” (“Recovery position”) verilməlidir.
“Bərpa vəziyyəti”
Zərərçəkən adekvat (tam uyğun) nəfəs alırsa və onurğanın, budun və ya çanağın zədələnməsi yoxdursa, ona sol və ya sağ tərəfi üstdə “bərpa vəziyyəti” verilməlidir:
- zərərçəkənin sol tərəfində olduqda, onun sol əlini başının üstünə qaldırıb sağ ayağını sol ayağı üstə qoyun;
- zərərçəkənin başını saxlayaraq bir əlinizlə sağ çiynindən, digər əlinizlə sağ dizaltı nahiyədən tutun;
- zərərçəkəni özünüzə doğru sol tərəfi üstə çevirin;
- zərərçəkənin sağ əlinin arxa hissəsini onun üzünün altına qoyun;
- zərərçəkəni çevirərkən baş, boyun və bədəni bir xətt boyu saxlayıb, onları bir istiqamətdə hərəkət etdirin.
- boyunun və belin burulmasına yol verməyin və başı gövdənin orta xətti ilə bir saxlayın.
Zərərçəkənə “bərpa vəziyyəti” verdikdən sonra tənəffüs yollarının keçiriciliyini təkrarən yoxlayın. Tənəffüs yoxdursa, zərərçəkənin başının vəziyyətini dəyişin (bir az arxaya və ya qabağa) və tənəffüs yollarının keçiriciliyini bir də yoxlayın.
Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.
6. Yardım göstərmək üçün münasib vəziyyət seçin
Xilasedici yardım göstərmək üçün özünə münasib vəziyyət seçməlidir. Xilasedici üçün münasib vəziyyət, mümkündürsə, zərərçəkənin çiyin səviyyəsində, zərərçəkən yerdədirsə dizi üstdə dayanmasıdır. Bu vəziyyətdə bir xilasedici döş qəfəsinin kompressiyasından ağciyərlərin süni ventilyasiyasına keçərkən minimum hərəkət edir və defibrilyatorun istifadəsini asanlaşdırır. İkinci xilasedici olduqda o, süni tənəffüs vermək üçün birinci ilə üzbəüz (dizi üstə) durmalı və ya özüdüzələn kisə (Ambu kisəsi) olduqda zərərçəkənin baş tərəfində durmalıdır. Üçüncü xilasedici də digər iki xilasedicinin mövqeyinə uyğun yer tutur.