UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Vaxtından əvvəl nikaha daxil olmağa tələsmə!
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə Azərbaycanda nikaha yalnız 18 yaşdan yuxarı şəxslər daxil ola bilərlər. Yaşı 18-dən az olan uşaq və ya yeniyetmələrin nikaha daxil olması erkən nikah sayılır. Adətən, belə nikahlara problemli ailələrdən olan uşaqlar daha çox üz tuturlar. Əksər hallarda əsas səbəb evdə olan qeyri-normal atmosferdən qaçmağa çalışmaqdır. Bu nikahlar, əlbəttə ki, möhkəm olmur. Bəzən gənclər intim həyata daha tez başlamaq məqsədilə nikaha daxil olurlar, istəklər həyata keçdikdən sonra isə belə nikah artıq “maraqlı” olmur, tez pozulur.
Erkən nikahlar əksər hallarda bu nəticələrə gətirib çıxarır:
- erkən hamiləlik və onunla əlaqədar baş verən abortlar, vaxtından əvvəl doğuşlar, ginekoloji xəstəliklər, sonsuzluqla nəticələnə bilən ağırlaşmalar;
- cinsi yetkinliyə çatmamış valideynlərdən zəif uşaqların doğulması;
- erkən yaşda hələ yeni formalaşmağa başlayan reproduktiv sistemin hormonal pozuntusu;
- erkən yaşda valideyn olmaqla bağlı yaranan sosial, mənəvi-etik problemlər.
Bunlara başlıca səbəb erkən nikaha daxil olan qızların bu yaşda ana olmağa həm fiziki, həm də psixi cəhətdən hazır olmamalarıdır. Hələ də bəzi valideynlərə elə gəlir ki, xüsusən qız övladlarını tez ailə qurmağa məcbur etməklə onlar üçün daha yaxşı həyat səviyyəsi təmin edilmiş olurlar. Yeniyetmə yaşda ailə quran qızlarda baş verən erkən hamiləlik riskli addımdır. Statistika göstərir ki, 16 yaşında olan hamilələrin doğuş zamanı ölüm ehtimalı 20 yaşından yuxarı olanlarla müqayisədə 2 dəfə artıqdır. Erkən hamiləlik 19 yaşa qədər qızların ölümünün ən geniş yayılmış səbəbidir. Erkən nikahlar xüsusən qızlara emosional və fiziki ziyan vura bilər. 15-16 yaşda ailə quran yeniyetmə hələ cinsi həyata, ana olmağa hazır olmur və nəticədə o, ya dünyaya zəif uşaq gətirir, ya da onu itirir.
Sosioloqların fikrincə, erkən nikahlar qızları onların əsas hüquqlarından birindən-təhsil almaqdan məhrum edir. Adətən, südəmər körpələrinin gündəlik tələblərinə uyğunlaşmağa çalışan gənc analar məktəbə getmir və az ödənişli yerlərdə işləyirlər. Bu səbəbdən onların çox vaxt dövlət dəstəyinə ehtiyacları olur.