VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.
Gənclər üçün reproduktiv sağlamlığın daha aktual məsələləri aşağıdakılardır:
- Cinsi yolla yoluxan infeksiyaların (CYYİ) qarşısının alınması
- Ailə planlaşdırılması
Cinsi yolla yoluxan infeksiyalar nədir?
CYYİ - bir insandan digərinə əsasən cinsi əlaqə zamanı keçən xəstəliklərdir. Onlar digər yollarla da ötürülə bilər:
- qeyri-steril tibbi alətlərdən istifadə edildikdə
- yoluxmuş insanın qanı ilə kontaktda olduqda
- tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə
CYYİ-yə aiddir: sifilis, qonoreya (süzənək), İİV/QİÇS, genital herpes (cinsi orqanlarda uçuqlama), xlamidioz, trixomoniaz, kandidoz (göbələk xəstəliyi), papillomavirus infeksiyası (cinsi orqanlarda ziyillər), hepatit B (sarılığın növü) və s. CYYİ bəzi orqanları ciddi zədələyir, sonsuzluğa və hətta əlilliyə səbəb ola bilər.
Cinsi yolla yoluxan infeksiyaların əlamətləri:
- Cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı
- Çox tez-tez və ağrılı sidik ifrazı
- Cinsi orqanlardan qeyri-adi və qoxulu selik ifrazı
- Cinsi orqanlar və anal dəlik (anus) sahəsində qızartı
- Bədəndə səpgilər
- Cinsi orqanlarda və anus ətrafında, ağızda, dodaqlarda xoralar və sızanaqlar
- Böyümüş limfatik düyünlər (əsasən qasıq nahiyəsində)
- Qarının aşağı hissəsində ağrılar
Aşağıdakı məqamlara xüsusi diqqət yetirilməlidir:
- CYYİ bəzən əlamətsiz/gizli və ya qismən gizli simptomlarla keçə bilər.
- CYYİ yalnız laborator müayinə nəticəsində müəyyən edilə bilər.
- CYYİ diaqnozu təsdiq olunduqda hər iki partnyor müayinə və müalicə olunmalıdır.
- CYYİ-nin müalicəsi yalnız dəri-zöhrəvi həkimi tərəfindən aparılmalıdır. Həkim məsləhəti olmadan öz-özünü müalicə xəstəliyin dərinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.
- Tam sağalma üçün müalicə kursu mütləq başa çatdırılmalıdır.
Prezervativlərdən istifadə CYYİ-dan qoruyan yeganə üsuldur!
Özünüzü qoruyun ki, gələcək ailəniz sağlam olsun!