UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR

Depressiya və fiziki vəziyyətlər

Məlum fiziki vəziyyətlər

Depressiya ciddi və ya ağır fiziki xəstəliklərlə mübarizə aparan insanlarda daha çox yayılmışdır. Fiziki xəstəliyin müalicəsinin üstünlük təşkil edəcəyinə baxmayaraq, depressiyanın müalicəsi ümumi rifahı yaxşılaşdırmaq üçün faydalıdır.

Diaqnoz qoyulmamış fiziki vəziyyətlər

Müxtəlif fiziki vəziyyətlər (xəstəliklər) ilk baxışdan yalançı depressiya kimi görünə bilər. Həkimlər bu xəstəlikləri müşahidə edir və şübhələndikdə onları istisna edirlər.

• Qalxanabənzər vəzin funksiyasının azalması (Hipotireoz)– xəstələrdə tamamilə aşağı əhval ruhiyyə, halsızlıq, hərəkətlərin yavaşıması və yorğunluq müşahidə edilir. Bunu təsdiq və ya istisna etmək üçün müvafiq qan analizlərinin təyin edilməsi kifayətdir.

• Hipofiz vəzinin funksiyasının azalması (Hipopituitarizm) – hipofiz vəzi beynin altında yerləşən insan orqanizminin bütün funksiyalarına mühüm təsirə malik olan kiçik bir vəzdir. Həmin vəz orqanizmin müxtəlif funksiyalarını idarə edən bir çox hormonlar ifraz edir. Bəzən bir və daha çox hormon əskik ola bilər. Bu zaman müvafiq əlamətlər və simptomlar yaranır. Hipofiz vəzinin funksiyasının azalması hallarında aşağıdakılar müşahidə edilə bilər: cinsi istəyin itməsi (libido aşağı düşür), cinsi problemlər, sonsuzluq, bədən çəkisinin nəzarətsiz artması və aşağı əhval ruhiyyə, depressiya və hətta intihar hissi. Qan analizləri hipopituitarizm diaqnozunu qoymağa kömək edə bilər. Hipopituitarizm başın zədələnməsi də daxil olmaqla müxtəlif səbəblərdən yaranır.

• Başın zədələnməsi, o cümlədən yüngül və ya illər əvvəl baş vermiş zədələnmə. Məsələn, araşdırmalar göstərmişdir ki, intihar hissi və ya intihara cəhdlər (depressiya ilə bağlı) əvvəllər başından zədə almış şəxslərdə daha geniş yayılmışdır. Bunun səbəbi dəqiq məlum deyildir. Bununla belə, bir amili yadda saxlamaq lazımdır ki, başın zədələnməsi yuxarıda qeyd edildiyi kimi hipopituitarizm ilə nəticələnə bilər.                                                                                                

• Revmatik polimialgiya (polymyalgia rheumatica) – bu vəziyyət əsasən yaşlı adamlarda rast gəlinir. Tipik əlamətlərə yuxarı ətraflarda, iri əzələlərdə, çiyinlərdə hərəkətsizlik, ağrı, sızıltı hissi daxildir. Depressiya hissi digər əlamətlərin üstünlük təşkil etməsindən əvvəl baş verən ilk əsas əlamətdir.

• Erkən demensiya - bəzən depressiya ilə qarışıq salınır.

• Müəyyən dərmanların, təyin edilmiş və ya qadağan olunmuş vasitələrin  yan təsirləri yalançı depressiyanı yarada bilər. 

Depressiya geniş yayılmışdır, lakin bəziləri bunu qəbul etmir. Bəziləri onlara damğa vurulduğunu və ya digərlərinin onları zəif hesab edəcəklərini düşünür. Vinston Çörçil kimi böyük liderlər depressiyadan əziyyət çəkmişdir. Depressiya həkimlərin mübarizə apardığı ən geniş yayılmış xəstəliklərdən biridir. Depressiyadan əziyyət çəkən insanlara həmişə “özünü ələ al” və ya “bundan canını qurtar” deyirlər. Həqiqət budur ki, onlar bunu bacara bilmir və ətrafdakıların bu cür məsləhətləri faydasızdır.

Əlamətlərinizin depressiya ilə bağlı olduğunu və bunun geniş yayıldığını başa düşməyiniz sizə xəstəliyinizin qəbulunda və yardım üçün müvafiq mütəxəssislərə müraciət etməkdə yardım edə bilər. Bəziləri özlərinə “Mən dəli oluram?” kimi suallar verə bilər. Yadda saxlamaq lazımdır ki, dünyada depressiyası olan insanların sayı çoxdur və onların bir çoxu özlərinə məhz bu cür suallar verir. Lakin hazırda təbabətin inkişaf səviyyəsi depressiyası olan insanların effektiv müalicəsini təmin etməyə imkan verir.

Siz öz əlamətlərinizi dostlarınızdan və qohumlarınızdan “gizlədə”  bilərsiniz. Bununla belə, əgər ailənizlə və dostlarınızla öz hissləriniz barədə açıqsınızsa, bu onlara sizi başa düşməkdə və sizə yardım etməkdə köməklik edə bilər. Həmçinin həkimə müraciət etməkdə ailə üzvləriniz və ya dostlarınız sizə yardımçı ola bilər.