UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Tütünsüz yaşayın!

Heç vaxt, hec bir halda siqaret çəkməyə başlamayın!

Özünüzü, yaxın və doğmalarınızı öldürücü tütün tüstüsündən xilas edin!

Unutmayın! Siqaret çəkmək sağlamlıq üçün təhlükəlidir!

Tütün çəkmə...

...ΧΧ əsirdə 100 milyon insanın ölümünə səbəb olmuşdur

...ΧΧI əsirdə bir milyard insanın ölümü ilə nəticələnə bilər

Çoxları bilir ki, siqaret çəkmək zərərlidir, lakin az adamlar bunun təhlükələri barədə tam məlumatlıdır.

Siqaret çəkmək ölümlə nəticələnən üç əsas xəstəliyin inkişafına səbəb olur: ağ ciyər xərçəngi-90% hallarda; xroniki bronxit, emfizema-75% hallarda; ürəyin işemiyası-25% hallarda.

Müntəzəm şəkildə siqaret çəkən insanların təxminən 25%-i bu səbəbdən vaxtından tez həyatla vidalaşmalı olur. Əksər siqaret çəkən insanların həyatı 10, 20 və ya 30 ilədək qısalır.

Heç nə narahat etmədiyinə görə, müəyyən dövrədək bir çox siqaret çəkənlər düşünür ki, tütün çəkmək sağlamlığa təsir etmir. Lakin, zaman ötdükcə bu yanlış fikir dağılır və tütünçəkmənin nəticəsi olaraq problemli və xəstəliklərlə yaşanan günlər gəlir. O zaman ilk yandırılmış siqaret xatırlanır və bu səmərəsiz məşğuliyyətdən vaxtında imtina etməməyə görə peşmançılıq hissi keçirilir.

Həqiqətən, siqaretçəkmə sağlamlığa hər gün zərər gətirir və hər çəkilmiş siqaret ilə sağlamlığa güclü zərbə vurulur. Bu zərər isə müxtəlif səbəblərdən nəzərimizdən qaçır. Bir tərəfdən, siqaret çəkən buna xüsusi diqqət yetirmir, diger tərəfdən isə o, siqaretçəkmənin sağlamlığa vurduğu zərbələr barədə düşünmək istəmir.

Yanan siqaret 4 mindən çox müxtəlif birləşmə, o cümlədən, 40-dan çox kanserogen (xərçəng xəstəliyi yaradan) maddə istehsal edir. Ilk dövrlərdə siqaretçəkmə sağlamlığa öz təsirini büruzə vermir, lakin 5, 10, 20 ildən sonra bunu hiss etmək mümkün olur.

Siqaret çəkənlərdə tez-tez təngnəfəslik yaranır, çünki onlarda ilk növbədə ağ ciyərlər zədələnir. Tütün çəkənlər ildən ilə özlərini halsız və daha yorğun hiss edirlər və tez-tez soyuqdəyməyə məruz qalırlar. Əksər insanlar bunu ekologiya, immunitet və diger faktorlarla əlaqələndirir, lakin əsas səbəblərdən biri siqaretçəkmədir. Unutmayin ki, 90% hallarda ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı tütündür.

Siqaret çəkən insanda ürək-damar xəstəliklərinin inkişafı ehtimalı yüksəlir. Uzun illər tütün çəkmək qan damarlarında daralmalara getirib çıxarır və bu da onların zədələnməsi ilə nəticələnir. Bu isə son nəticədə aterosklerozun əmələ gəlməsini tezləşdirir, ürəkdə infarkt, beyində isə insulta səbəb olur.

Adətən, damarların daralması və qan dövranın ləngiməsi səbəbindən 30-40 yaşlı kişilərdə cinsi zəiflik və impotensiyanın inkişafı riski yaranır.

Siqaretçəkmə həzm sisteminə birbaşa təsir edir, çünki tütün tüstüsündə olan nikotin, qətran və digər zəhərli maddələr ağız suyu ilə qarışaraq mədəyə düşür. Siqaret çəkənlərin çoxu qastrit və ya mədə xorasından əziyyət çəkir. Aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçənginin və xroniki xəstəliklərinin yaranması ehtimalı yüksəkdir.

Sizcə, siqareti tərgitmək üçün onun ağır bir fəsadını gözləməkmi lazımdır?!

Bu fəsadların çoxunun da öldürücü olduğunu nəzərə alsaq, siqareti tərgitmək üçün bundan ciddi səbəb ola bilərmi?!

Siqaret çəkməkdən imtina etmək müəyyən prosesdir və insanın siqaret çəkməyə qarşı münasibətinin dəyişməsindən başlayır.

Özünüz seçdiyiniz gün və saatda siqaret çəkməkdən imtina edin. Unutmayın ki, Sizin seçiminiz var. Lakin hər dəfə siqaret çəkmək istədikdə düzgün qərar verin.

Siqaret çəkənlərin əksəriyyəti dəfələrlə say göstərdikdən sonra bu təhlükəli vərdişdən imtina edə bilir.

Siqaret çəkməkdən imtina etmək çətin olsa da, Siz bunu bacararsınız!