VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
İnyeksion Kontraseptivlər – iynələrin istifadəsi çox asandır. Bir iynə qadını 2-3 ay ərzində (növündən asılı olaraq) arzuolunmaz hamiləlikdən qoruyur. İynə tibb işçisi tərəfindən vurulmalıdır. Bu üsuldan müxtəlif yaşda olan qadınlar və həm də döşlə əmizdirən analar istifadə edə bilərlər. İstifadənin bir ilindən sonra çox vaxt aybaşının olmaması müşahidə edilə bilər. Bu, adi hal sayılır. İnyeksiyanın vurulması dayandırıldıqdan sonra qadının hamilə qalmaq qabiliyyətinin bərpa olunması bir neçə ay çəkə bilər. Bu üsul döşlə əmizdirən qadınlar üçün zərərsizdir. İstifadəsinə doğuşdan 6 həftə sonra başlanılır. Yüksək dərəcədə etibarlı və zərərsiz üsul hesab olunur.
Progestin Tərkibli Həblər – körpəsini əmizdirən qadınlarüçün bu həblərdən istifadə etmək ən yaxşı seçimlərdən biridir. İstifadəsinə doğuşdan 6 həftə sonra başlana bilər. Qeyd edək ki, bu həblər südün tərkibinə təsir etmir. Hər gün eyni vaxtda bir həb qəbul edilir.
Sterilizasiya –daha uşaq istəməyən qadınlar və kişilər üçün daimi kontrasepsiya üsuludur. Qadınlarda cərrahi yolla uşaqlıq borularının bağlanmasıdır, buna Qadın Sterilizasiyası deyilir. Kişilərdə cərrahi yolla toxum daşıyıcı axarların bağlanmasıdır, buna Kişi Sterilizasiyası deyilir. Bu kontrasepsiya üsulunda ciddi ağırlaşmalar nadir hallarda müşahidə olunur.
İmplantlar –qadının qol nahiyəsində dəri altına yerləşdirilən bir və ya bir neçə kiçik plastik çöp və ya kapsul şəklində olur. Növündən asılı olaraq hamiləlikdən 3-7 il müddətində qoruyur. Qadın istənilən vaxt implantları çıxartdıra bilər. İstifadəsi zamanı aybaşı dəyişikliklərinə tez-tez təsadüf olunur. Bu kontrasepsiya üsulu da yüksək dərəcədə etibarlı və zərərsiz hesab olunur.
Diafraqma –əsasən nazik yumşaq lateksdən və ya silikondan hazırlanır. Dairəvi formada və müxtəlif ölçüdə olur. Diafraqma uşaqlıq yoluna yerləşdirilir və uşaqlıq boynunu (uşaqlığa girişi) bağlayır. Onların seçilməsində və istifadə edilməsində həkimlə məsləhətləşmək lazımdır. Ginekoloji müayinədən sonra həkim Sizə diafraqmanın optimal uyğun növünün və olçüsünün seçilməsində yardımçı ola bilər. Diafraqma hər dəfə cinsi əlaqədən əvvəl uşaqlıq boynuna keçirilir. İstifadə üçün mütləq ginekoloq müayinəsi tələb olunur. Spermisidlə birlikdə istifadə edildikdə daha etibarlıdır. Ancaq diafraqma üsulu sidik yolu infeksiyalarının yaranmasına şərait yarada bilər.