UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

Yeniyetməlik nədir? (qızlar üçün)

Yeniyetməlik uşaqlıqdan yetkinliyə keçid dövrüdür və 10-19 yaşları əhatə edir.

Yeniyetmələrdə bu dövrdə çoxsaylı dəyişikliklər baş verir: cinsi yetişkənlik, fiziki, psixoloji və fizioloji dəyişikliklər və s. Cinsi yetişkənlik, adətən, 8-14 yaşlarında baş verir və oğlanlarla müqayisədə qızlarda daha tez başlamış olur. Cinsi yetişkənlik və bununla bağlı cinsi əlamətlərin inkişafı qız və oğlanların orqanizmində ifraz olunan hormonlar tərəfindən tənzimlənir. 

Qızların cinsi yetişkənliyi və fiziki dəyişikliklər

• Qızlarda, adətən, cinsi yetişkənliyin fiziki əlamətləri oğlanlara nisbətən bir az tez 8-13 yaşlarında başlayır.

• Qızlarda cinsi və fiziki dəyişikliklərə səbəb olan estrogen və digər hormonlardır.  

• Əksər hallarda qızlar 16-17 yaşadək tam cinsi yetişkənliyə çatmış olur.

• Bəzi qızların cinsi inkişafı isə 18 yaşadək davam edir.

• Cinsi yetişkənlik dövründə qızların boyu və bədən çəkisi sürətlə artır.

• Qasıq və  qoltuqaltı nahiyələrdə  tüklər əmələ gəlməyə başlayır.

• Süd vəziləri inkişaf etməyə başlayır; döş nahiyəsi həssas olur.

• Dəridə  tər və piy vəzilərinin fəaliyyəti daha da aktivləşir və bədənin qoxusu dəyişir.

• Dəridə  sızanaqlar inkişaf edə bilər.

• Yumurtalıqlar böyüməyə və müvafiq hormonlar istehsal etməyə başlayır.

• Ovulyasiya  (yumurtalıqda yumurta hüceyrələrin yetişməsi və hasil olması) və aybaşı

  (menstruasiya) başlayır.

• Nəsilartırma qabiliyyəti yaranır.

Bu dövrdə cinsi aktivlik hamiləliklə nəticələnə bilər.

Nəsilartırma funksiyası qadınlarda reproduktiv (nəsilartma) sistemi orqanlarının iştirakı ilə təmin olunur: uşaqlıq, uşaqlıq yolu (vagina), uşaqlıq (fallop) boruları və yumurtalıqlar.

Uşaqlıq – uzunluğu 7-8 sm və eni 5 sm-ə qədər olan  armudvari boşluqlu əzələvi orqandır. Döl məhz uşaqlıqda inkişaf edir.

Uşaqlıq yolu (vagina) -  boru şəklindədir, uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir. Uzunluğu təqribən 10 sm-dir və mayalanma (cinsi əlaqə), doğuş və aybaşı ifrazatının (qanının) xaric olunmasında iştirak edir.

Fallop boruları  - uzunluğu 10 sm-ə qədər olan əzələvi borulardır və uşaqlığın yan tərəflərində yerləşir. Fallop borularının sayı ikidir. Funksiyaları: yumurtalığı uşaqlıqla əlaqələndirir - yumurta hüceyrəsini uşaqlığa çatdırır. Yumurta hüceyrəsinin mayalanması əsasən fallop borularında baş verir.

Yumurtalıqlar – badam formasında olan cüt orqandır, ölçüləri 3.5x2.5 sm. Funksiyası: follikullardan yumurta hüceyrəsi yetişdirmək və qadın cinsi hormonlarını (estrogen, progesteron) istehsal etməkdir.

Qızlarda cinsi yetişkənliyin əlaməti aybaşıdır (aylıq qanaxmanın olması). Bu, orqanizmdə baş verən təbii proseslərlə əlaqəlidir: ayda bir dəfə uşaqlığın selikli qişası qopur və qanlı möhtəviyyat şəklində uşaqlıq yolu vasitəsilə xaric edilir. Adətən, bu proses 3-7 gün davam edir. İlk aybaşı menarxe adlanır və 10-12 yaşlarda baş verir. Aybaşı ilk 1,5-2 il müddətində qeyri-müntəzəm ola bilər. 

Aybaşı dövrü nədir?

Bir aybaşının ilk günündən sonrakı aybaşının ilk gününə qədər olan müddət aybaşı dövrü və ya menstrual sikl adlanır. Bu mürəkkəb və hər ay təkrar olunan vacib bir prosesdir. Normal halda  aybaşı dövrünün müddəti 21 gündən 35 günə qədərdir. Lakin əksər hallarda 28 gün davam edir.

Tənasül (cinsi, genital) üzvlərinin gigiyenası

• Cinsi yetişkənlik dövrü başladıqda xarici tənasül üzvlərinin təmizliyinə daha da ciddi yanaşılmalıdır. Adi günlərdə 2 dəfə - səhər və axşam yuyunduqda, aybaşı vaxtı isə gündə 3-4 dəfə yuyunmaq məsləhətdir.

• Yuyunmaqdan əvvəl əllər sabunla təmiz yuyulmalıdır.

• Yuyunmaq üçün ilıq, axar su, neytral sabun və qurulanmaq üçün təmiz fərdi dəsmal istifadə olunmalıdır.

• Düz bağırsaqdan infeksiyanın düşməməsi üçün qadınlara öndən arxaya doğru yuyunmaq tövsiyə edilir.

• Yalnız xarici tənasül nahiyəsi yuyulur, uşaqlıq yolu öz-özünü təmizləmə qabiliyyətinə malikdir. Əvvəllər uşaqlıq yolunun güclü su axını (şırınqa və ya sprinsovka) ilə yuyulması təcrübəsi geniş tətbiq edilsə də, hazırda bu tövsiyə edilmir.

• Aybaşı zamanı vanna qəbul etmək, hamamda və ya hovuzda çimmək məsləhət görülmür. Lakin ilıq su ilə duş qəbul etmək məsləhətdir.

• Alt paltarı hər gün, aybaşı zamanı isə ehtiyac olduqda daha çox tezliklə dəyişilməlidir.

• Aybaşı zamanı xüsusi bezlərdən və tamponlardan istifadə etmək tövsiyə olunur.

• Tamponlardan istifadə etməyə başlamazdan əvvəl təlimatları diqqətlə oxumaq və nə isə aydın olmadıqda valideynlər və ya mütəxəssislə məsləhətləşmək lazımdır.

• Yadda saxlamaq lazımdır ki, qanlı ifrazat hopmuş bezlər və tamponlar müntəzəm dəyişdirilməlidir, çünki  artıq bir neçə saatdan sonra çirkli tamponlar və bezlər həm  xoşagəlməz spesifik iy mənbəyinə, həm də bakteriyaların aktiv  çoxalma yerinə çevrilir.

• Müxtəlif səbəblərə görə (aybaşı, travma nəticəsində qanaxma, bəzi xəstəliklərin müalicəsi üçün dərmanla hopdurulmuş tamponların istifadəsi) uşaqlıq yoluna yerləşdirilmiş tampon və ya bezlərin vaxtında çıxarılmaması və ya dəyişdirilməməsi hətta güclü infeksiya, sepsis və ölümə də səbəb ola bilər.

• Buna görə bez və  tamponlar gün ərzində ən azı 4-5 dəfə dəyişdirilməlidir və tənasül orqanları  gündə 2-3 dəfə yuyulmalıdır.