UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Narkotik preparatlar insanın bütün orqan və sistemlərinə zərərli təsir göstərir, geridönməyən dəyişikliklər törədir. Daxili orqanlara dəyən dağıdıcı zərər gözdən yayınır və müxtəlif ikincili xəstəliklərin, simptomların meydana çıxması ilə təzahür olunur. Narkotik preparatların əksəriyyəti kanserogen kimi təsnif olunur, belə ki, onlar xərçəng xəstəliyi əmələ gətirə bilər. Bütün narkotik maddələr orqanizmə daxil olma yollarından asılı olmayaraq aşağıdakı sistem və orqanları zədələyir:
- sinir sistemini ( o cümlədən baş beyin)
- immun sistemi
- qaraciyəri
- ürəyi
- ağciyərləri
Narkotik maddələrin psixi funksiyalara və davranışa təsiri
İstənilən narkotik vasitə insanda asılılıq yaradır, məhz bu faktor narkotik vasitədən istifadə edən şəxsin psixikasına məhvedici təsir göstərir. İnsanda müxtəlif psixozlar yaranır, onun xasiyyəti dəyişir, zehni qabiliyyəti azalır, mənəvi deqradasiya və bütünlüklə şəxsiyyətin parçalanması müşahidə olunur. Narkotik maddələrdən istifadə şizofreniya kimi ağır xəstəliyə gətirib çıxarır. Narkotik maddələrin əksəriyyəti davranışda dəyişiklik əmələ gətirir: şəxsiyyətin pozulması, depressiya və paranoyya, xasiyyətin tam dəyişməsi, şizofreniya kimi xəstəliyin residivləri. Narkotik maddələrin təsiri altında insan öz əməllərinə qarşı cavabdehlik daşımır, borcunu yerinə yetirmir, maraqlarını müdafiə etmir. Narkotik preparatların hamısı insanın sinir sistemini zəiflədərək zədələyir. Narkotik vasitə istifadə edən şəxslərin bəziləri depressiya halına düşür, hansı ki, onu özünə qəsd etməyə sürükləyir. Digərlərində isə son dərəcədə aqressivlik cinayətkarlığa gətirib çıxarır. Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır
Narkotik maddələrin beyinə təsiri
Narkotik maddələrin beyinə təsiri insult, yaddaş problemləri, qıcolmalar, hallüsinasiyalar, aqressiya və sinir pozulmaları şəklində özünü göstərə bilər.
Narkotik maddələrin immun sistemə təsiri
Narkotik maddələrdən sui-istifadə immun sistemin zəifləməsinə, tez-tez pnevmoniyanın inkişaf etməsinə, İİV-ə yoluxma riskin artmasına gətirir.
Narkotik maddələrin ürək-damar sisteminə təsiri
Narkotik maddələrin dağıdıcı təsiri ən çox ürək-damar sistemində özünü göstərir. Tiryək törəmələrinin istifadəsi zamanı ürək-damar sisteminin fəaliyyətini tənzimləyən mərkəzlər sıradan çıxır. Nəticə olaraq narkotik vasitə istifadəçisində arterial təzyiq aşağı enir, nəbz zəifləməyə başlayır. Orqanizmə kifayət qədər oksigen daxil olmadığı səbəbindən insanda hipoksiya vəziyyəti, ürək əzələsində metabolik proseslərin pozulması və distrofiya yaranır. Ürək fəaliyyəti zəifləyir və orqanizmi kifayət qədər oksigenlə təmin edə bilmir.
Stimuləedici qrupdan olan amfetamin, efedrin, ekstazi, kokain kimi narkotik maddələr təsir mexanizminə görə fərqlənir, lakin nəticə etibarı ilə oxşardırlar. Stimulyatorların qəbulundan sonra nəbz sürətlənir və arterial təzyiq yüksəlir. Səthi damarlarda spazm yaranır və termotənzimləmə proseslər pozulur. Bu bədən hərarətinin yüksəlməsinə və ürək-damar sisteminin yükünün artmasına səbəb olur. Ürək-damar sisteminin həddindən artıq yüklənməsi aritmiyaların, infarkt və insultların əmələ gəlməsinə gətirib çıxarır.
Narkotik vasitənin istifadəsi narkotik maddənin növündən asılı olmayaraq, istifadəçinin ürəyin zəifləməsinə səbəb olur. Bu real təhlükə ürəyin qəflətən dayanması ilə nəticələnə bilər. Əgər narkotik vasitə istifadəçisi yüksək dozanın qəbulu və ya pnevmoniyadan ölmürsə, 3-4 ildən sonra onun ürəyi 80 yaşlı qocanın ürəyinə çevrilir, nəticədə ürək çatışmazlığı yaranır.
Narkotik və toksik maddələrin ağciyərlərə təsiri.
Narkotik vasitə istifadəçisinin ağciyərlərində bəlğəm, selik, tüstü komponentləri, tozlar toplanır. Onlarda “tütün çəkənlərin xroniki bronxiti” sürətlə inkişaf edir. Bundan əlavə yüksək ağciyər xərçəngi riski yaranır.
Çox vaxt toksik vasitə istifadəçiləri tərkibində çox miqdarda qurğuşun olan mətbəə boyasi ilə işlənmiş kağızlardan istifadə edirlər ki, bu da orqanizmin zəhərlənməsinə gətirib çıxarır.
Heroin və morfin baş beyindəki tənəffüs və öskürək mərkəzlərini yatırdır və bu öskürək refleksinin pozulmasına səbəb olur. Hətta soyuqdəymə olduqda belə öskürək yaranmır, bu müxtəlif ağciyər infeksiyalarına, ilk növbədə pnevmoniyalara səbəb olur. Tənəffüs prosesinin pozulması həmçinin bütün orqanlarda oksigen aclığına gətirib çıxarır. Hipoksiyanın dağıdıcı təsiri ən çox baş beyin və ürəyin fəaliyyətində özünü göstərir.
Tiryək törəmələrinin (bax əlavə 1) həddindən artıq dozada qəbulu tənəffüs mərkəzinin iflicinə, tənəffüsün dayanması nəticəsində ölümə səbəb olur.
Narkotik maddələrin həzm sisteminə təsiri
Narkotik maddə istifadə edənlərdə dad və qoxu hissiyyatı zəifləyir. İştaha azalır. Fermentlərin, ödün və mədə- bağırsaq şirəsinin ifrazı azalır. Qida tam həzm oluna və sorula bilmir.
Narkotik vasitə istifadəçilərində tamamilə zəifləməyə qədər çəki azalır, dərinin rəngi və qoxusu dəyişir. Bağırsaqların motor funksiyası pozulur, bu da qarında spazmaların əmələ gəlməsinə və ya xroniki qəbzliyə gətirib çıxarır.
Narkotik maddələrin sümük və dayaq-hərəkət sisteminə təsiri
Narkotik maddələrin 3-4 il müntəzəm istifadəsi zamanı ilk növbədə dişlər zədələnir və minası tamamilə sıradan çıxır. Narkotik maddərin dağıdıcı təsiri oynaqların kəskin deformasiyası ilə müşayiət olunur. Əzələlərin tonusu azalır və atrofiyası yaranır . Dayaq-hərəkət aparatında olan dəyəşikliklərdən əlavə narkotik vasitə istifadəçiləri əzələlərdə, sümüklərdə üzücü, əzabverici, bədənin müxtəlif nahiyələrinə yayılmış ağrılar və yanma hissi duyur. Sümüklər nazikləşir və yeniyetmələrdə onların uzununa inkişafı dayanır.
Narkotik maddələrin böyrəklərə təsiri
Böyrəklərin ifrazat funksiyası zəifləyir. Üzdə və ayaqlarda ödemin əmələ gəlməsi səciyyəvi əlamətdir, daxili orqan və toxumalarda çoxlu miqdarda şlaklar toplanır, böyrəklər yüklənir, bu da böyrək çatışmazlığı ilə nəticələnir.
Narkotik maddələrin qaraciyərə təsiri
Psixotrop maddələrdən sui-istifadə qaraciyərin ağır zədələnməsinə gətirib çıxarır, bu da öz növbəsində orqanizmdə bütün funksiyaların pozulmasına səbəb olur.
Narkotik vasitə istifadəçiləri arasinda hepatit virusları kifayət qədər yayılmışdır. Vena daxili narkotik maddələrdən istifadə B və C hepatitlərinə yoluxma riskini artırır (şprislərdən istifadə edərkən gigiyena qaydalarına riayət etməmək səbəbindən).
Narkotik maddələrin qaraciyərə toksiki təsiri nəticəsində toksiki hepatitlər inkişaf edir, bu da hepatositlərin struktur dəyişikliyi və funksiyasının pozulması ilə nəticələnir. Bu isə öz növbəsində nekroza gətirib çıxarır. Narkotik vasitə istifadəçilərinin bir qismində qaraciyərin böyüməsi, həmin nahiyədə ağrı, zərdab aminotransferazalarının miqdarının artması, hipoproteinemiya aşkar olunur. Həmçinin qeyd etmək lazımdır ki, hallüsinogen göbələklərdə qaraciyərə zərər verən küllü miqdarda maddələr var, kokain və ekstazi isə kəskin qaraciyər çatışmazlığı törədə bilər.
Narkotik maddələrin hormonlara təsiri
Narkotik maddələrin əksəriyyəti hormonların istehsal olunmasına təsir göstərir. Hormonların ifraz olunması dəyişib qeyri-normal və qəribə gedişə malik olur. Qızlarda səsin kobudlaşması, üzdə tüklənmə, amenoreya, süd vəzinin kiçilməsi və keçəlləşmə əmələ gələ bilər. Oğlanlarda döşün böyüməsi, xayaların kiçilməsi, impotensiya və anomal spermatozoidlər əmələ gəlir, nəticədə gənclər sağlam nəsil artırmaq qabiliyyətinə malik olmurlar.
Narkotik maddələrin hamiləliyə təsiri
Psixotrop maddələrdən sui-istifadə düşüklərin və inkişaf qüsurlarının əmələ gəlməsi riskini artırır. Vaxtından əvvəl doğuşlar baş verə bilər. Əgər gələcək ana hamiləlik dövründə də narkotik maddə qəbulunu dayandırmazsa, onda doğulan uşağın narkotik vasitə istifadəçisi olması üçün şərait yaranar. Narkotik vasitə istifadə edən anadan doğulmuş uşaqda həyatının ilk saatlarından etibarən abstinent sindromu əlamətləri görünür. Doğulduqdan sonra körpə orqanizm anadan aldığı narkotik maddədən məhrum olduğu üçün böyüklərin abstinensiya vəziyyətinə xas olan - qıcolmalar, ağlağanlıq və s. əlamətlərlə reaksiya verir. Hətta bu hal baş verməsə belə, həmin insanın narkotik vasitə istifadəçisi olmaq riski bütün ömür boyu saxlanılır. Narkotik vasitə istifadə edən valideynlərin uşaqları çox vaxt yeniyetmə dövründə narkotik vasitəyə aludə olurlar. Valideynlər narkotik vasitəni davamlı istifadə etməsələr belə, bu onların gələcək övladlarının sağlamlığında öz əksini tapır. Uşaqlar fiziki eybəcərliklər və ya psixi pozuntularla doğula bilər, onlarda kəskin şəkildə təzahür edən ağıl zəifliyinə qədər psixi inkişafdan qalma müşahidə oluna bilər, belə yenidoğulmuşlar çox vaxt yaşamaq qabiliyyətinə malik olmurlar.