UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Uşaq travmatizmi: faktlar və profilaktika

Ümumi məlumat

Təsadüfi travmalar nəticəsində hər gün dünyada 2000 ailə övlad itkisi ilə üzləşir. Yol-nəqliyyat hadisələri, suda batma, yanma, yıxılmalar və zəhərlənmələr uşaqların sağlamlığı və həyatına ciddi təhlükə törədir.

Travmatizmin profilaktikası tədbirləri hər gün 1000-dən çox həyat xilas edə bilər. Bu tədbirlərin çoxu müvafiq qanunvericilik və onun icra olunması, eləcə də səhiyyə sistemi vasitəsilə dövlət tərəfindən tətbiq olunur.

Lakin elə tədbirlər var ki, biz onları bir valideyn, baba-nənə, müəllim və ya cəmiyyətin bir üzvü kimi uşaqları qorumaq üçün edə bilərik. Burada əks olunan məlumatlar uşaqları travmalardan qorumaq üçün nə edə biləcəyimiz barədə sadə tədbirləri təsvir edir.

Uşaq travmatizmi barədə faktlar

  •  Hər il yaşı 18-dək olan təxminən 830 000 uşaq təsadüfi travmalar nəticəsində həlak olur.
  • Təsadüfi travmalar 9 yaşadək uşaqlar arasında aparıcı ölüm səbəbidir.
  • Uşaqlar arasında yol-nəqliyyat travmaları və suda batma bütün təsadüfi travmaların təxminən yarısını təşkil edir.
  • Hər il on milyonlarla uşaq travmalara görə xəstəxanalarda müalicə olunur.
  • Yol-nəqliyyat travmaları və yıxılmalar uşaq əlilliyinin əsas səbəbləridir.
  • Uşaq travmatizminin 95%-i aşağı və orta gəlirli ölkələrin payına düşür.
  • Yüksək gəlirli ölkələrdə uşaq travmatizmi bir problem olaraq qalır və bütün uşaq ölümlərinin 40%-ni təşkil edir.
  • Bir çox yüksək gəlirli ölkələr son 30 il ərzində profilaktika tədbirlərində çoxsektorlu və hərtərəfli yanaşmaları tətbiq etməklə uşaq travmatizmindən baş verən ölüm hallarını 50%-dək azalda bilib.

Yol-nəqliyyat travmaları

Faktlar

  • Dünyada hər gün 720 uşaq yol-nəqliyyat qəzalarında həyatını itirir.
  • Dünya miqyasında yol-nəqliyyat travmaları 10-19 yaşlı insanların aparıcı ölüm səbəbidir.
  • Yüksək və orta gəlirli ölkələrdə yol-nəqliyyat hadisələrində ölümlərin əksəriyyəti piyadalar, avtomobil və ya iki təkərli nəqliyyatın sərnişinləri arasında baş verir.
  • Yüksək gəlirli ölkələrdəən çox ölüm təcrübəsiz sürücülər arasında olur.
  • Uşaqlar arasında daha çox baş verən qeyri-ölümcül zədələnmələrə baş-beyin vəəl-ayaq travmaları aiddir.
  • Yol-nəqliyyat travmaları uşaq əlilliyinin aparıcı səbəbidir.

Yanlış fikir: Mən öz uşağımı qəza zamanı qoruya bilərəm.

Avtomobillə hərəkət edərkən heç vaxt uşağı qucağınızda saxlamayın. Bu halda qəza zamanı uşağı qorumaq mümkün deyil. Sürəti 60 km/saatda hərəkət edən avtomobilin qəza zamanı içərisində irəli hərəkət edən uşağı saxlamaq 500 kq ağırlığında yükü dayandırmaq cəhdinə bərabərdir. Sınaqlar göstərir ki, avtomobil qəzası zamanı uşaq qucaqdan çıxaraq avtomobilin içərisinə çırpılır və hətta qabaq şüşəni bədəninin zərbəsi ilə sındıraraq çölə atılır.

Nə etmək lazımdır?   

  •  Nümunəvi olun: sürəti artırmayın, içkili vəziyyətdə nəqliyyatı idarə etməyin, yol hərəkəti qaydalarını pozmayın və həmişə təhlükəsizlik kəmərindən istifadə edin
  • Əmin olun ki, avtomobillə hərəkət edən uşaqlar yaşlarına uyğun ölçüdə xüsusi oturacaqlarda düzgün yerləşdiriliblər.
  • Əmin olun ki, velosiped və ya motosikletlə hərəkət edən uşaqlar yaşlarına uyğun ölçüdə dəbilqədən istifadə edirlər.
  • Digər yol hərəkəti iştirakçıları üçün daha yaxşı görünməsi məqsədilə yollarda piyada və ya velosipedlə hərəkət edən uşaq və yeniyetmələri ağ və ya parlaq rəngi olan, ya da işıq qaytaran geyimdən istifadə etməyə həvəsləndirin.
  • Yol keçməzdən əvvəl dayanmaq və diqqətlə yola nəzarət etməyi, təhlükəsiz yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməyi uşaqlara öyrədin.

Hansı xüsusi avtomobil oturacağı uşaq üçün yararlıdır?

Avtomobilə quraşdırılacaq oturacağın uşağa münasib olması onun boyu və bədən çəkisi ilə ölçülür. Təhlükəsizliyi təmin edən uşaq oturacaqları çox vaxt bədən çəkisi dərəcələrinə uyğun qruplara bölünür. Bəzi oturacaqlar bir neçə bədən çəkisi dərəcəsinə uyğunlaşdırıla bildiyinə görə uşağın bədən çəkisi artdıqda belə onlardan istifadə etmək mümkündür. Xüsusi oturacağın uşağınız üçün yararlı olmasına və avtomobilinizdə düzgün yerləşdirilməsinəəmin olmaq üçün oturacaq istehsalçısının təlimatlarına riayət edin.