UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Narkotik maddə istifadəsinin orqanizmə təsirinin ümumi nəticələri

Narkotik maddə istifadəsinin orqanizmə təsirinin nəticələrini şərti olaraq 3 qrupa bölmək olar: tibbi, psixi və sosial.

1. Tibbi

Depressiya - sıxıntılı və ya bədbin əhval-ruhiyyə.  Bu  vəziyyət narkotik maddələrdən istifadəyə fasilə verildiyi dövrdə  müşahidə olunur.

Dozanın aşmasıhuşun itməsi, tənəffüsün və ürəyin dayanması ilə özünü göstərir. Bütün bu hallar təcili tibbi təxirəsalınmaz yardım tələb edir (bax əlavə 1).

Abstinensiya sindromu -- (“ lomkalazım olan dozada narkotik maddənin qəbul edilməsi mümkün olmadıqda baş verir. Əvvəlcə ümumi vəziyyət  pisləşir, əhval-ruhiyyə pozulur, sonra  mədə - bağırsaq, ürək- damar sistemində müxtəlif növ ağrılar, nəcisin dəyişməsi, ürəyin fəaliyyətində pozulmalar yaranır. Abstinensiya sindromunun ən ağır simptomlarından biri qıcolmalardır.

Damarların (venalar) iltihabı steril olmayan iynə və şprislərdən və ya əldəqayırma üsullarla hazırlanmış preparatlardan istifadə nəticəsində yaranır. Venaların iltihabı daha təhlükəli ağırlaşma – qanın zəhərlənməsinə səbəb ola bilər.

Qanın zəhərlənməsi (sepsis) - mikrobların qan dövranına daxil olması nəticəsində əmələ gələn bakterial ağırlaşmadır.

Hepatit narkotik vasitə istifadəçiləri arasında geniş yayılmış qaraciyər xəstəliyidir. O, virus və ya toksiki xarakterli ola bilər.

QİÇS (qazanılmış immunçatışmazlıq sindromu) İİV  infeksiyaya yoluxmanın son mərhələsidir, müxtəlif insanlarda 2-15 ildən sonra inkişaf edə bilər. “Lomka“  və narkotik maddəyə qarşısı alınmaz təlabat yarandığı dövrdə xəstənin bütün düşüncə və hərəkətləri narkotik maddənin dozasını istənilən şəraitdə, istənilən şpris və iynə ilə dərhal qəbul  etməyə yönəlmiş olur – İİV infeksiyasına yoluxma təhlükəsi də burdan yaranır. QİÇS üçün xərçəngin bəzi növlərinin inkişafı (limfomalar  və Kapoşi sarkoması), infeksiyaların  (vərəm, kriptokok meningiti) olması səciyyəvidir.

2. Psixi

Asılılıq . Narkotik vasitə istifadəsinin bir  xəstəlik kimi özünəməxsus xüsusiyyətidir. Tədricən narkotik maddə  təkcə həzz almaq  üçün yox, sadəcə özünü rahat, komfort hiss etmək üçün lazım olur (psixi asılılıq).

Qorxular . Narkotik vasitə istifadəçilərinin qorxu keçirmək üçün səbəbləri çoxdur: ifşa olunmaq, həbs olunmaq, öz sağlamlıq vəziyyətinə görə və digər qorxular.

Özünə qəsd. Qorxu, depressiya,”lomka” xəstənin psixikasını zəiflədir, onu ümüdsizliyə aparır. Çıxılmaz  vəziyyət onu özünə qəsd etməyə sürükləyir.

3. Sosial

Ailə qalmaqalları. Narkotik vasitə istifadə edən şəxs  yaxınlarından və tanışlarından bu maddələrə olan meylini gizlətməyə məcbur olur və getdikcə onlardan uzaqlaşır.

Dostların itirilməsi. Narkotik maddələrdən istifadə müddəti artdıqca, ünsiyyət dairəsi bir o qədər daralır.

Oğurluq. Narkotik maddələrdən istifadə müddəti artdıqca maddi tələbat da artır.  Narkotik maddə əldə etmək üçün maddi mənbələr axtarışı oğurluğa gətirib çıxarır.

Həbs. Narkotik vasitə istifadəçilərinin qeyri-qanuni hərəkətlərinin (oğurluq, fahişəlik, dələduzluq və narkotik maddə alveri ) nəticəsində baş verir.

Döyülmə. Narkotik vasitə istifadəçisi  istifadə etdiyi narkotik vasitələrin pulunu ödəmədiyinə görə tez-tez fiziki zorakılığa məruz qalır, həmçinin “narkotik ticarət” zəminində mübahisələrə cəlb olunur.