UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Bu gün mobil telefonlar həyatın bütün sahələrində insanların davranış və düşüncələrinə nəzarət edir. Bəzi insanlar isə telefondan ehtiyacı olduğu üçün deyil, adətkar olduğu üçün istifadə edirlər. Mobil telefonsuz və smartfonsuz qalma artıq psixi pozuntuya, xəstəliyə çevrilib.
Mobil telefondan məhrum qalmaq qorxusu, xüsusilə də sosial şəbəkələrə daxil ola bilməmək təhlükəsi gənclərdə ciddi təlaş, pərişanlıq və təşviş yaradır. Mütəxəssislər ağıllı telefonların əvvəlki telefonlara nisbətən daha çox radiasiya daşıdığı, bunun, əsasən, telefon çaldığında və zəng edərkən qulağa dayama zamanı olduğunu söyləyirlər. Hətta mobil telefondan çox istifadə göz problemləri, miqren, piylənmə, əsəb pozuntusu, beyin-qan dövranı pozuntuları, onurğa problemləri və digər xəstəliklər yarada biləcəyi bildirilir.
Nevropotoloqlar unutqanlıq xəstəliyinin getdikcə artdığını, istifadəsi getdikcə artan ağıllı telefonların da bu artıma səbəb olduğu göstərirlər. Diqqətin azalması, yuxusuzluq, yaddaşın zəifləməsi, duyğu orqanlarının zəifləməsi və zədələnməsi problemi, insanın həyatı və fəaliyyəti üçün lazım olan idraki bacarıqları getdikcə sıradan çıxarır. Mütəxəssislər insanların səhhəti ilə bağlı xüsusilə axşamlar və həftə sonları bu əlaqə vasitələrindən uzaq durmağı, virtual aləmdən həqiqi həyata keçilməsini məsləhət görürlər. Bu asılılığın heç də zərərli vərdişlərə olan asılılıqdan təsiri az deyil. Eyni zamanda zərərli vərdişlər qədər tərgidilməsi də çətin prosesdir, lakin imkansız deyil.