UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Dünyada hər il yol-nəqliyyat hadisələri nəticəsində 1.3 milyon insan həyatını itirir, 50 milyona qədər insan isə xəsarət alır və ya əlil olur. Yol-nəqliyyat qəzaları dünyada 10-24 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Hər il 25 yaşadək 400 000 gənc yol-nəqliyyat qəzaları zamanı dünyasını dəyişir.
Azərbaycanda son 10 ildə yol-nəqliyyat hadisələri nəticəsində 10 000-dək insan dünyasını dəyişib, 30 000-dək insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yol-nəqliyyat qəzaları nəticəsində baş verən travmatizmin iqtisadi nəticələri uzunmüddətli tibbi yardıma yönəldilən xərclərə, işləyən ailə üzvünün ölümünə və əlillik nəticəsində gəlirlərin azalmasına gətirib çıxarır ki, bu da bir çox ölkələrdə ailələrin yoxsul olmasına şərait yaradır. Xəsarət alanların, onların ailələrinin və dövlətlərin iqtisadi xərcləri əsasən travmaların müalicəsinə yönəldilən xərclərlə əlaqəlidir. Tibbi yardımın keyfiyyəti və növü xəsarət alanların qəzadan sonra ümumi reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına təsir göstərə bilər.
Yollar və nəqliyyat müasir dövrün ayrılmaz bir hissəsidir. İnsanlar sürətlə zamanı qət edərək onları biri-birindən ayıran məsafəni qısaltmağa çalışır. Təhlükəli hərəkət etməklə məsafə qısalmaqdansa, daha da uzanır. Bəzən əbədi olaraq uzanır, valideynləri uşaqlardan ayırır, arzularla dolu ürəkləri parçalayır...
Yol qəzalarında həlak olanların hər birinin həyatı onların ailələri üçün, cəmiyyyət üçün, ölkə üçün dəyərli və əvəzolunmazdır.
Uşaqlar ən təcrübəsiz yol istifadəçiləridir. Dünyada vəfat edən 15 yaşadək uşaqların yarısı yol-nəqliyyat qəzalarının qurbanı olan “piyada uşaqlardır”. Valideynlər uşaqlara daim yol hərəkəti qaydalarını öyrətməli və bu qaydalara riayət etməyə çağırmalıdırlar.
“Mən tələsirdim...yolu keçən uşağı görmədim...ata-ananın bircə balası idi...o həyatını itirdi...mən isə azadlığımı...”
Biz birlikdə milyonların həyatını xilas edə bilərik!
Yol qəzalarında yaxın və doğmalarını itirən insanların ürəklərində əbədi olaraq kədər hissi qalacaq.
Yol qəzalarında həlak olanlar əksər hallarda kor təsadüf və insan səhvi nəticəsində vaxtından əvvəl həyatla vidalaşırlar.
Hər birimiz – istər sürücü, istərsə də piyada, məsuliyyəti dərk etməliyik. Özümüzü də, başqalarını da qorumalıyıq. Çünki əksər hallarda təhlükəsiz hərəkət etmək bizdən asılıdır.
Çalışaq yolumuzda itkilərlə üzləşməyək. Bütün yollarda bizi yalnız uğurlar gözləsin!
Biz birlikdə milyonların həyatını xilas edə bilərik!
Yol qəzası gözlənilmədən baş verir...
Hətta vidalaşmağa imkan vermədən...
Zaman geriyə dönmür, lakin biz gələcəyə baxaraq birlikdə insanların həyatını xilas edə bilərik!
Hələ ki GEC deyil, DÜŞÜNƏK və TƏHLÜKƏSİZ hərəkət edək!