UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR
Depressiya kimdə olur?
Hər il təxminən 100 nəfərdən 5-nin depressiyadan əziyyət çəkdiyini görmək mümkündür. Bəzən bu hal yüngül olur və sadəcə bir neçə həftə davam edir. Lakin, müalicə tələb edəcək qədər çox ağır depressiya hadisəsi təxminən hər 4 qadından 1-də və hər 10 kişidən 1-də həyatlarının müəyyən bir dövründə qeydə alına bilər. Bəzi insanların həyatında müxtəlif vaxtlarda iki və ya daha çox depressiya hadisəsi baş verə bilər.
Bir çox insanların depressiya vəziyyətinə düşdüklərindən xəbəri olur. Lakin bəziləri depressiyada olduqları zaman bundan xəbərsiz olur. Onlar sağlam olmadıqlarını və normal fəaliyyət göstərmədiklərini hiss edə, lakin səbəbini baş düşməyə bilər. Məsələn, bəzi adamlar bədən çəkisini itirdikdə (arıqladıqda)onlarda fiziki xəstəliyin olduğunu düşünürlər.
Depressiyası olan şəxslərdə bir sıra əlamətlər müşahidə edilir və bu əlamətlər diaqnozu dəqiqləşdirməyə kömək edir. Həmin əlamətlərə aşağıdakılar aiddir:
Əsas əlamətlər:
• Davamlı qəmginlik və ya aşağı əhval ruhiyyə. Xəstələrdə tez-tez ağlama müşahidə edilə bilər.
• Hər hansı bir fəaliyyətə, hətta əvvəllər zövq alınan fəaliyyətə qarşı marağın və həvəsin itməsi.
Digər ümumi əlamətlər:
• Əvvəlki yuxu norması ilə müqayisədə narahat yuxu; yatmaq, erkən oyanmaq və ya yenidən yuxuya getməkdə çətinliklər. Depressiyası olan xəstələrdə bəzən həddindən artıq yatmaq da müşahidə edilir.
• İştahada dəyişiklik. Tez-tez iştahasızlıq və bununla bağlı bədən çəkisinin azalması. Bəzən isə əksinə daha çox yemə və bədən çəkisinin artımı qeydə alınır.
• Yorğunluq (halsızlıq) və ya “enerji azlığı”.
• Həyəcan hissi.
• Hərəkətlərin yavaşıması.
• Zəif konsentrasiya və ya qorxaqlıq. Məsələn, oxumaq, işləmək və hətta adi məsələlərin həlli belə xəstələrə çətin görünür.
• Dəyərsizlik və ya yersiz günahkarlıq hissi.
• Vaxtaşırı təkrarlanan ölüm düşüncəsi. Bu, adətən ölüm qorxusu deyil, daha çox ölüm və ölməklə bağlı düşüncələrdir. Bir çox xəstələrdə isə “Həyat yaşamağa dəyməz” və ya “Yatıb yuxudan ayılmamaq belə vecimə deyil” kimi ümidsiz düşüncələr qeydə alınır. Bəzən bu düşüncələr intihar hissinə və hətta intiharın planlaşdırılmasına belə gətirib çıxarır.
Depressiyada olan bir çox insanlar əlamətlərin hər gün daha da pisləşdiyini vurğulayır. Həmçinin, depressiya zamanı baş ağrısı, ürəkdöyünmə, sinədə ağrılar və ümumi ağrılar kimi fiziki əlamətlərin yaranmasına çox tez-tez rast gəlinir. Bəziləri sinə ağrısı kimi fiziki əlamətləri olduqda, ilk olaraq həkimə müraciət edirlər.Onlar bu cür ağrıların ürək xəstəliyi ilə bağlı olmasından narahatlıq keçirir. Depressiya əslində fiziki əlamətlərin olduqca geniş yayılmış səbəbidir. Lakin bunun əksi də düzdür. Yəni, ciddi tibbi problemləri və ya xəstəlikləri olan şəxslər depressiyanın yaranmasına meyillidir.
Kəskin depressiyanın müşahidə olunduğu şəxslərdə qarabasma və ya hallyusinasiya baş verir. Bunlar psixotik əlamətlər adlanır. Qarabasma insanın sahib olduğu yanlış inancdır və insanların çoxu bunun yanlış olduğu ilə razılaşar. Məsələn, xəstə insan digər insanların onu öldürməyə cəhd edə biləcəyini və ya ona qarşı gizli pis niyətlərin olması haqqında düşünə bilər. Qarabasma real olmayan bir şeyi eşitmək, görmək, hiss etmək, qoxulamaq və ya dadmaq deməkdir.
Depressiyanın şiddəti
Depressiyanın şiddəti insandan insana dəyişə bilər və ümumilikdə aşağıdakı növlərə ayrılır:
• Ağır depressiya – yuxarıda sadalanan əlamətlərin əksəriyyəti və ya hamısı xəstədə müşahidə oluna bilər. Eyni zamanda bu əlamətlər gözə çarpacaq dərəcədə xəstənin normal fəaliyyətinə mane olur.
• Orta şiddətli depressiya – depressiya diaqnozu qoymaq üçün lazım olan beşdən daha çox əlamət mövcud olur. Həmçinin, bu əlamətlərə adətən iki əsas əlamət də daxil olur. Habelə əlamətlərin şiddəti və gündəlik həyat fəaliyyətinin pisləşməsi yüngül və şiddətli dərəcəli depressiya arasında olur.
• Yüngül depressiya – depressiya diaqnozunu tələb edən beş əlamət olur. Eyni zamanda, normal gündəlik həyat fəaliyyəti sadəcə yüngül dərəcədə pisləşmiş olur.
• Çox yüngül depressiya – depressiya diqnozu qoymaq üçün beşdən az əlamət olur. Beləliklə, bu depressiya olaraq qruplaşmır. Lakin xəstədə olan əlamətlər cansıxıcıdır və narahatlığa səbəb olur. Bu vəziyyət iki ildən daha çox davam edərsə bu distimiya adlanır.
Depressiyaya nə səbəb olur?
Depressiyanın dəqiq səbəbi məlum deyil. İstənilən şəxsdə depressiya yarana bilər. Bəzi insanlar buna meyillidir və bu bəlli bir səbəbdən yarana bilər. Sizin xüsusi bir probleminiz və ya narahatlığınız olmaya bilər, amma əlamətlər tamamilə gözlənilmədən yarana bilər. Beləliklə, insanları başqalarına nəzərən daha çox depressiyaya meyilli edən bununla bağlı bəzi genetik faktorlar ola bilər. “Genetik” sözü ailədə mövcud olan və ailə daxili ötürülən vəziyyət deməkdir.
Depressiyanın yaranmasına həmçinin şəxsi münasibətlərlə bağlı problem, ağır itki, xəstəlik və s. kimi həyat hadisələri də təkan verə bilər. Bir çox insanda bu ikisinin qarışığı da ola bilər: məsələn, iş stresi kimi bəzi həyat problemləri ilə hətta yüngül dərəcədə aşağı əhval ruhiyyənin birləşməsi depressiyaya səbəb ola bilər.
Qadınlar kişilərdən daha çox depressiyaya meyillidir. Xüsusilə qadınlarda depressiya tez-tez doğuşdan sonra (doğuş sonrası və ya postpartum depressiya) və menopauzadan sonra qeydə alınır.